24 
Okt
2014
11:33
4
2
1595
Virtual karabakh

Hüseyn Cavid - 132

24 Okt, 2014
11:33
1595

Hüseyn Cavid - 132

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu mətin şəxsiyyət Sibirə sürgün edilib və həlak olub.

Bu gün XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olan Hüseyn Cavidin anadan olmasından 132 il ötür.

Oxu.Az xəbər verir ki, Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində alıb.1899-1903-cü illərdə Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib (1909). Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllim kimi çalışıb.

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şer kitabı 1913-cü ildə çap olunub.

O, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan” (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atıb.

Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - “insan insana qurddur” fəlsəfəsinin tərəfdarları, “iyirminci əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində ümumiləşdirilib, işğalçı müharibələrə lənət yağdırılıb.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıdıb.

20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazıb. “Peyğəmbər” (1922) və “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş olub.

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməyib, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilib və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olub.
Qeyd edək ki, şairin anadan olmasının 100 illik yubileyi geniş qeyd olunub. Naxçıvanda ev-muzeyi yaradılıb (1981).

Yubiley ərəfəsində cənazəsinin qalıqları İrkutsk vilayətindən Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilib. Naxçıvanda onun qəbri üstündə möhtəşəm məqbərə ucaldılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri