18 
İyl
2014
11:05
30
17
1053
Virtual karabakh

Azərbaycanlı məşhurlar 48-ci Montrö Caz Festivalında – FOTO

18 İyl, 2014
11:05
1053

Azərbaycanlı məşhurlar 48-ci Montrö Caz Festivalında – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

5000 tamaşaçı “Azərbaycan” dedi.

İsveçrədə keçirilən 48-ci Montrö Caz Festivalında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı və dəstəyi ilə bu möhtəşəm musiqi bayramının bütün rəsmi proqramlarına daxil edilən Azərbaycan incəsənət ustalarının konsertləri keçirilir.

Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, iyulun 16-nı festivalın Azərbaycan günü kimi də adlandırmaq olar. Həmin gün incəsənət ustalarımız gözəl çıxışları ilə tarix yazdılar. İlk çıxış Əməkdar Artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq ritm” qrupunun ustad dərsi ilə başlandı. Azərbaycan nağarasının tarixindən söhbət açan N.Şirinov daha sonra maraqlı ifa üslubu ilə tamaşaçıların gurultulu alqışlarını qazandı. Azərbaycan nağarasında öz ritmlərimizlə yanaşı, müxtəlif xalqlara məxsus ritmləri də ifa edən N.Şirinov tamaşaçıları yaxşı mənada təəccübləndirdi.

Montrö Caz Festivalının 48 illik tarixində ilk dəfə çıxış edən, dünya fank musiqisinin canlı əfsanəsi, ən yaxşı alt saksofon ifaçılarından sayılan Meseo Parkerin gəlişi əsl bayram əhval-ruhiyyəsi yaratdı. Uzun illər ərzində festivalın bütün dəvətlərini cavabsız qoyan ulduz məhz Azərbaycanın və SOCAR-ın dəvətini məmnuniyyətlə qəbul etdi. Dünya şöhrətli musiqiçi ölkəmizin ən tanınmış və uzunömürlü qruplarından olan, Əməkdar Artist Rəşad Haşımovun rəhbərlik etdiyi “Rast” ilə bir səhnəni bölüşdü.

Buna görə festivalın təşkilatçıları səhnədə ARDNŞ və Azərbaycana ayrıca təşəkkürlərini bildirdilər. Ceyms Braundan tutmuş Corc Klintona qədər dünyanın demək olar ki, bütün fank əfsanələri ilə işləyən Meseo “Rast” ilə birlikdə Cahangir Cahangirovun “Bana-bana gəl”, Rey Çarlzın “Hit the road jack” və braziliyalı gitaraçı Jorji Ben Joromun məşhur “Mas que nada” mahnılarını ifa etdilər.

Azərbaycanı, “Rast” qrupunu və milli musiqi alətimiz olan balabanı xüsusi sevgi ilə təqdim edən M.Parkerin qrupumuz ilə çox maraqlı ifaları oldu. Balabanın səsinə vurulan M.Parker konsertin sonunda öz orkestri ilə birgə Coşqun Sadıqovun ifasında onun yenidən səslənməsini xahiş etdi. Təşkilatçıların bildirdiyinə görə, festivalın tarixində açıq havada rekord sayda tamaşaçı yığan konsert məhz Meseo Parker və “Rast” qrupunun konserti oldu.

Günün sonuncu və sözün əsl mənasında möhtəşəm sayılacaq konsertlərindən biri isə “Natiq ritm” qrupunun çıxışı idi. Qısa müddətdən sonra tamaşaçıları ələ alan Natiq Şirinov onlara Azərbaycan dili dərsi keçdi. Özünün “Ritm varsa, həyat var” kəlmələrini təkrarlatdıran Natiq və qrupu virtuoz ifası ilə 5 min tamaşaçını öz ritmləri ilə idarə edirdi. Konsertin tempi yüksələn xətlə davam edir, tamaşaçılar fasiləsiz olaraq qrupumuzu alqışlayır və onların səsləndirdiyi hər yeni ritmi və xırdalıqları müsbət emosiyalarla qarşılayırdılar.

Ritmik nömrələrin birinin ifası zamanı heç kimin gözləmədiyi halda Meseo Parker səhnəyə daxil olaraq Natiqə yaxınlaşıb rəqs etməyə başladı. Hadisəni düzgün qiymətləndirən Natiq ifa etdiyi nağaranı M.Parkerə verdi və onu öz yerinə dəvət etdi. Şounun ən maraqlı hissəsinə start verildi. Natiq Şirinovun və qrupunun möhtəşəm müşayiəti nəticəsində dünya fank musiqisinin canlı əfsanəsi Azərbaycan nağarasında ifa etməyə başladı.

Çıxış başa çatdıqdan sonra qrup dahi Müslüm Maqomayevin “Azərbaycan” mahnısının ifa etdi. İnstrumental ifa edilən mahnının nəzərdə tutulmuş yerlərində qrup üzvləri “Azərbaycan” ifadəsini birgə oxuyurdular. Amma onlar bunu təkbaşına etmirdilər. N.Şirinovun çağırışı ilə 5000 tamaşaçı onlarla birlikdə “Azərbaycan” oxudu, “Azərbaycan” dedi.

Yalnız əcnəbi ulduzların konsertlərində gördüyümüz bu görüntülər bizləri sevindirməyə bilməz. Həqiqətən də bu məqamda qürur hissi keçirməmək mümkün deyil. Konsertin sonunda isə xalq mahnımız “Sarı gəlin” səsləndi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri