24 
Mar
2015
11:13
75
16
1604
Virtual karabakh

İçərişəhərdə keçirilən II Beynəlxalq Novruz Festivalı başa çatıb - FOTO

24 Mar, 2015
11:13
1604

İçərişəhərdə keçirilən II Beynəlxalq Novruz Festivalı başa çatıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Festivala Azərbaycanla yanaşı, yeddi ölkənin nümayəndələri də qatılıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə xalqımızın qədim tarixə malik milli bayramı olan Novruz münasibətilə təşkil edilən II Beynəlxalq Novruz Festivalı martın 23-də yekunlaşıb.

Oxu.Az AZƏRTAC istinadən xəbər verir ki, havanın yağmurlu olmasına baxmayaraq festivalın son günündə də musiqili, əyləncəli-bədii bayram proqramı, sərgilər və digər tədbirlər keçirilib.

Festivala Azərbaycanla yanaşı, yeddi ölkənin - Türkiyə, Rusiya, İran, Pakistan, Özbəkistan, Tacikistan və Qırğızıstanın nümayəndələri də qatılıb.

Festival münasibətilə Qoşa qala qapısı meydanında “Meydan bazarı” təşkil olunmuşdu. Yerli və xarici ölkə nümayəndələrinin iştirak etdiyi “Meydan bazarı”nda hər bir ölkənin mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları, suvenirlər, kitablar, açıqcalar, broşurlar, milli mətbəx nümunələri sərgilənib.

Novruz bayramı şənlikləri, həmçinin bir-birindən maraqlı çoxsaylı tədbirlərlə qeyd edilib. Belə ki, pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərib, Bakı Uşaq Teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

Festival çərçivəsində, həmçinin Əliağa Vahidin heykəli qarşısında da konsert proqramları keçirilib.

Qeyd edək ki, bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçirilib.

“Qala” Qoruğunda təşkil edilən iki günlük Novruz tədbirləri ilə əlaqədar olaraq Qoşa qala qapıları qarşısından yola düşən nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərib.

Dörd gün davam edən II Beynəlxalq Novruz Festivalı paytaxt sakinləri ilə yanaşı, turistlərin də böyük marağına səbəb olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri