26 
Avq
2014
17:15
59
28
13004
Virtual karabakh

Rza Rzayev: Nitsşenin adını ilk dəfə lotu Cavanşirdən eşitmişəm

26 Avq, 2014
17:15
13004

Rza Rzayev: Nitsşenin adını ilk dəfə lotu Cavanşirdən eşitmişəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

““Qanuni oğru” olmaq istəmişəm”.

"Dolu"nun "Drakon"u: "Nurəddin Mehdixanlı məni yanıltdı, dəhşətə gətirdi, "Cavad xan"dan getdim" 

Onu geniş tamaşaçı auditoriyasına ciddi aktyor kimi “Dolu” filmindəki “Drakon” obrazı tanıtdı. O isə “Drakon”u Aqil Abbas və Elxan Cəfərovun işi hesab eləyir. Və deyir ki, hələ öz sözünü deməyib. Əslinə qalsa məncə düz deyir. Çünki iddiaları böyükdür. İstəyir ki, sənətində gerçək “Drakon” olsun. Mənə onu bir cümlə ilə təqdim elə desələr, deyərdim ki, böyük sənətin qapısında cəsarətlə dayanan qərib adamdı o. Amma o qapıdan girəndən sonra hansı işlər görəcək... bunu demək indilik çətindir.  Bir neçə il gözləmək lazımdır.

Nə isə, çox uzatmayım, müsahibim Naxçıvan MR-in Bakıdakı nümayəndəliyinin məsləhətçisi, kinoaktyor Rza Rzayevdir...  
 
- Həyat necədir?
 
- Hər şey olduğu kimidir. Səhər işə, sonra ofisə. Sonra tək qalmaq, gələcək haqqında düşünmək. Son günlərim oxuduğum ,amma yadımda qalmayan kitablara bənzəyir, gün bitir, həmin gündən yadımda heç nə qalmır, həyatima heç nə yazilmir.
 
- Sizi bir filmlə tanıdıq.  Ondan əlavə işinizin varmı?
 
- Yeddi ildir Naxçıvanın Bakıdakı nümayəndəliyində məsləhətçi kimi çalışıram.  Bu birbaşa ixtisasımdır. Mən Dövlət İdarəçilik Akademiyasını bitirmişəm axı. Nümayəndəlikdə üzərimə düşən işləri görüb bitirəndən sonra özümlə məşğul oluram. 
 
-  Bəs çəkiliş meydançalarına necə gəlib çıxmısınız? Bir tarixçəsi olmamış deyil?
 
-  Mən filmə çəkilmək, rol oynamaq haqda heç düşünməmişəm. Ağlıma da gəlməyib. Amma tədbirlərdə filanda, tanınan aktyorlar, rejissorlar məni görəndə həmişə deyiblər ki, sən yaxşı aktyor da ola bilərsən. Fərqli yerlərdə fərqli adamlar deyib bunu mənə. Mənə rol təklif ediblər.
 
- Görünür obraza yaxşı girə bilirsiniz? Açığını deyim indi də mənə elə gəlir ki, hansısa obrazdasınız. Yəni qarşımda hələ Rza Rzayevi görə bilmirəm...
 
- (Gülür)  Oynamaq mənlik deyil. Vallah heç vaxt obraza girmirəm.  Mənim özüm üçün yaratdığım obraz var idi 35 yaşa qədər. 35 yaşda o obraz dağıldı getdi.
 
- Kim idiniz ki o yaşa qədər? Və o nə obraz idi elə?
 
- Nə bilim, hər nə idisə bir anının içində dağıldı getdi.
 
(Açığı hərdən mənə elə gəlirdi ki, qəti cavab ala bilməyəcəm bu adamdan. O üzdən yenə təkrarladım sualımı-J.M)
 
- Axı nə obraz idi o?
 
- Daha çox fanat, idealist idim. Əgər fikir vermisinizsə, bir damcı mürəkkəb bir stəkan suyun rəngini dəyişə bilir. Təxminən elə bir şey oldu mənimki. Hər şeyə baxışım dəyişdi. Mənim üçün müəyyən olunmuş pislər və yaxşılar vardı.  35 yaşdan sonra mən anladım ki, bəzən pis dediyimiz, yaşayacağımızı ağlımıza gətirmədiyimiz şeyləri həyatda özümüz də yaşaya bilərik. Ona qədər mən belə düşünmürdüm. Elə bilirdim istəməsəm pis heç nə ola bilməz.
 
- Yaxşı və pis nədir ki, sizin anlamınızda?
 
- Mən insanları təhlil edib bu yaxşı, bu pisdir deməmişəm heç vaxt. Mən öz etdiklərim arasında yaxşı və pisləri seçməyə çalışıram həmişə. Və bəzən də elə olub ki, həyatda istəmədiklərimi yaşamışam.
 
- Bəlkə o istəməyib yaşadıqlarınızdan danışaq bir az?
 
- Bilirsiniz bir dönəm var idi ki, mən elə bilirdim insan qurub, yaradandı. Sonra gördüm ki, yox, hər şey sadəcə mənim uydurduqlarım və düşündüklərimdir. Əslində insan mənim yaradıb, uydurdugum deyil.
 
- Bəs nədir, kimdir insan?
 
- Mən 35 yaşıma qədər Allahın yaratdığı insanları tanıya bilmədim.
 
- Mən bilən 35 yaşı ötmüsüz atrıq...
 
-  Ümumiyyətlə, kompleksli insanam. Amma insanlarda standart şeylər qıcıqlandırmır məni. Yəni insanları tanıya bilmədim deyirəmsə, bu o anlama gəlməsin ki, onlar mənə xəyanət elədi, satqınlıq, riyakarlıq, ya da şəxsi planda nəsə bir uğursuzluq oldu. Yox, bunların heç biri deyildi. Bəzən biz əzizini itirmək dəyişir hər şey.
 
- Siz kimi, ya da kimləri itirdiniz ki?
 
- Çox itkilər oldu, yaxın dostlardan da, həyatının ən şirin anlarını yaşadığımız insanlardan da itirdiklərim oldu. Bir də atamı itirdim. Bu giley deyil,  əslində həyat budur. Bəlkə də mən 35 yaşına kimi yaşadığım yaxşı anların, yaxşı şeylərin bədəlini ödədim sonra. Bilirsinizmi, insanlarda qəribə bir keyfiyyət var. Səni olmaq istəmədiyin tərəfə yönəltmək istəyirlər. Qəribədir ki, məni həmişə yüksək vəzifədə, lap nazir postunda da görmək istəyənlər vardı. Amma bu adamların istəyi idi, Tanrının yox. Mən həmişə o şeylərdən qaçırdım.
95-ci illərin əvvəllər idi. Məni həm fiziki göstəricilərimə, həm də  xarakterimə  görə  prezidentə mühafizəçi kimi işə götürmək istəyirdilər. Düşündüm ki, məsuliyyəti çoxdur, ağır işdir. Kimsə belə bir işdən imtina eləməzdi. Amma  mən düşündüm ki, fiziki gücü və daha texnikalı idmançılar var, onu qoruya bilmərəm birdən. Mən onu qoruya bilməyəcəyimdən qorxdum...
 
- O  olmaq istəmirdim, bu olmaq istəmirdim dediniz bir neçə dəfə. Bəs əslində kim olmaq istəmisiniz?
 
- Gəlin lap düzünü deyim sizə. “Qanuni oğru” olmaq istəmişəm.
 
- Niyə?
 
- Onlar mənim kumirim idi. Yenə niyə deyəcəksiz. Qoyun siz deməmiş mən deyim. Mənə elə gəlir ki, onlar daha çox ədalət axtaran adamlardır. O vaxt elə düşünürdüm ki, “qanuni oğru”nun yaxşısı ədalətli polisdən də yaxşıdır.
 
- Yəqin “qanuni oğru” olmağa cəhd də eləmisiniz?
 
- Cəhd deyə bilmərəm. Amma özümdə o obrazı yaratmaq istəyirdim. Elə bilirdim ki, istəsəm, “qanuni oğru” da ola bilərəm. Sonra gördüm yox. Onları həyatları öz istəklərindən asılı olmayaraq elə yönəlib. Yəni  nə zamansa bir yola çıxıblar və  geri dönüşləri olmayıb. Mən Bakıya gələndə Dağlı məhləsində qalmışam. Orda Cavanşirə, Bəxtiyara rəğbəti hiss eləyəndə möcüzə kimi gəlirdi bu mənə. Onların özündən, yaxınlarından elə söhbətlər eşidirdim ki, ömrümdə heç kimdən eşitməmişdim  o yanaşmaları.  Məsələn Nitsşeni ilk dəfə lotu Cavanşirdən eşitmişəm. Sonra oxumuşam. Bəxtiyarın qəribə üslubda qəzəl deməsi vardı. Adama xoş gəlirdi. 20 yaşında idim onda.
 
- Yəqin davalara da gedirdiniz?
 
- Hə, mənə elə gəlirdi ki, bütün “qanuni oğrular” daha çox adam vuran, adam döyəndilər. Sadəlövh yanaşma idi. Sonra gördüm ki, o adamların gücü ədalətli olmağa çalışmalarındadır.
 
- Bəs sonra kim olmaq istədiniz?
 
- Hüquq mühafizə orqanlarında çalışmaq üçün də cəhdim olub. Təcrübəyə  göndərilmişdim özünü təsdiq üçün. Tanınmış adamlardan birinin övladı ilə çalışırdım. İndi həyatda yoxdu, adını o üzdən demirəm. Amma gördüm yox, elə şeylər baş verir ki, mən dözə də, göz yuma da bilmirəm. Sadəcə ikrah hissi yaratdı məndə uzaqlaşdım.
 
- Oğru dünyasının adamları ilə maraqlanmaq, idmanla məşğul olmaq, İdarəçilik Akademiyasını bitirmək, polisdə hazırlıq kursu keçmək, filmlərə çəkilmək, Naxçıvan MR-in Bakıdakı nümayəndəliyində fəaliyyət göstərmək. Sizə elə gəlmirmi ki, çox qarışıqsız?
 
- 1997-ci ildə rejissor Rövşən Almuradlı “Bəsdir ağlama” filmini çəkməyə hazırlaşırdı. Həmin ərəfədə onunla tanış olduq. Məni inandırdı ki, yaxşı aktyoram. Onda mənə gülməli gəlmişdi. Aktyorluğa klounluq eləmək kimi baxırdım açığı. Amma o əksinə, inandırdı məni. Mən həmin filmdə çəkildim. Məni kinoya o gətirdi. Amma bu gün onunla bütün münasibətlər qırılıb.
 
- Səbəb nə oldu ki?
 
- “Cavad xan” filminə qədər hər şey yaxşı idi. Orda bütün münasibətlər qırıldı. İndi səhhətində  problemlər yaşayır. O üzdən danışmaq istəmirəm. Amma deyim ki, onu artıq nə insan, nə də rejissor kimi qəbul eləmirəm.
 
- Yaxşı onda deyin görək o filmin çəkilişlərində nə baş verdi?
 
- O filmə qədər Rövşən Almuradlı ilə bizim 10 illik münasibətimiz vardı. Mənimçün başqa insan idi o. Kinoya məni gətirən adamdı həm də.  Amma o filmin çəkilişlərinə hazırlıq mərhələsində hər şey bitdi. Mən onun kim olmasını həmin filmdə gördüm. Daha dəqiq desəm, onun 10 ildə görmədiyim tərəflərini gördüm. Və bu sadəcə onun insanlığına bağlı olan bir məsələ idi. Bir də söhbət təkcə ondan getmir. Ekranlarda görüb, tanıyıb, sevdiyim bir çoxları vardı orda. Onlar da məni yanıltdı, dəhşətə gətirdi.
 
-  Məsələn kim?
 
- Nurəddin Mehdixanlı.
 
- Onda neçə yaşınız vardı?
 
- 34
 
- Sizi 35-də dəyişdirən səbəblər yavaş-yavaş ortaya çıxır deyəsən...
 
- Bu barədə heç danışmamışdım. Amma doğru deyirsiniz. Orda baş verənlər də insanlara, həyata baxışımı xeyli dəyişdi.
 
- Hansı rolu oynayırdınız o filmdə?
 
- Baş rollardan birini, Uğurlunu oynayırdım. Bilmirəm indiyə qədər Azərbaycanda neçə aktyor filmdəki baş rolundan, qonorarından imtina eləyib. Amma mən o filmdən də, roldan da ,qonorardan da imtina elədim. İstəsəydim, qonorarımı ala bilərdim, amma bu mənim düşüncəmə uyğun deyildi, hətta yol pulundan da imtina etdim.
 
- Məşqlərdə atdan yıxılmışdınız. Niyə kaskadyorların oynamasına imkan vermirdiniz o epizodlarda?
 
- Gəncədə məşq zamanı yıxıldım. Yıxıldım, elə hər mənada, çünki atımın  yəhərini kəsmişdilər.
 
- Kim?
 
- Mən orda hamının sevimlisi idim. Aktyorların da, texniki heyətin də. Hər işlərinə yaramağa çalışırdım. Hamısına faydam dəymişdi.  Cavabında atımın yəhərini kəsdilər ki, xəsarət alıb, uzaqlaşım. Mən sakitcə də uzaqlaşa bilərdim. Amma sözümü deyib getdim ki, yəhəri kəsdiklərini anladığını bilsinlər. Axı biz düz altı ay bir yerdə məşq eləmişdik. İnanın indi də çox şeylər var ki, mənə qaranlıqdı. Qalsaydım yəqin ki, Uğurlu, Cavadxandan çox bəyəniləcəkdi. Ola bilər ki, elə bundan da qorxurdular.
 
- Cavad xanı Nurəddin Mehdixanlı oynayırdı deyəsən...
 
- Hə o oynayırdı. Əvvəl münasibətlər çox gözəl idi. Amma sonra vəziyyət dəyişdi. Mənimlə istədikləri kimi davrana bilməzlər. Mən həmişə özümdən çox başqaları üçün yaşamışam,  başqasına görə mübarizə aparmışam. Mən gedərəm amma kiminsə dediyini eləmərəm. Hələ o deyilən haqsızlıqdan ibarətdirsə, onu heç eləmərəm.
 
- Baxın, siz başqaları üçün mübarizə aparırsınız,  adamlarda davamlı olaraq yanılırsınız həmişə. Mənə çox maraqlı  gəldi, siz adamları düzgün seçmirsiniz, ya sizdən istifadə eləyirlər?
 
- Əlimdən gələni eləyirəm. Yaxşılıqlarda qarşılıq gözləmirəm. Yaxşılıq borc deyil, qaytarasan. Adama yaxşılıq eləmək lazımdırsa, deməli onu eləməlisən, vəssalam. Yaxşılıq eləmək də insan nəfsinin tələbatıdır. Mən onu eləyəndə həm də öz tələbatımı ödəmiş oluram.
 
- Bir neçə şey sadaladınız ki, ardıyca düşüb gedəsi olsaydınız, daha böyük nailiyyətlər əldə edərdiniz. Amma getməmisiz. Bir az dərviş ruhlu adamsız...
 
- Dərvişlər o adamlardır ki, çox böyük pullardan, imkan və əlaqələrdən imtina edə bilirlər. Hə, aktyorluğa gəlişim bir az o cür olub.  Yaxşı təkliflərdən imtina elədim. “Bəsdir, ağlama” filmindən sonra, bir qədər də “Ünvansız qız” serialı populyarlıq gətirdi. Mən kütlənin tanıdığı birinə çevrildim.
 
- Kütlənin sevimlisi olmaq yaxşıdı, yoxsa auditoriyanın daha elit təbəqədən olması?
 
- Yox, elə o kütlədən hər aktyorun öz auditoriyası, tamaşaçısı formalaşır.
 
-  İndiyə qədər hansısa hobbiniz olubmu?
 
- Olub. Bəlkə sizə qəribə gələr. Mən tanıdığım adamların adlarını qeyd eləyirdim. Maraqlı idi mənə ki, neçə adam tanıyıram.
 
- Neçə adam tanıyırdınız?
 
- Deyim ki, yüz minə qədər ad var idi o dəftərdə. Qəribə olanı bilirsinimi nədir? Məni həmişə qabağa itələyiblər. Lider eləməyə çalışıblar. Həmişə boynumda məsuliyyət olub. Üzərində məsuliyyət olanda, mütləq adamların ümidlərini doğrultmalısan. Başqa yolun olmur. Qorxmuşam, amma həmişə də eləməyə məcbur olmuşam.
 
- Evdə neçənci övladsınız?
 
- Üç bacıdan sonra dördüncü uşağam. Ata tərəfdən böyük nəsilik, həm də mehriban qohumuq. Ailədə də, nəsildə də sevimli uşaq olmuşam.
 
- Adamın qazandıqları olanda itirdikləri də olur. Siz qazana-qazana nə itirmisiniz?
 
- Götürüb müqayisə eləsəm hər şeydən razıyam. Və heç nəyə görə peşman deyiləm. Bircə ona təəssüflənirəm ki, atamı çox tez itirmişəm. Onu itirməsəydim, bəlkə mənim həyatım tamam başqa olardı.
 
- Necə yaşınız vardı o itkini yaşayanda?
 
- 16 yaşında idim. Atam tikinti sahəsində çalışmışdı, müxtəlif qurumlarda rəhbər olmuşdu. Nüfuzlu adam idi bizim bölgə. O sağ olanda, hamı bizi milyonçu bilirdi. Amma atam dünyasını dəyişəndən sonra ayıldıq ki, dörd divardan başqa heç nəyimiz yoxmuş. O qədər təmiz yaşamışdı. Amma bizi həmişə yaxşı saxlamışdı. Qoymamışdı ehtiyac, kasıbçılıq nədir bilək.
 
- Bəs o dörd divar arasında əziyyət olmadı sizə?
 
- Təbii ki, hiss elədik. Amma atamın yaxşı dostları və qohumlarımız sayəsində bu çox çəkmədi. Ağır olan bu idi ki, 16 yaşında ailə başçısı oldum. Bayaq da söylədim, atam o qəzada həyatını itirməsəydi, yəqin mən başqa adam olacaqdım.
 
- Kim olacaqdınız?
 
- İmkanlar elə idi ki, mən bilirdim orta məktəbi qurtaran kimi azı altımda “06” olacaq.  O maşının sərnişinlərinin çoxu qızlar olacaqdı yəqin. Özümə dəbdəbəli həyat qurmağı planlayırdım. Bilmirdim ki, bir gün çox dəhşətli bir röya görəcəm. Görəcəm ki, atam ağır qəzada həlak olub. Və elə o gün yuxudan ayılıb eşidəcəm ki, artıq atan həyatda yoxdur. Mənim bütün arzularım o gün yuxudan ayılanda öldü.  
Mən əli ayağı bir yerə yığılan uşaq deyildim.  O vaxt birinci katibin, ikinci katibin oğlanlarını da döymüşdüm. Ataları atamla dost idi, o uşaqların. Mənə bir kəlmə də deyən olmamışdı. İndi bunu eləmək olar? Onda bunu sadəcə uşaq münasibəti kimi dəyərləndirirdilər, bitdi, getdi. Bir də bilirsiniz nə yadımda qalıb? Atamın çoxlu kasıb dostları var idi. Ona bunu həmişə irad tuturdular ki, nəyinə lazımdı. Deyirdi ki, sizə dəxli yoxdu, mən də yetim böyümüşəm. Onun həyatında nənəmin böyük rolu olmuşdu. Nənəmin bizim üstümüzdə də haqqı var. Çox gözəl qadın idi. Babam müharibəyə gedib qayıtmamışdı. Nənəmə evlilik təklifi edənlər çox olmuşdu. Amma o ikinci ailə qurmamışdı. Üç uşağını böyütmüşdü. O qədər gözəl qadın idi ki, bu günə qədər elə gözəlliyə rast gəlməmişəm. O ölənə qədər babamı gözlədi. Elə bilirdi ki, babam ona görə mütləq dönəcək. Mən nə zamansa film çəkəsi olsam, nənəmin obrazını yaradacam. Mən bu gün insanlara münasibətdə nəyəmsə, kiməmsə bu bizə həm nənəmdən, həm də atamdan keçmədir.
 
- Bəs “Dolu”ya necə düşdünüz?
 
- “Cavad xan”dan sonra mən filmə çəkilmək haqda ümumiyyətlə düşünmürdüm. Fikirləşirdim bizneslə məşğul olam. O ərəfədə “Dolu”nun ssenarisi Mehriban Ələkbərzadədən alınıb Elxan Cəfərova verilmişdi. Bunu sona bildim. Orda ikinci rejissor kimi çalışan Əliqulu müəllim vardı. Biz onunla “Cavad xan” filmindən tanış idik. Mən ordan  uzaqlaşandan sonra Əliqulu müəllim mənə başqa filmlərdə rol təklif eləmişdi. İsrarla istəyirdi ki, çəkilim. Razılaşmamışdım. “Dolu”da da məni Elxan Cəfərova o məsləhət görmüşdü. Aqil Abbasla isə məni İradə Tuncay tanış eləmişdi. Bir filmin təqdimatında. Elə orda Əliqulu müəllim məni kənara çəkib bir az da ərklə dedi ki, Rza, bir mədəniyyət xətrinə də olsa, Elxan Cəfərovun yanına get. Elxana sənin təqdimatını vermişəm,  səni gözləyir dedi. Əslində getmişdim deyəm ki, artıq çəkilmək istəmirəm heç bir filmə. Amma içəri girən kimi, Elxan Cəfərov mənə dedi ki, “Drakon” sənsən. Sonra Aqil müəllim soruşmuşdu ki, “Drakon”u kim oynayacaq. O da məni şəkilim göstərib demişdi ki, bu oğlan. Aqil müəllim şəkilimə baxıb qayıdıb ki, bu Rzadı ki . Təəccüblənmişdi bir az yəni. Sona qınamışdı məni ki, niyə ona əvvəldən deməmişəm ki, sınaq üçün gedirəm. Amma məni o filmə nə Aqil Abbas, nə də İradə xanım gətirməyib. Baxmayaraq ki, çox adam belə düşündü.
 
- “Drakon”la qarşımda oturan adam fərqlidi. Əslində hansısınız?
 
- Sizə bir söz deyimmi? Aktyor nə edir, nə oynayırsa, bir az özüdür. İnsan özündə olmayanı başqalarına verə bilməz.
 
- Rza, siz o filmin çəkilişlərində müharibəni gerçəkdən hiss edə bilirdinizmi? Hərdən mənə elə gəlir ki, o əsərin mahiyyəti, yəni müharibənin dəhşətinin görüntüsü bircə cümlədədir. Yaralı əsgərin Drakona “Mən heç bir qız görmədim, sevmədim” deməsi. Düzdür, bir az çılpaq ifadədir. Amma müharibələrin nə qədər saf həyatları məhv elədiyini də çılpaqlığı ilə göstərir. Adam ürpənir...
 
- Müharibə nə aparırsa, insanlardan aparır. Bax, o cümlədə həmin dəhşət çox aydın görünür. Bu həm də bizim ölkənin gənclərinin həyatlarında yaşanan dəhşətin, faciənin göstəricisidir. Sənət təkcə sənət üçün yox, həm də dövlətinin və millətin maraqları ifadə etməlidi. O filmdə bu var idi.
 
- İşdən, sənətdən, bizi vuran “Dolu”dan da danışdıq. Amma istəyirəm soruşum, şəxsi cəbhədə vəziyyət necədir?
 
- Vallah nə deyim. Hələ ailə qurmaq haqda  düşünmürəm.
 
- Onda belə bir şey soruşum, sevgi nədi sizinçün?
 
- Hərdən hamıdan, hər şeydən qaçır adam. Və birdən kimləsə  üz-üzə gəlib, kiməsə  toxunub dayanırsan. Bax, sevgi odur.
 
- Təsəvvür elədim. Amma belə sevgilər realda olurmu yəni?
 
- Olur. Və çox qəribəsi odur ki, heç kimin üzünü görmək istəmədiyin zaman o üz səninlə üzbəüz durur və bu sənə zövq verir. Bu qəribə “toqquşma” olur.
 
- Belə “toqquşmanız” olubmu?
 
- Hə olub. Amma sizə bir söz də deyim zaman dövr o yerə çatıb ki, insanların artıq yaşanmalı bir şeyi qalmayıb. O üzdən bu qədər intiharlar var. İnsan istədiklərinin hamısını yaşayanda tükənirlər. Yəni hər şeyi, lap ən böyük sevgini yaşamaq da qorxuludur. İnsan nə zaman intihar edər deyə düşünürəm hərdən. Mənə elə gəlir ki, bircə ölümü yaşamamışam deyə düşünmək intihara yaxınlaşdırır. Amma ailəsi olanda adam intihardan vaz keçə bilir. Məhz ailəsinə görə.  
 
- Bəs qadınlar haqda nə düşünürsünüz? Sizin xanımınız necə biri olmalıdı məsələn?
 
- Mən üstünə toz toxunan qadını belə həyat yoldaşım kimi təsəvvür edə bilmirəm. Son dərəcə qısqanc adamam. Amma bununla hansısa xanımı aşağılamaq istəmirəm. Mənim aləmimdə belədir: təmiz köynək, təzə köynək deyil. Çox qəddar yanaşmadır, bilirəm, amma belə düşünürəm hərdən. Kiminsə həyatında ikinci olmaq istəmərəm. Və heç bir qadına da qıymaram ki, həyatımda ikinci olsun...
 
SON: Yanındakı adama gec adaptasiya olan, bir az qapalı, danışdığı hər sözün arxasında özünü hiss edən, həmsöhbəti xanımdırsa başını qaldırıb  üzünə belə baxmayan, özünün dəyərlər toplusu olan azərbaycanlı kişi...Yazıçı Aqil  Abbasın və çox dəyərli Elxan Cəfərovun çəkdiyi “Dolu”nun “Drakon”u Rza Rzayev belə yadımda qalacaq deyəsən. Onun içində həm də insanlara böyük rəğbət var. Amma onlarda yanılanda, çevirib gedə də bilir. Mənsə arzulayıram ki, hər şeydən, hamıdan baş götürüb gedəndə, nəyəsə, kiməsə toxunub dayansın o.  Yaxşı bir ailəsi olsun, anasını sevindirsin. Bu mütləq olacaq Rza Rzayev, hələliksə sizə sadəcə uğurlar... 

Mənbə: Lent.az

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri