24 
Okt
2014
10:18
3
1
1099
Virtual karabakh

Azərbaycan filminin də iştirak etdiyi Tokio Beynəlxalq Film Festivalının açılış mərasimi olub

24 Okt, 2014
10:18
1099

Azərbaycan filminin də iştirak etdiyi Tokio Beynəlxalq Film Festivalının açılış mərasimi olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Festivalda müsabiqəyə 14 film buraxılıb.

Oktyabrın 23-də Yaponiya paytaxtında proqramına Azərbaycan istehsalı olan “Nabat” tammetrajlı bədii filminin də daxil edildiyi 27-ci Tokio Beynəlxalq Film Festivalının (TİFF 2014) açılış mərasimi olub.

Oxu.Az AzərTac-a istinadla xəbər verir ki, Tokionun mərkəzində yerləşən Ropponqi Hillsdə təşkil olunan mərasimdə festivalda nümayiş olunacaq filmlərin yaradıcı heyəti ilə yanaşı, Yaponiyanın Baş naziri Şinzo Abe də iştirak edib. Dünyanın tanınmış kino xadimlərini möhtəşəm Tokio Beynəlxalq Film Festivalında salamlamaqdan məmnun olduğunu vurğulayan Baş nazir bütün iştirakçılara uğurlar arzulayıb.

Sayca 27-ci olan festivalın təşkilatçıları onu dünya kino sənətinin doqquz gün davam edəcək bayramına çevirməyə çalışacaqlarını, nümayiş etdiriləcək filmlərin isə yaşından və zövqündən asılı olmayaraq bütün tamaşaçıların ruhunu oxşayacağını bildiriblər.

Festivalda kinosevərlərin tamaşa edəcəyi ilk ekran əsəri ABŞ rejissorları Don Holl və Kriss Vilyamsın “Böyük qəhrəman 6” filmi olacaq.

Festivalda müsabiqəyə Azərbaycan filmi ilə yanaşı, Norveç, Almaniya, Fransa, Belçika, İtaliya, ABŞ, Bolqarıstan, Yunanıstan, Argentina, İran, Polşa, Rusiya, Malayziya və Çinin kinostudiyalarında istehsal olunmuş 14 film buraxılıb. Həmin filmlər 92 ölkədə istehsal edilmiş 1373 film arasından seçilib.

Festivalın münsiflər heyətinə Ceyms Qann (sədr), Con H.Lii, Robert Luketiç, Erik Hu, Debbi Mak-Vilyams və Hiroşi Şinaqava kimi tanınmış kino xadimləri daxildirlər.

Festivalda müsabiqəyə buraxılan “Nabat” filmi doqquz gün ərzində Tokionun məşhur “Ropponqi Hills”, “TOHO Cinemas Nihonbashi” və digər kino salonlarında nümayiş olunacaq.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş “Nabat” filmində Qarabağ müharibəsinin dramatik hadisələrindən biri canlandırılır. Ekran əsərinin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini tərk edirlər. Nabat xala isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar.

Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha təsdiq edir.

Tammetrajlı bədii filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Doqquz gün davam edəcək festivala yapon rejissoru Takaşi Yamazakinin “Parazit” filminin nümayişi ilə yekun vurulacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri