11 
Okt
2021
15:54
200
12
2365
Virtual karabakh

Hər yer ədəbiyyat: Serbiyada Nizaminin məşhur poeması səsləndirildi - REPORTAJ + FOTO

11 Okt, 2021
15:54
2365

Hər yer ədəbiyyat: Serbiyada Nizaminin məşhur poeması səsləndirildi - REPORTAJ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şairlər bir-biri ilə söhbət edir, qarşılıqlı ədəbiyyat mübadiləsi ilə bağlı müzakirə aparır, yaxud da şeir oxuyur, məşhur yazarların əsərləri barədə “dərdləşirdilər”. Bir sözlə, həmin anlarda orada - söz adamlarının əhatəsində “hər yer ədəbiyyat” idi.

Bu barədə “Kaspi” qəzetində Fərid Hüseynin məqaləsi dərc olunub.

Bu dəfə Belqrada, sanki ilk dəfə idi yollanırdım, halbuki bu, mənim Serbiyaya dördüncü səfərimdir. Sənədlərimi - COVID pasportumu, koronavirus testimin cavabını bircə-bircə “yoxlayandan” sonra qəfil yadıma düşdü ki, pasportumu götürməmişəm. Sən demə, bu lənətəgəlmiş virus öz varlığını bizim varlığımızdan önə keçirib: ona görə də, birinci onun pasportunu cibimizə qoyuruq, sonra özümüzünkünü.

Bu situasiyadan sonra anladım ki, yəqin, “dünya düzəni dəyişəcək” deyənlər həm də bu cür həssas məqamları nəzərdə tuturlarmış.

Sən demə, düzənini dəyişən dünyada bizi narahat edən sənədlərin sayı çoxalacaq, daim xəstə olub-olmamağımızla bağlı hesabat səfərbərliyində olacaqmışıq. Amma neynək, atalarımız “ellə gələn bəla toy-bayramdır” deyiblər.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanından təyyarə ilə İstanbula, oradan da Belqrada uçuram. Gözləmələrlə birgə 14 saat davam edən yol narahatlığına təyyarənin Belqradda yerə sürtülən təkərləri son qoyur.

Belqrada Nikola Teslanın adını daşıyan hava limanında məni adıçəkilən ölkənin Yazıçılar Birliyinin əməkdaşı Milan Paniç və onun həyat yoldaşı, tanınmış tərcüməçi, ədəbiyyatşünas Nina Smiç qarşılayırlar. Bu cütlüklə artıq dörd ildir davam edən dostluğumuz, əməkdaşlığımız var. Belə ki, onlar iki il öncə mənim “Qəlbin tərbiyə dərsləri” adlı şeir kitabımı serb dilinə tərcümə edərək Belqradda çap etmişdilər.

Serbiyada keçirilən Dünya Yazarlarının Beynəlxalq Belqrad Görüşü iki ildir ki, məlum pandemiya səbəbi ilə ənənəvi qaydada keçirilmirdi. Şükürlər olsun ki, bu ildən ədəbi festival real şöhrətini və əhəmiyyətini bərpa etdi.

Nə xoş ki, 1-4 oktyabr tarixlərində Serbiya Respublikasının paytaxtında keçirilən Dünya Yazarlarının 58-ci Belqrad Görüşündə ölkəmizi təmsil etmək qüruru mənə nəsib oldu. Göz dəyməsin, builki festivalın təmsilçiləri də sayılıb-seçilən söz sənətkarları idi: Bolqarıstandan İva Nikolova, Yunanıstandan Dmitris Leonçakos, Petros Qoliçis, Rumıniyadan Boqdan Munteany, Tudor Kreçu, Rusiyadan Vadim Mesyaç, Slovakiyadan Qustav Mulin. Serbiyadan isə Predraq Byeloşeviç, Qoran Vraçar, Jelko Prjul iştirak edirdilər.

Oktyabr ayının 1-də Kraliça Lyubiçenin İmarətində beynəlxalq  ədəbi tədbirin rəsmi açılış mərasimi baş tutdu. Təntənəli tədbirdə Serbiya Mədəniyyət Nazirliyinin rəsmiləri qonaqları salamladılar, daha sonra Serbiya Yazıçılar Birliyinin sədri Milovan Vitezoviç çıxış edərək serb ədəbiyyatından, dünya mədəniyyətindən geniş danışdı. Birliyin sədri məzmunlu nitqində ədəbiyyatın xalqların taleyindəki rolundan bəhs edib, qonaqları tədbir iştirakçılarına geniş bioqrafik məlumatlar verərək təqdim etdi.

Birinci günün tədbirində qonaq yazarlar Nobel mükafatçısı İvo Andriçin ev muzeyini, daha sonra Kitab və Səyahət Muzeyini ziyarət etdilər. Günün sonunda isə Serbiya Yazıçılar Birliyinin konfrans zalında şeir saatı keçirildi. Poeziya saatında ingilis dilində “Mən” (I) adlı şeirimi oxudum, Nina Smiç isə həmin poetik nümunənin tərcüməsini səsləndirdi. Beləcə, bir-bir bütün qonaq şairlər şeirlərini səsləndirdilər. Slovakiyalı şair  Qustav isə baməzə bir adamdı, gün boyunca hər kəsin ürəyinə yol tapan zarafatları ilə əhatəsindəki bütün insanlara isinişmişdi. Qustav görəndə ki, zal coşqusuzdur, tədbir yeknəsəq keçir, söz imkanı ona veriləndə səhnəyə çıxıb dedi: “Mən şeir yox, şeirlərimə bəstələnən iki mahnı oxumaq istəyirəm”.

Qustavın oxuduğu şux mahnılar hələ canında ötən günün yol yorğunluğu qalan iştirakçıların kefini durultdu, hər kəsin çöhrəsinə təbəssüm qondurdu. Bu performans şeirin nəğmə ilə, nəğmənin də şeirlə vəhdətinin əbədi olduğuna növbəti sübut oldu.

Oktyabr ayının 2-də isə Belqrad Milli Muzeyinin və Nikola Tesla Muzeyinin ziyarətçisi olduq, daha sonra Kalemeqdan (Qalameydan) adlı tarixi şəhərciyə səyahət etdik. Yol boyunca şairlər bir-biri ilə söhbət edir,  qarşılıqlı ədəbiyyat mübadiləsi ilə bağlı müzakirə aparır, yaxud da şeir oxuyur, məşhur yazarların əsərləri barədə “dərdləşirdilər”. Bir sözlə, həmin anlarda orada - söz adamlarının əhatəsində “hər yer ədəbiyyat” idi.

Həmin gün İvo Andriçin  yaradıcılığı, eləcə də Nobel mükafatı ətrafında müzakirələr, Bora Stankoviçin 145 illik yubileyi, Vasko Paponun ölümünün 30 illiyi, Qustav Flober və Fyodor Mixayloviç Dostoyevskinin anadan olmasının 200 illiyinə həsr olunmuş tədbirlər keçirildi. Həmin tədbirlərin moderatorları, idarəçiləri professor Aleksandr Çerkov, professor, Milovoye Pavloviç, filologiya elmlər doktoru Zoran Avramoviç, Veselin Mişniç, Milan Mixayloviç və Milan Bunevaç idi. Daha sonra Serbiya Yazıçılar Birliyində “Bölgədəki Diaspora və serblər” mövzusunda müzakirə saatı baş tutdu. Tədbirin çıxışçıları Slavimir Qbozdenoviç, Bojiça Velosis, Predraq Despotoviç, Milan Bunevaç, Radenko Popoviç, Nikola Şuyina, Noviça Sobril və Jarko Milenoviç idi. Müxtəlif panellər üzrə qızğın ədəbi müzakirələr, mübahisələr gedirdi.

Qeyd olunan tədbirlərdə beynəlxalq təmsilçi sayılan şairlər də çıxış edir və fikirlərini bildirirdilər. Festivala bir neçə dəfə qatılan biri kimi deyə bilərəm ki, son üç illə müqayisədə bu il festivalın gündəliyi daha zəngin idi. Sanki son iki ildə keçirilməyən festivalların da ədəbi fikir ağırlığı bu festivalın üzərinə düşmüşdü. Ona görə də, hərdən şairlər, iştirakçılar gileylənirdilər ki, nə yaxşı ki, yemək fasiləsi var, yoxsa göz açmağa fürsətimiz olmazdı: bir tədbir bitir, o biri başlayırdı, bu muzeydən çıxıb o birini ziyarət edirdik...

Oktyabr ayının 3-də “Povejla Morave” mükafatının təqdimetmə mərasimi üçün Çaçak vilayətinə yola düşdük. Və şəhər məktəblərin birinin həyətindəki amfiteatrda tədbir başladı. Tədbirdə mükafatın builki qaliblərini ­- Duşko M.Petroviçi, Vidak M.Maslovariçi və bu sətirlərin müəllifini səhnəyə dəvət etdilər. Qeyd edim ki, bu mükafat pul və diplomdan ibarətdir. Eyni zamanda Çaçak şəhərinin Mırçayevçi qəsəbəsindəki şairlər məhəlləsinin girişində yerləşən bulağın yanındakı daş lövhəyə qaliblərin adını xüsusi mərmərə həkk edərək vururlar. Bu ödül Balkan və ətraf ölkələrdə çox böyük nüfuza malikdir.

Mükafatlandırma mərasimində mən də çıxış etdim. İstərdim ki, çıxışımdakı fikirləri olduğu kimi təqdim edim. Belə ki, ingilis dilində oxuduğum mətni Nina Smiç bir həftə əvvəl serb dilinə tərcümə etmişdi. “Adlarımızın həkk olunduğu daş lövhə və kəpənək ömrü” adlı çıxışımın mətni belə idi:

“Əziz həmkarlar və dəyərli tədbir iştirakçıları!

Məni layiq bildiyiniz bu mükafat məndən əvvəl akademiklər Matija Beckoviç, Radomir Andriç, Adam Puslojiçə, yaxud böyük yazarlardan Vyeslav Kuprijanov, Adrian Paunesçu, Ricard Burns, Gzegoz Latusinski, Vasilj Mahnoya və başqalarına verilib. Və bizim adlarımız bir yerdə Çacak qəsəbəsi yaxınlığındakı Mırçayevçi şəhərində, digər qaliblərin adları ilə birlikdə daş üzərində həkk olunub. Sponsor olaraq cənab Milun Todoroviç, onun müavini cənab Vladan Miliç, Serbiya Yazıçılar Birliyinin prezidenti cənab Milovan Vitezoviçə təşəkkür edirəm. Milan Paniçə də xüsusi minnətdarlığımı bildirirəm. Həmçinin Mırçayaveçi Yazıçılar Birliyi heyətinə, Çacak qəsəbəsinin rəhbərliyinə “çox sağ olun” deyirəm. Bu gün adımız daş lövhəyə yazılır və biz Çacak qəsəbəsinin sakininə çevrilirik.

İnsan qədimdən bəri adını ona görə daşın üzərinə yazır ki, daşı, başqa bərk maddələri özündən daha əbədi hesab edir. Əksəriyyət fani nemətlər üçün, dünyanı dərk edənlər isə əbədiyyət üçün savaşır. Mişel Monten kəpənəyə baxıb Allahdan soruşur ki, bu kəpənək bir gün sonra öləcəksə, onu niyə yaratdın? Və hələ bu azmış kimi bir gün ərzində ölən kəpənəyin də günorta öləni cavan, axşamüstü öləni isə qoca sayılır. Sonra başını qaldıraraq milyon illik dağlara baxıb düşünür ki, mənim də ömrüm bu dağlara nisbətdə elə bir gün ərzində yaranıb yox olan kəpənək ömrü qədər deyilmi? Həmin dağaların ömrü isə qalaktikaların yaşam müddəti ilə müqayisədə kəpənək ömrü qədərdir. Beləcə hər kəs öz başının üzərindəkinə - ondan daha qədim olana baxdıqca, ömrünün daha qısa olduğunu dərk edir. Və bu nisbətlər kimini məyus edir, kimini isə həyata daha da həvəsləndirir.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində Xosrov şah taxta çıxandan bir neçə gün sonra xalqın meydana cəm olmasını əmr edir. İnsanların sırası isə bu şəkildə düzülmüşdü:

Birinci səfdə zənginlər, arxada kasıblar, üçüncü sırada əlillər, dördüncüdə dustaqlar, beşinci sırada isə daha ağır cinayət işləyən qatillər. Şah “geri dön” əmri verir və hər kəs arxaya çevrilir. Belə olan təqdirdə, sıradakı varlılar qarşılarındakı yoxsulları görüb öz aqibətlərinə sevindilər, yoxsullar onlardan öndə dayanan xəstələrə nəzər salıb sağlamlıqlarına görə Allaha şükür etdilər. Xəstələr çevrilib dustaqları görəndə gen dünyada asudə gəzə bilməyin ləzzətini anladılar, dustaqlar isə daha ağır cinayət işləmiş qatillərə baxıb cəzalarının daha tez başa çatacağını düşünüb rahatlıq tapdılar. Qatillər isə çevrilib dünyanın nəhayətsizliyini - qarşılarındakı ümid yolunu görüb həyata daha çox bağlandılar. Bu ibrətamiz yığıncaq çoxlarının qəlbində Allaha şükür, dövlətə sədaqət hissini daha da artırdı. Həmin ölkə dünyanın ən gözəl və ədalətli məmləkətinə çevrildi...

Ədəbiyyat bir dünyanı dərk etmək, şərtilikləri anlamaq baxımından bizə qarşımızdakıları dəqiq görməyi və anlamağı öyrədir. Nə yaxşı ki, indi bu zalda ədəbiyyat vasitəsi ilə siz məni, mən də sizi görürəm... Diqqətiniz üçün təşəkkür edirəm...”

Çıxışçılardan sonra Serbiya Yazıçılar Birliyinin sabiq sədri Radomir Andriç söz alıb Azərbaycan və onun ədəbiyyatı haqqında, xüsusən Xalq yazıçısı Anar, Səlim Babullaoğlu yaradıcılığı barədə xoş sözlər dedi. Ölkəmiz haqqında bu cür yüksək fikirlərin olması, əlbəttə, adamın ürəyini açır.

Qeyd edim ki, o günlərdə Qarabağ zəfərimiz barədə, Azərbaycan tarixi haqqında bir çox yazarlara əhatəli məlumat verir, ölkəmizin haqq mübarizəsindən danışırdım. Söhbətlərdən aldığım təəssürat bu idi ki, dünyanın müxtəlif ölkələrindən olan şairlər ölkəmizin haqq səsinə inanır və haqlı tərəf kimi dövlətimizi və xalqımızı görürlər. Və beyinlərdə “erməninin o torpaqlarda nə işi var?” haqlı sualı da artıq sual yox, nidalı cümlə kimi tamamlanır.

Festivalın son günündə şairlər dəstələrə bölünərək Serbiyanın müxtəlif vilayətlərinə yollandılar. Biz - İva Nikolova, Milan, Nina və mən Semska Mitrovika - İmperatorluq şəhərinə gəldik. Axşam saatlarındakı növbəti tədbirlə ədəbi festival tamamlandı. Musiqili şeir axşamında Serbiyanın müxtəlif vilayətlərindən gəlmiş şairlər, eləcə də İva xanım və mən şeirlərimizi oxuduq. Sevindirici haldır ki, mən bu şəhərin Fəxri Vətəndaşı seçildim. Bununla bağlı sənədi adıçəkilən şəhərin meri Svetlana Milonaviç təqdim etdi. Bu şəhər Serbiyanın dilbər guşələrindən sayılır, ekzotik, tarixi, və tolerant mahiyyəti ilə seçilir.

Belə ki, bundan başqa Serbiya Yazıçılar Birliyi ilə Mırçayevçi Yazıçılar Birliyinin birgə verdiyi başqa bir ədəbi mükafatına da layiq görüldüm. Beləcə, iki mükafat və Fəxri Vətəndaşlıq sənədi ilə ölkəmə qayıtdım.

Və indi Fəxri Vətəndaş sənədinə öz doğma Vətənimdə baxaraq minnətdarlıqla düşünürəm: Fəxr ünvanımız birdir: Azərbaycan. Şükür Azərbaycana!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri