28 
Yan
2019
11:27
70
19
3216
Virtual karabakh

Ramiz Həsənoğlu: Yenə Sabah olacaq

28 Yan, 2019
11:27
3216

Ramiz Həsənoğlu: Yenə Sabah olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verildiyi kimi, tanınmış rejissor, Xalq artisti Ramiz Həsənoğlu bu günlərdə  “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru təyin edilib.

Qeyd edək ki, uzun illərdir AzTV-də çalışan R.Həsənoğlu bir müddət öncə saytımıza geniş müsahibəsində vaxtilə quruluş verdiyi “Fatehlərin divanı”nın yarımçıq qaldığını və onun gələcəkdə imkan olacağı təqdirdə, davamını çəkmək niyyətində olduğunu bildirmişdi.

O, müsahibəsində “Fikrimiz vardı ki, “Fatehlərin divanı”nı təxminən 40 seriya edək. Yəni onun davamı olmalı idi.

“Orada Şah İsmayıl Xətainin Sultan Səlim Yavuzla qarşıdurması, ondan əvvəl Uzun Həsənlə bağlı baş verənlər öz əksini tapmalı idi, sonra üzü bu yanlara, yəni türk dünyası və türk dünyasının içində Azərbaycan tarixi, Azərbaycan dövlətçiliyi ilə bağlı məqamları əks etdirməli idik, ta ki Mircəfər Bağırovacan məhkəmələrini göstərməli idik.

Bilirsiniz, Elçinin o dövrə aid gözəl əsərləri var. Anarın, Mövludun, başqa yazıçılarımızın o dövrlərlə bağlı gözəl əsərləri ortadadır. Yəni biz çox çalışırdıq ki, bunu bu şəkildə - məhkəmələr şəklində edək. Möhtəşəm bir iş alınmalı idi.

Amma səd heyf, səd heyf. Hər zaman istərdim ki, o mövzuya qayıdaq, mənimlə çalışan adamlar bu mövzuya bir də qayıtsınlar. Belə deyək, ümidimi itirmirəm”, - deyə fikirlərini tamamlamışdı.

Bəs görəsən, yeni təyinatdan sonra tanınmış sənətkar həmin ideyasını gerçəkləşdirəcəkmi?

Bununla bağlı Oxu.Az-a açıqlamasında R.Həsənoğlu hələlik bu barədə geniş danışmağa ehtiyac görmədiyini bildirib.

“Hələlik dəqiqləşdirmələr aparıram. Yəni nələri qabağa salmaq olar, nələri sonraya saxlamaq mümkündür, bu barədə götür-qoy edirəm. Ona görə bu barədə geniş danışmaq istəmirəm, çox tezdir. Zamanı çatanda hər şey məlum olacaq”, - deyə tanınmış sənətkar əlavə edib.

R.Həsənoğlu yeni təyinatı ilə bağlı öz “Facebook” səhifəsində isə bunu qeyd edib:

“Yenə Sabah olacaq!”

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri