25 
May
2015
15:36
12
2
1063
Virtual karabakh

Ketlin Aasen və Vüsal Rəhimin birgə sərgisi - FOTO

25 May, 2015
15:36
1063

Ketlin Aasen və Vüsal Rəhimin birgə sərgisi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu iki rəssamın əsərləri ilk dəfədir ki birlikdə nümayiş etdirilir.

Duet böyük məmnunluqla Amerika rəssamı Ketlin Aasenin (Duet Qalereyası) və Azərbaycan rəssamı Vüsal Rəhimin (YAY Qalereyası) yaradıcılığını təqdim edən sərgi barədə xəbər verir.

Oxu.Az-ın xəbərinə görə, bu iki rəssamın əsərləri ilk dəfədir ki birlikdə nümayiş etdirilir. Onların abstrakt rəngkarlığa yanaşma özəllikləri vasitəsilə sərgi iki ölkə arasında mədəniyyət dialoqu təəssüratı bağışlayır. Duet Qalereyasının (Sent-Luis, ABŞ) direktoru Daniel Mak-Qrat və YARAT Müasir İncəsənət Məkanının (Bakı, Azərbaycan) yerli proqramlar üzrə direktoru Lana Sokolova bu sərgiyə birlikdə kuratorluq edirlər.

Vüsal Rəhimin sərgidə nümayiş etdirdiyi rəngkarlıq silsiləsi onun əvvəlki əsərlərində sınayıb-təkmilləşdirdiyi özünəməxsus rəssamlıq üslubu üzərində qurulub. Hər bir tablosunda Vüsal Rəhim insan fiqurunun tanınan cizgilərini ayrı-ayrılıqda müəyyən abstrakt formalar şəklində göstərərək, parlaq rəng palitrasından aldığı boyanı kətan üzərinə sərbəst, süzgün yaxmaqla vahid obraz halına gətirir, birləşdirir. Onun tablolarından duyulan dinamik hərəkət hissi bu əsərləri tükənməz enerji ilə doldurur. Cizgilər və düşünülmüş kompozisiya vasitəsilə rəssam həmin enerjiyə nəzarət edir. 

Ketlin Aasenin rəngkarlıq əsərləri Vüsal Rəhimin tabloları ilə yanaşı nümayiş etdirilərək, kontrapunkt təşkil edir. Onun kağız və kətan üzərində çəkdiyi şəkillərin üstündə ara-sıra ləkələr düşüb, boyalar axaraq iz qoyublar, rənglər solub. Üst qatın əriyib-axan boyaları altından astarın boylanıb-çıxdığına görə bu təsvirlər, sanki, təbii, ancaq formalarından heç nəyə oxşamayan bir görüntü yaradırlar və beləcə, yoxluğa işarə vururlar. Üslub baxımından Vüsal Rəhimin işlərinə nə qədər nəzarət və enerji, səliqə-sahman və dinamizm xasdırsa, Ketlin Aasenin əsərləri üçün bir o qədər səssizlik, müəllif barədə az məlumat vermək səciyyəvidir.  

Direktor və müştərək kurator Daniel Mak-Qrat belə izah edir:

 “Keçən ilin oktyabrında Lana Sokolova “CEC Arts Link”-in art-rezident qonağı qismində Sent-Luisdə olduğu zaman onunla görüşmək mənə nəsib oldu. Biz onunla “Duet”də müştərək kuratorluğumuzla sərgi keçirmək imkanlarını müzakirə etdik. Vüsal Rəhimlə Ketlin Aasenin əsərlərini birlikdə sərgiləmək Lananın seçimi oldu. Onun fikrincə, bu rəssamların abstrakt rəngkarlıqda nümayiş etdirdikləri üslub baxımından onların qoşa təqdimatı maraqlı, düşündürən olmalı idi.”

Yerli proqramlar üzrə direktor və müştərək kurator Lana Sokolova vurğulayır:

“İlk dəfə Ketlinin əsərlərinə baxan kimi, Vüsalın emalatxanasında gördüyüm abstrakt eskizləri xatırladım. Ketlinlə duet sərgilənmək üçün məhz Vüsalı ona görə seçdim ki, bu iki rəssamın əsərlərində gerçəkliyin abstrakt təsvirə çevrilməsi güclü bir paralel təşkil edir. Ketlinlə Vüsal ikisi də açıq, aktiv rənglərdən istifadə edir, öz rəngkarlıq işlərində rəngin insan hissiyyatlarını oyadan xüsusiyyətlərini instinktiv duyub-anladıqlarını nümayiş etdirirlər. YARAT Müasir İncəsənət Məkanı müxtəlif mədəniyyətlər arasında dialoqun qurulması uğrunda çalışır və bu baxımdan, belə bir sərgi bizim qarşımızda qoyulan məqsədlərə bir az da yaxınlaşmaq üçün yaxşı imkandır. Gənc Azərbaycan və Birləşmiş Ştatlar rəssamları arasında əlaqələri möhkəmləndirmək işində incəsənətin rolu olduqca böyükdür.”

Qeyd edək ki, Vüsal Rəhim təsviri sənət üzrə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında almışdır. Əsərləri YAY Qalereyası tərəfindən təmsil edilərək, Azərbaycanda və xaricdə sərgilənir. “Black woman” adlı fərdi sərgisi YAY Qalereyasında keçirilmişdi (Bakı, Azərbaycan). İştirak etdiyi qrup sərgiləri: “BACARART layihəsi”, Azərbaycan; “Ev, doğma ev”, Azərbaycan Mədəniyyət Mərkəzi, Paris; “Sülh dairəsi”, Gürcüstan Yazıçılar Evi, Tbilisi, Gürcüstan; “Commonist”, YARAT Müasir İncəsənət Mərkəzi, Bakı, Azərbaycan; IV Beynəlxalq Türk mədəniyyəti, incəsənəti və mədəni irisi simpoziumu, Milan, İtaliya; “İz”, Azərbaycan Milli Tarix Muzeyi, Bakı, Azərbaycan.

Ketlin Aasen isə təsviri sənət üzrə bakalavr diplomunu Sent-Luisdəki Missuri Universitetini bitirərək almışdır. Hazırda Sent-Luisdəki Vaşinqton Universitetində təsviri sənət magistraturasında oxuyur: rəngkarlıq üzrə təhsil alır. Bu onun ilk duet sərgisidir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri