21 
Sen
2015
11:55
160
7
3078
Virtual karabakh

“Arşın mal alan” filmi Hollivudda nümayiş olundu – FOTO

21 Sen, 2015
11:55
3078

“Arşın mal alan” filmi Hollivudda nümayiş olundu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlk dəfə.

1945-ci ildə çəkilmiş “Arşın mal alan” filmi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən sentyabrın 19-da Hollivudda nümayiş olunub.

Konsulluqdan Oxu.Az-a verilən məlumata görə, bu, “Arşın mal alan” filminin Hollivudda ilk premyerası kimi tarixə düşüb. Film Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş “Ricardo Montalban” kinoteatrında təqdim edilib.

Filmin nümayişindən əvvəl Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev film barədə məlumat verib. Baş konsul, 2001-ci ildə Heydər Əliyevin bu filmin bərpa edilməsini tövsiyə etdiyini diqqətə çatdıraraq, tamaşaçıları həmin çıxışın video-yazısına baxmağa dəvət edib.

Sonra Heydər Əliyevin çıxışı nümayiş olunub. N.Ağayev Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə filmin 2013-cü ildə bərpa edildiyini və rənglənmiş versiyasının təqdim edildiyini vurğulayaraq, bunun tarixi hadisə olduğunu, “Arşın mal alan” filminə yeni həyat qazandırdığını bildirib. Diplomat, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Azərbaycanda və dünyanın müxtəlif ölkələrində musiqi və mədəniyyətimizin təşviqi istiqamətində gördüyü işlər barədə də tamaşaçıları məlumatlandırıb.

Baş konsul, Los Anceles və Kaliforniyanın 6 digər şəhəri tərəfindən 18 sentyabrın “Üzeyir Hacıbəyli Günü” elan edildiyini deyib.

Rəşid Behbudovun qızı Rəşidə Rəşid çıxışında filmlə bağlı atasından eşitdiyi xatirələri tamaşaçılarla bölüşüb. R.Rəşid, filmin bərpasına və rənglənməsinə görəHeydər Əliyev Fonduna təşəkkür edərək, bunun Azərbaycan mədəni irsinə böyük töhfə olduğunu bildirib. R.Rəşid, “Arşın mal alan” filminin Los Anceles kimi dünya kino sənayesinin mərkəzində nümayiş olunmasının tarixi hadisə olduğunu vurğulayıb.    

Daha sonra filmin bərpasını və rənglənməsini həyata keçirən Hollivud şirkətinin rəhbəri İqor Lopatonok, eləcə də vizual effektlər üzrə 2002-ci ildə Oskar mükafatı almış, 21 Ceyms Bond filminin bərpasını həyata keçirmiş Prays Petel (Price Pethel) və Sony Pictures, Walt Disney Studios kimi tanınmış kino-şirkətlərinin filmlərinin tərtibatçısı Ceyn Hiks (Jane Hicks) çıxış ediblər.

Sonra film nümayiş etdirilib. Nümayişə Los Ancelesdə yaşayan kinosevərlər, jurnalistlər, müxtəlif ölkələrin Los Ancelesdəki baş konsulları və konsulluq əməkdaşları, ictimai-siyasi qurumların nümayəndələri və digər şəxslər olmaqla 650 nəfərə yaxın tamaşaçı qatılıb.

Qeyd edək ki, nümayişdə sözügedən filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstərilib. Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, Rəşid Behbudovun 100, “Arşın mal alan” filminin isə 70 illiyinə həsr olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri