12 
Sen
2017
12:47
7
123
8599
Virtual karabakh

Obraz, fəxri ad, vəzifə – əfsanəvi sənətkarların intriqa səbəbləri – ARAŞDIRMA

Sənət aləmində rəqabət, intriqa, söz-söhbət qaçılmazdır. Bu, əlli il öncə də olub, indi də var və yəqin ki, yenə də olacaq. Bəs bu intriqaların əsl səbəbləri nədir?

Oxu.Az xəbər verir ki, ölkə.az əfsanəvi sənətkarların bir qisminin, necə deyərlər, yola getməmək səbəblərini araşdırıb.

Xalq artisti Polad Bülbüloğlu əfsanəvi opera ifaçısı Müslüm Maqomayevlə heç vaxt yola getməyib. Ancaq deyilənlərə görə, Maqomayev heç də bu ədavətə tərəfdar deyilmiş. Elə Bülbüloğlunun Maqomayevin Rusiyadakı səfirliyimizin ərazisində qoyulmuş abidəsinin açılış mərasimində iştirak etməməsi, üstəlik, əməkdaşlara "ora getsəniz, sabah işə gəlməyin" xəbərdarlığı vəziyyəti tam izah edir. Görünən budur ki, cənab səfir, necə deyərlər, Maqomayevin ölüsünə də kin bəsləyir.

Polad Bülbüloğlunun ədavəti olan başqa bir sənətkar Məlik Dadaşov olub. Azərbaycan kinosunun əfsanəsi ilə Bülbüloğlunun münasibətləri 80-ci illərin sonlarında korlanıbmış. Deyilənlərə inansaq, Dadaşov Polad müəllimin atası Bülbüllə bağlı hansısa xoşagəlməz ifadə səsləndirib və ondan sonra münasibətlər korlanıb. Hətta iş o yerə çatıb ki, Məlik Dadaşovun vəfatından sonra P.Bülbüloğlu bu ədavəti onun oğlu, xalq artisti Rafael Dadaşovla aparırmış.

Məncə, indi təqdim edəcəyim bir fakt hər şeyi deyir. Rafael Dadaşov 1987-ci ildə - 41 yaşında Əməkdar artist fəxri adına layiq görülüb. 1988-ci ildə isə Bülbüloğlu mədəniyyət naziri təyin edilib və 2005-ci ildə tutduğu vəzifədən azad edilib. Məhz bu dövr ərzində Rafael Dadaşov Xalq artisti fəxri adını ala bilməyib. Yalnız Polad Bülbüloğlu Rusiyaya səfir göndəriləndən sonra - 2006-ci ildə Rafael Dadaşova layiq olduğu Xalq artisti fəxri adı verilib.

Hətta deyilənlərə inansaq, Rafael Dadaşov Polad Bülbüloğlundan atası ilə olan ədavəti onunla davam etdirməməyi xahiş edib. Ancaq təbii ki, bu xahişlər nəticə verməyib.

Yeri gəlmişkən, Polad Bülbüloğlunun atası Murtuza Məşədi Rza oğlu Məmmədov (Bülbül) Rəşid Behbudovla yola getməyib. Yaşca Rəşid Behbudovdan böyük olan Bülbül gənc həmkarının qəfil parlamasını və ard-arda böyük uğurlar qazanmasını qəbul edə bilmirmiş.

Azərbaycanın iki görkəmli teatr və kino xadimi - Ədil İsgəndərov və Ələsgər Ələkbərov arasında da uzun illər intriqa olub. Belə ki, İsgəndərov 1959-cu ildə Moskvada keçirilən dekadaya aparılacaq heyətə Ələkbərovun adını daxil etməyib. Bu isə o demək idi ki, Ə.Ələkbərov SSRİ Xalq artisti olmaq üçün hələ bir müddət də gözləyəcəkdi. İsgəndərovun qərarı ilə dekadaya İsmayıl Dağıstanlı aparılır və həmin il də SSRİ Xalq artisti fəxri adına layiq görülür. Ələkbərov bunun səbəbini İsgəndərovdan soruşanda cavab belə olur ki, sən daha böyük sənətkarsan, gec-tez bu adı alacaqsan, Dağıstanlıya kömək etmək lazım idi, etdim. Bundan sonra iki böyük sənətkar arasında gərginlik yaranmağa başlayır. Hətta tərəflər (xüsusən də Ələkbərov) bir-birinə nalayiq sözlər işlətməkdən də çəkinmirmişlər.

Növbəti dəfə Moskva qastroluna "Otello" tamaşası aparılmalı imiş. İsgəndərov Ələkbərovdan xəbərsiz Otello obrazını ona verir. İsmayıl Dağıstanlı, Ağasadıq Gəraybəyli, Ağadadaş Qurbanov elanlar lövhəsində Ələsgər Ələkbərovun adını görən kimi İsgəndərovun kabinetinə gedib baş verənləri danışırlar. Sən demə, bir neçə dəqiqə əvvəl Ələkbərov teatrın qarşısında İsgəndərovu söyürmüş. İsgəndərov ona xəbər gətirən aktyorlara deyir ki, Ələkbərov yaxşı adam olmaya bilər, ancaq çox böyük aktyordur və Otellonu ondan başqa kimsə oynaya bilməz. Bu arada, bir maraqlı faktı qeyd etmək yerinə düşər. Moskvadakı tamaşaya SSRİ xalq artisti Sergey Bondarçuk da baxır və Ələkbərovun oyununa reaksiyası belə olur: "Başa düşmürəm, belə böyük aktyorun qarşısında niyə məni Otello roluna çəkiblər? O, sadəcə, möhtəşəmdir".

Məhz "Otello" tamaşasından sonra Ələsgər Ələkbərov da SSRİ Xalq artisti fəxri adına layiq görülür. Ancaq bu iki sənətkar ömürlərinin sonuna qədər küsülü qalırlar.

Ədil İsgəndərovun küsülü olduğu başqa bir sənətkar Yusif Vəliyevdir. Əslində, İsgəndərovla Vəliyevin arası kinostudiyanın bir işçisinə görə dəymişdi. Vəliyev kinostudiyanın işçilərindən biri ilə dalaşır və onu döyür. Bunu eşidən İsgəndərov bərk əsəbləşir və Vəliyevi kinostudiyanın həyətinə buraxmamaqla bağlı göstəriş verir. Ancaq  "Axırıncı aşırım" filminin çəkilişləri tamamlandıqdan sonra səsləndirmə prosesində deyir ki, mənim səsimi Yusif Vəliyev yazsın, gözəl səsdir.

Teymurləng obrazına da Ədil İsgəndərov çəkilməli imiş. Ancaq rejissor Həsən Seyidbəylinin təklifinə İsgəndərovun cavabı belə olur: "Yusif Vəliyev kimi böyük sənətkar ola-ola, mənim həmin obraza çəkilməyim doğru deyil. O, bu rolu məndən yaxşı oynayar".

İki əfsanəvi aktrisa - Hökumə Qurbanova və Leyla Bədirbəylinin münasibətləri isə Dezdemona obrazına görə pozulubmuş.

Belə ki, "Azdrama"nın repertuarının səksən faizini daşıyan Qurbanova bu rolun Leyla Bədirbəyliyə verilməsinə etiraz edir və aktrisalar küsülü qalırlar. Ancaq sonrada Qurbanova da bu obrazı canlandırır və deyilənə görə, bunu Bədirbəylidən daha uğurlu edir.

Siyavuş Aslanla Hacıbaba Bağırovun münasibətləri isə vəzifə üstündə pozulmuşdu. Siyavuş Aslan "Muzkomediya"nın direktoru olmaq istəyirmiş. Amma son anda Hacıbaba Bağırovun direktor təyin edilməsi barədə qərar qəbul edilir. Qərara etiraz edən S.Aslan "Muskomediya"nı "Azdrama"ya dəyişir.

A.M.

www.oxu.az

Digər Mədəniyyət xəbərləri