Fev
2015
13:43
126
9
2545
Virtual karabakh

Qara Qarayev – 97

O, nəslində özünü musiqi sənətinə həsr etmiş ilk adamdır.

Bu gün dahi bəstəkar Qara Qarayevin doğum günüdür.

Oxu.Az xəbər verir ki, Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olub.

Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr etmiş ilk adamdır.

1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib, 1930-cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935-ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olub.

1937-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilib. 1938-ci ildən 1940-cı ilədək P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (A.N.Aleksandrov) tələbəsi olub, 1941-ci ildə Bakıya qayıdaraq Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsini tutub.

1944-cü ildə Azərbaycan Bəstakarlar İttifaqının idarə heyəti sədrinin müavini və yenidən 1946-cı ilədək Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (Dmitri Şostakoviç) tələbəsi olub.

1946-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlamış, elə həmin il Cövdət Hacıyevlə birlikdə yazılmış “Vətən” operasına görə SSRİ Dövlət mükafatı laureatı olub, SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilib və “Əməkdə igidliyinə görə” medalı ilə mükafatlandırılıb.

1948-ci ildə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçilib, Azərbaycan Dövlət Konservatoriyasının dosenti, “Leyli və Məcnun” simfonik poemasına görə Dövlət mükafatı laureatı olub və Azərbaycan Elmlər Akademiyasının memarlıq və incəsənət İnstitutunun musiqi bölməsinə rəhbərlik etməyə başlayıb.

1949-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının direktoru olub. 1950-ci ildə SSRİ Nazirlər Soveti yanında SSRİ Dövlət mükafatları üzrə komitənin üzvü təyin edilib, 1952-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçilib.

1953-cü ildə Leninqrad Dövlət Kiçik (“Malıy”) opera teatrında “Yeddi gözəl” baletinin ilk tamaşası qoyulub.

1954–1982-ci illərdə SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü, 1955–ci ildə Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, 1958–ci ildə Azərbaycan SSR xalq artisti adlarını alıb.

1956–1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləyib, 1957–ci ildə SSRİ kinematoqraf işçilər ittifaqının üzvü, “Bir məhəlləli iki oğlan” filminin musiqisinə görə birinci Ümumittifaq sovet filmləri festivalının laureatı, 1962-ci ilədək SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü olub. 1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olub.

1959–cu ildə SSRİ xalq artisti, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru, Azərbaycan Elmlər Akademiyasının akademiki, 1960–cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilib.

1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı “İldırımlı yollarla” baletindən İkinci süitanın ifası ilə bağlı Los-Ancelesdə I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olub, həmin il “Qırmızı Əmək Bayrağı” ordeni ilə mükafatlandırılıb.

1963–cü ildə Leninqrad Kiçik (“Malıy”) opera teatrının qastrolları zamanı Qahirədə “Yeddi gözəl” baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olub. 1964–cü ildə SSRİ Böyük teatrının qastrolları zamanı “İldırımlı yollarla” baletinin tamaşaya qoyulması ilə bağlı “Varşava payızı” çağdaş musiqi festivalında iştirak edib.

1965–ci ildə “Antoni və Kleopatra” tamaşasına yazdığı musiqiyə görə M.F.Axundov adına Mukafatın laureatı, aprelin 21-i Moskvada, iyunun 2-i Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutub.

1966-cı ildə Dirijorların İkinci Ümumittifaq musabiqəsində münsiflər heyətinin sədri olub, sovet mədəniyyət və incəsənət ustaları arasında İspaniyaya səfər edib, Bakıda “Klassik süitanın” ilk ifaçısı olub.

1967-ci ildə “İldırımlı yollarla” baletinə görə Lenin mükafatı və Lenin ordeni ilə təltif olunub. 1968–ci ildə aprelin 21–də Qorki (indiki Nijni Novqorod) şəhərində, aprelin 28-i Moskvada Violino ilə simfonik orkestr üçün Konsertin ilk ifaları olub.

1969–cu ildə “Yeddi gözəl” baletinin və “Leyli və Məcnun” simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs festivalına, sovet mədəniyyət və incəsənət ustaları arasında Yaponiyaya səfər edib.

1971–ci ildə “Qoysa” filminə yazdığı musiqi ilə bağlı çəkiliş bölüyü ilə Almaniya Demokratik Respublikasında səfərdə olub, həmçinin həmin il “Oktyabr inqilabı” ordeni ilə mükafatlandırılıb.

1972–ci ildə “Varşava payızı” çağdaş musiqi festivalında və bəstəkarlar ittifaqları katibliklərinin toplantılarında keçirilən balet artistlərinin İkincı beynəlxalq musabiqəsində münsiflər heyətinin üzvü olub.

1973-cü ildə P.İ.Çaykovski adına V beynəlxalq musiqi musabiqəsinin münsiflər heyətinin üzvü, modal musiqi məsələləri ilə bağlı Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib.

1976-cı ildə “Gənc bəstəkarların yetişdirilməsi” simpoziumunun işində iştirak edib, sovet və italyan bəstəkarlarının ikitərəfli görüşündə iştirakı ilə bağlı İtaliyanın Pezaro şəhərinə səfər edib.

1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı 2  adını alıb, Ümumdünya müəllif hüquqları agentliyi konqresinin iştirakçısı kimi Parisdə səfərdə olub, Moskva operetta teatrında “Çılğın qaskoniyalı” müziklinin ilk tamaşası qoyulub.

1982–ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişib. Bakıda dəfn olunub.

Qara Qarayev həkim-pediatr Mürsəl Qarayevin qardaşı, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmisi, bəstəkar Fərəc Qarayevin atasıdır.

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri