25 
Noy
2015
11:45
138
19
4883
Virtual karabakh

Türkiyə-Rusiya gərginliyi neftin qiymətini artırdı – ŞƏRH

25 Noy, 2015
11:45
4883

Türkiyə-Rusiya gərginliyi neftin qiymətini artırdı – ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftin qiyməti bir faktordan asılı deyil”.

Türkiyə-Rusiya arasında gərginliyin davam etməsi artıq dünya birjalarında neftin qiymətlərinə də öz təsirini göstərib. Belə ki, Brent markalı neftin qiyməti iki dollara yaxın artaraq, hətta 46 dolları belə keçib. 

Oxu.Az məsələ ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrini öyrənib. 

“Gərginlik artıq özünü neftin qiymətində göstərib. Uzun zaman idi siyasi məsələlər neftin qiymətində, yəni birjalara bu cür təsir göstərmirdi. Ancaq dünənki hadisədən sonra artıq bu gün bir çox şərhçilər bu hadisələrdən neftin qiymətində siyasi amilin rolunu göstərirlər”, - deyə o bildirib. 

Onun sözlərinə görə, iki ölkə arasında baş verən gərginlik təkcə neftin qiymətinə təsir göstərməyib:

“Əsasən terror hadisəsi bir gün baş verir və bitir. Amma hazırda Rusiya ilə Türkiyə arasında baş verən gərginlik isə davam etməkdədir. Elə bu səbəbdən iki ölkə arasındakı gərginlik təkcə neftin qiymətinə təsir göstərməyib. Belə ki, Türkiyədə Rusiya ilə əlaqəli bütün bağlantılar hamısı enir. O cümlədən də Rusiyanın Türkiyə ilə biznesi olan şirkətlər, istər İT şirkətləri, istər nəqliyyat, istərsə də turizm, enerji - hamısı qırmızı zonadadır. Hətta, Yandex kimi şirkətin səhmləri artıq dünən gecədən düşməyə başlayıb. 

Hazırda söhbət 44 milyardlıq ikitərəfli ticarət dövriyyəsi olan iki dövlətin əlaqələrindən gedir. Bu əlaqələr isə Moskva ilə Qərbin münasibətlərinə də təsirsiz ötüşmür.

Belə ki, noyabrın 26-da Fransa prezidenti Fransua Olland G20 sammitində Suriyada münaqişənin tənzimlənməsinə dair əldə edilən razılıq çərçivəsində Moskvaya səfər etməli idi. Ancaq bu məsələ baş verən son hadisələrdən sonra təxirə salındı”.

İlham Şaban qeyd edib ki, Kremlin rus vətəndaşlarına Türkiyəyə getməməsi ilə bağlı çağırışı artıq neftin qiymətinin 46 dolları keçməsinə təsir edən informativ təsirlərdən ən güclüsü olub:

“Hazırkı situasiyada Rusiya ilə NATO arasında da münasibətlərin gərginləşdiyinin şahidi olduq, çünki artıq Kreml bəyan edib ki, bu hadisənin NATO tərəfindən hər-hansı bir şəkildə obyektiv araşdırılmasını şübhə altına alır. Bu isə artıq göstərir ki, Rusiya ilə Qərb arasında əlaqələr ziddiyyətli bir səpkiyə doğru gedir. 

Bundan başqa, İraq türkmənlərinin bombalanması onların da Bəşər Əsəd rejiminə qarşı müxalifətdə olması və bundan sonra da bu əlaqələrdə rəsmi Ankaranın onların mövqeyini dəstəkləməsi iki ölkə arasında yəni Türkiyə və Rusiya arasında ziddiyyətlərə səbəb olacaq. Rəsmi Kreml öz vətəndaşlarının Türkiyəyə getməməsi ilə bağlı çağırış etməsi böyük məsələ olduğundan bu da neftin qiymətinə təsir edir. Artıq neftin qiyməti bununla 46 dollar həddini keçmiş oldu”.

İ.Şaban onu da əlavə edib ki, neftin qiymətinin gələcəkdə dəyişməsi təkcə Türkiyə-Rusiya gərginliyindən, yəni bir faktordan da asılı deyil. 

Qeyd edək ki, ötən gün Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus təyyarə Türkiyə tərəfindən vurulub. Bu isə iki ölkə arasında gərginliyin yaranmasına səbəb olub. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri