18 
Dek
2014
12:03
7
2
1638
Virtual karabakh

Barat Şəkinskayanın 100 illik yubileyi qeyd olundu - FOTO

18 Dek, 2014
12:03
1638

Barat Şəkinskayanın 100 illik yubileyi qeyd olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, səhnəmizdə ilk oğlan rolunu oynayan aktrisadır.

Dekabrın 17-də Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kino sənəti və milli teatrımızın inkişafında özünəməxsus yeri olan xalq artisti Barat Şəkinskayanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 3 aprel tarixli Sərəncamına əsasən reallaşıb.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.

Yubiley gecəsini açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə iştirak edən TÜRKSOY təşkilatının nümayəndələrini salamlayıb.

Ə.Qarayev bildirib ki, Barat Şəkinskaya 1914-cü ildə Şuşada anadan olub. Anası Gövhər xanım yazıçı Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. B.Şəkinskaya ilk təhsilini Şuşada alıb, 1923-cü ildə ailəsi Gəncəyə köçüb və səhnəmizin gələcək ulduzu orada qadınlar klubunun dram dərnəyində iştirak edib. Yeniyetmə Baratın Gəncədə yaratdığı C.Məmmədquluzadənin “Ölülər” əsərində Nazlı, C.Cabbarlının “Od gəlini” faciəsində Solmaz, “Sevil” dramında Gülüş obrazları onun parlaq yaradıcılığından xəbər verib.

Tədbirdə milli mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan sənətkarın zəngin yaradıcılıq yoluna nəzər salınıb.

Diqqətə çatdırılıb ki, istedadlı aktrisanın sənət yolunun ən böyük uğurları üçüncü bir tarixi şəhər – Bakı ilə bağlıdır. Azərbaycan Dövlət Akademik Mili Dram Teatrı B.Şəkinskayanın estetik dünyasının beşiyi idi. Burada ifa etdiyi rolları ilə qısa zamanda teatrın aparıcı aktrisası kimi şöhrətlənib. Onun yaratdığı obrazlar milli teatr salnaməmizin unudulmaz səhifələridir.

Bildirilib ki, ecazkar səsi, son dərəcə məlahətli səhnə görkəmi ilə ürəkləri fəth edən, əsl xalq məhəbbəti qazanan, “Azərbaycan səhnəsinin Cülyettası” adlandırılan B.Şəkinskaya klassik və çağdaş dramaturqların əsərlərində canlandırdığı bənzərsiz obrazlar ilə milli teatr sənətimizin görkəmli simaları səviyyəsinə yüksəlib. İncə zövqü, dərin mütaliəsi, səhnə mədəniyyəti, dünyagörüşü ilə seçilən B.Şəkinskaya yaradıcılığının tacı sayılan Cülyetta, Dezdemona, Luiza, Viola kimi mürəkkəb obrazlar yaradıb.

Azərbaycan kinosunun Şövkəti (“Görüş”), Sənəmi (“O olmasın, bu olsun”), Tükəzbanı (“Qəribə əhvalat”) olan Barat xanım milli kino və teatr tarixində yeniliklər etmiş nadir aktrisalardandır.

Vurğulanıb ki, sənətkarın Cülyetta rolunda yağlı boya ilə çəkilmiş rəsmi bu gün Londonun Şekspir muzeyində dünya səhnəsinin korifeylərinin portretləri ilə bir sıradadır.

Qeyd olunub ki, B.Şəkinskaya həm də səhnəmizdə ilk oğlan rolunu oynayan aktrisadır. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik keyfiyyətlərinə görə teatr tariximizdə silinməz iz buraxıb. Aktrisa çoxlu sayda uşaq rolları da oynayıb. Sonuncu dəfə uşaq rolunu 37 yaşında canlandırıb. Bu, M.Təhmasibin “Çiçəklənən arzular” pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub. Yaratdığı komediya obrazları isə B.Şəkinskayanın fitri istedadının digər bir tərəfini üzə çıxarıb.

O, 1935-ci ildən xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub. Teatr və kino sənətindəki inkişafına görə B.Şəkinskaya respublikanın əməkdar, daha sonra xalq artisti fəxri adlarına layiq görülüb.

B.Şəkinskaya bütün varlığı və sonsuz sevgisi ilə Azərbaycan teatr məktəbinin ənənələrini qoruyub və inkişaf etdirib. O, teatr səhnəmizin həm əfsanəsi, həm də canlı klassiki sayıla bilər. B.Şəkinskayanın unudulmaz siması, bənzərsiz səsi və böyük sənəti ilə yaddaşlarda yaşayacaqdır.

Yubiley gecəsində sənətkara həsr edilən film göstərilib, vaxtilə iştirak etdiyi tamaşalardan səhnələr nümayiş olunub.

Gecədə müxtəlif teatrların aktyorları tərəfindən B.Şəkinskayanın vaxtı ilə yaratdığı obrazlar yenidən səhnədə canlandırılıb və böyük tamaşaçı marağına səbəb olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri