27 
Avq
2014
20:15
58
8
3617
Virtual karabakh

Əri və oğlu qətlə yetirilən Azərbaycanın ilk qadın dramaturqunun həyatı

27 Avq, 2014
20:15
3617

Əri və oğlu qətlə yetirilən Azərbaycanın ilk qadın dramaturqunun həyatı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün həmin evdə onun nəticələri yaşayır.

Quba şəhərində, indiki İstiqlal küçəsində (o zamankı Kurpski küçəsi ev 14)  yerləşən evində onu xatırladacaq heç bir əşya qalmayıb. Amma bu gün həmin evdə onun nəticələri yaşayır. Azərbaycanın ilk dramaturq, ilk romançı qadınının. Səkinə xanım Axundzadənin.

Səkinə xanım Axundzadə 1865-ci ildə Quba rayonunda anadan olub. Quba şəhərində dünyaya göz açan Səkinə xanım elə burada böyüyüb, boya-başa çatıb. Atası Mirzə Heybət “Fəda” təxəllüslü ilə şeirlər yazan şair olub. Mirzə Heybət A.A.Bakıxanovun təşkil etdiyi “Gülüstan” ədəbi məclisinin üvzü idi. Buna görə də, dövrünün ziyalıları ilə tez-tez görüşər, onları evində qonaq edərdi. Elmə, ədəbiyyata yaxın olan bir ailədə böyüməsi balaca Səkinənin tərbiyəsinə, formalaşmasına böyük təsir göstərir. İlk təhsilini Qubada öz atasından alan Səkinə Xanım Axundzadə ərəb və fars dillərini mükəmməl öyrənir.

O, gənc yaşında Qubada Talıb adlı şəxslə ailə həyatı qurur və bu izdivacdan bir qız övladı - Höküməxanım dünyaya gəlir. Lakin cütlüyün ailə həyatı faciə ilə sona çatır. Qısa ömür sürən Talıb bəy, Qubada qaçaq Alı tərəfindən qətlə yetirilir. Buna səbəb kimi, Talıb bəyin həyat yoldaşına olan sonsuz sevgisi və onun timsalında qadınların maariflənməsinə yönəlik açıq çıxışları göstərilir. Söhbət ondan gedir ki, 19-cu əsrin Qubasında qadınların dünyəvi biliklərə yiyələnməsi, müasir düşüncə tərzinə sahib olması cəmiyyət tərəfindən qəbuledilməz hal idi. Talıb bəyin qətlindən sonra Səkinə xanım kiçik yaşlı qızı Höküməxanımla tək qalır. Amma həyatın Səkinə Axundzadəyə hazırladığı sınaqlar hələ qarşıda idi...

Səkinə xanım savadlı olması ilə yanaşı, həm də gözəl qadın idi. Uca boylu, ağ bənizli, uzun qara saçlı qadın diqqətdən kənarda qala bilməzdi. Buna görə də, təkcə mütərəqqi düşüncəsi ilə deyil, xarici görkəmi ilə də, qısqanclığa, paxıllığa, təqiblərə məruz qalırdı. O dövrün cəmiyyətində isə dul qadın olmaq asan deyildi. Birinci ərinin faciəli surətdə qətlindən sonra tək qalan Səkinə xanım, çox keçmir ki,  ikinci dəfə ailə qurmalı olur. Ailə qurduğu insan Qubada rus dili müəllimi işləyən Məhəmməd Ağabəyov idi. Məhəmməd bəy müasir düşüncəli bir pedaqoq idi və buna görə də Səkinə xanımı yaxşı anlayır, ona bütün işlərində dəstək olurdu. Qızların savad alması, müxtəlif peşələrə yiyələnməsi, cəmiyyətdə yüksək mövqe tutması Səkinə xanım Axundzadənin ən böyük arzusu olub. Bütün çətinliklərə sinə gələn Səkinə xanım Axundzadə öz maddi vəsaiti hesabına, Qubada yaşadığı evində məktəb açaraq qız uşaqlarına pulsuz təhsil verir. Çox keçmir ki,  Məhəmməd bəy və Səkinə xanımın oğul övladı dünyaya gəlir. Uşağın adını Yusif qoyurlar. Körpə gəlişi ilə ailəyə sevinc gətirir. Bu vaxt Səkinə xanımın ailəsində heç kim düşünməzdi ki, bu oğlanın həyatı cəmi 37 ildən sonra, faciəli şəkildə sona çatacaq. Amma bu barədə bir qədər sonra. 

Səkinə xanım həyatın növbəti zərbəsini əri Məhəmməd bəy dünyasını dəyişəndə alır.  Gənc ana ikinci dəfə dul qalır. İki azyaşlı uşağı ilə çətin günlər yaşayır. Onun Qubada gənc qızlara təmənnasız dərs deməyindən, onların savadlı olması üçün dəridən – qabıqdan çıxmasından xəbərdar olan bir şəxs vardı. Bu dövrünün tanınmış xeyriyyəçisi H.Z.Tağıyev idi. H.Z.Tağıyev, onu özünün açdığı qızlar məktəbinə ana dili və ədəbiyyatdan dərs deməyə dəvət edir. Beləliklə, Səkinə xanımın başının üzərindən keçən qara buludlar 1900-cü ildə yavaş-yavaş dağılmağa başlayır. Həmin  ildə ailəsi ilə birlikdə Bakıya köçən Səkinə xanım Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris edir. Həmin dövrdə Qızlar Məktəbinin müdirəsi dövrünün görkəmli ziyalısı H.B. Zərdabinin həyat yoldaşı Hənifə Məlikova idi. Səkinə xanımla Hənifə xanımın dostluq münasibətləri vardı. Bu münasibətin sayəsində Səkinə xanım Azərbaycanda ilk dəfə olaraq, qızlardan ibarət teatr truppası yaradır və ilk dram əsərlərini qələmə alır. O, qələmə aldığı əsərləri tələbələrinin köməkliyi ilə səhnələşdirir. Beləliklə Səkinə xanım Axundzadəni Azərbaycanın  ilk qadın dramaturqu olmaqla yanaşı və ilk rejisoru  kimi də göstərmək olar.

“O, əvvəlcə elmin mənfəəti”, sonra isə “Haqq söz acı olar” adlı pyeslərini yazır. Hər iki əsərin rejissorluğunu öz üzərinə götürür Türkiyə ədəbiyyatından da maraqlı əsərləri dilimizə çevirir. Namiq Kamal yaradıcılığından hazırladığı “Bəxtsiz bala”, “Zülmün səmərəsi” adlı dramları uzun illər Azərbaycan səhnəsində Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin iştirakı ilə tamaşaya qoyulub. Səkinə xanım Axundzadə məşhur fransız bəstəkarı Leo Delibin “Lakme” operası əsasında “Zülmün səmərəsi” adlı dram əsərini yazıb. Bu əsər ilk dəfə 1914-cü ildə Tiflisdə tamaşaya qoyularaq uğur qazanır.

Səkinə xanım həm də ilk romançı qadın idi. O, “Şahzadə Əbülfəz və Rəna xanım” romanının müəllifidir.  Bütün bu əsərlərini o Bakıda yaşayarkən qələmə alıb.

Səkinə xanım uzun illər ağır astma  xəstəlikdən əziyyət çəkib. Bu səbəbdən də həkimlərin məsləhəti ilə Bakıdan Qubaya dönmək məcburiyyətində qalıb. O dövrün məşhur aktyorları tez-tez Qubaya gedər, Səkinə xanıma baş çəkərdilər.

Bir gün  Qubada səfərdə olan Abbas Mirzə Şərifzadə Səkinə xanımı ziyarət edir. Səkinə xanım isə görkəmli aktyorun şərəfinə ziyafət verdirir. Nəvəsi Məsmə Məmmədovanın dediyinə görə, Səkinə xanım A.M. Şərifzadədən “İblis” monoloqundan bir parça söyləməyi xahiş edir. Aktyor isə Səkinə xanımın son arzusunu yerinə yetirir və monoloqu bütünlükdə söyləyir. 1927-ci ildə uzun sürən asma xəstəliyindən Bakıda  dünyasını dəyişən Səkinə xanım Axundzadə Bibiheybətdə dəfn olunur.

Səkinə xanımın yeganə qardaşı İbrahim bəy də Bakıda yaşayırdı. O, hələ sağ ikən tez-tez qardaşını və ailəsini ziyarət edirdi. İbrahim bəyin ailəsində isə sonradan Azərbaycanın ilk qadın rəssamı olacaq Reyhan xanım Topçubaşova böyüyürdü. Səkinə xanım öz uşaqlarının təlim-tərbiyəsinə də diqqət ayırırdı. Oğlu Yusif bəy savadlı adam idi. İllər sonra professor Yusif Ağabəyov kimi  tanınacaq  gənc  1937-ci ilədək Gəncə Dövlət Universitetinin dosenti olub.  Yusif bəy  pedaqoji fəaliyyətlə yanaşı, dövrünün dissidentlərindən biri sayılırdı. Onun açıq fikirliliyi o vaxtkı hakimiyyəti narahat edirdi. Buna görə də, Yusif bəy 1937-ci ildə sürgün olunur, bir müddət sonra güllələnir. 

Səkinə xanımın yazdığı əsərlər o, dövrün repressiyalarından qorxan qardaşı İbrahim bəyin qızı Reyhan Topçubaşova tərəfindən yandırılır. Həmin dövrdə Reyhan xanım Topçubaşova  artıq Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini idi...

Mənbə: Lent.az
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri