27 
Noy
2015
22:42
123
29
12332
Virtual karabakh

Rusiya Türkiyə ilə iqtisadi əlaqələri qırarsa, kim “qazanacaq”? - RƏY

27 Noy, 2015
22:42
12332

Rusiya Türkiyə ilə iqtisadi əlaqələri qırarsa, kim “qazanacaq”? - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir az ətraflı nəzər yetirmək və təhlil aparmaq lazımdır.

Rusiyanın baş naziri Dmitri Medvedevin hökumətə yaxın 2 gün ərzində Türkiyə ilə iqtisadi və humanitar sahələrdə qarşılıqlı münasibətləri məhdudlaşdırmağa dair müvafiq tədbirlər işləyib hazırlamağı tapşırması Moskvanın Ankara ilə uzun illər ərzində formalaşmış, xüsusən də son dövrlərdə daha da yüksək səviyyəyə çatmış mövcud əlaqələri birtərəfli qaydada qırmaqdan çəkinmədiyini nümayiş etdirir.

D.Medvedev bildirib ki, tədbirlər konkret hər hansı bir müddət üzrə tətbiq olunmayacaq və bu məsələ beynəlxalq situasiya, Türkiyə ilə münasibətlərin bundan sonrakı inkişaf istiqamətindən asılı olacaq. Söhbət iqtisadi əməkdaşlıq proqramlarını dayandırmaqdan, maliyyə əməliyyatları ilə xarici ticarət sövdələşmələrini məhdudlaşdırmaqdan, idxal-ixrac rüsumlarını dəyişdirməkdən, turizm sahəsində həyata keçiriləcək məhdudlaşdırma tədbirlərindən, daşımalar, hava və su nəqliyyatı da daxil olmaqla, humanitar əlaqələrdən gedir.

Odur ki, belə təəssürat yaranır ki, Rusiyanın Türkiyə ilə iqtisadi əlaqələrində sanki məhz Ankara Moskvadan asılı vəziyyətdə imiş və baş vermiş məlum təyyarə hadisəsinə görə də itirən demək, yalnız və yalnız Türkiyə olacaqdır.

Bu fikri gücləndirən ən böyük amillər isə ondan ibarətdir ki, hər iki ölkə arasında qarşılıqlı mal dövriyyəsində (2014-cü ildə cəmi 31 milyard ABŞ dolları) böyük üstünlük Rusiyaya məxsusdur, həmçinin Türkiyəyə Rusiyadan hər il təşviş buyuran milyonlarla turist (2014-cü ildə 4,5 milyon nəfər rus turisti gəlib) böyük məbləğdə gəlirlər gətirirdi, ən əsası da Ankara Rusiyadan energetika sahəsində asılı vəziyyətdədir.

Sonuncu barədə qeyd edək ki, Türkiyənin qaza olan tələbatının bu gün təqribən 60%-ni Rusiyanın “Qazprom” şirkəti ödəyir. “Lukoyl” isə sözügedən ölkədə 600-dən çox yanacaq doldurma məntəqəsinə sahibdir, həmçinin ümumiyyətlə, bütövlükdə enerji sektoruna dair ortada hər birinin dəyəri milyonlarla ABŞ dolları ilə ölçülən, hətta üstəlik 20 milyard dollar məbləğində olan atom elektrik stansiyasının tikilntisi kimi layihələr də vardır.

Bəs, əslində, vəziyyət necədir? Və iqtisadi əlaqələrin Rusiya tərəfdən birtərəfli qaydada dayandırılması kimə xeyir gətirəcək? Qısa desək, hansı ölkə iqtisadi cəhətdən daha çox digərindən asılı vəziyyətdədir?

Məsələ bundadır ki, heç də hər şey göründüyü kimi deyil. Belə ki, Rusiyanın Türkiyə ilə iqtisadi əlaqələri birtərəfli qaydada məhdudlaşdıracağı təqdirdə itirən ən çox əslində, elə məhz onun özü olacaq. Çünki hər şeydən öncə, Rusiya ilə Türkiyənin iqtisadiyyatları tam fərqli özüllər üzərində qurulub.

Belə ki, fikrimizi daha dəqiq ifadə etmək üçün qeyd edək ki, məsələn, bu gün Rusiyada istehlakçıların hüquqlarının qorunmasına nəzarət üzrə federal idarə sayılan Rospotrebnadzor" Türkiyə istehsalı olan yüngül sənaye məhsullarının, o cümlədən uşaq geyimləri ilə mebel və yuyucu vasitələrin keyfiyyətinin aşağı olduğunu bəyan edir. Və adı çəkilən qurum tərəfindən keyfiyyət və təhlükəsizlik tələbləri guya pozulduğu üçün Türkiyə məhsulları üzərində gücləndirilmiş nəzarət həyata keçiriləcəyi söylənilir.

Eyni zamanda, ət məhsulları, su bioloji resursları, qənnadı məmulatları, meyvə-tərəvəz və quru meyvə də daxil olmaqla, bir sıra mallar da risk qrupuna daxil edilib. Bundan əlavə, Rusiyaya məxsus iri turizm şirkətləri bu ölkə vətəndaşlarının Türkiyəyə türist səfərlərinə getmələri üçün bütün zəruri olan əməliyyatları dayandırmışdır. Həmçinin, Türkiyədən gələn yük avtomobillərinin Rusiya ərazisinə daxil olmasına və daşımalara da məhdudiyyət qoyulub. Sözümüz bunda deyil.

Bunları qoyaq bir kənara... İş ondadır ki, təkcə, bütün bu sadalananlar məhz hansı ölkənin iqtisadiyyatının əslində, daha çox möhkəm özüllər üzərində dayandığını və mövcud iqtisadi sistemin də real olaraq xammal, yoxsa xidmət və qeyri-enerji sektoru məhsulları istehsalı üzərində qurulduğunu əyani göstərir.

Sadəcə olaraq, bir az ətraflı nəzər yetirmək və təhlil aparmaq lazımdır.

Belə ki, Rusiya Türkiyədən fərqli olaraq sırf xammal ölkəsidir. Və bu mənada, Moskva üçün Türkiyə olduqca əlverişli və həm də zəruri bazardır. Digər tərəfdən, Rusiyanın daxili istehlak bazarı türk sənaye məhsulllarından əhəmiyyətli dərəcədə asılı vəziyyətdədir. Və bu tendensiya dünən və yaxud bu gün deyil, demək olar ki, hələ keçən əsrdən müşahidə olunmaqdadır. Sual olunur ki, bəs, bir az əvvəl hər iki ölkə rəsmiləri ticarət dövriyyəsinin həcmini görəsən, niyə 3 dəfədən çox artırmaq haqda danışırdılar?

Buna məgər, sırf Rusiyadan ixracı artırmaq hesabınamı nail olmaq nəzərdə tutulurdu? Sözsüz ki, yox.

Yeri gəlmişkən, Avropa İttifaqı (Aİ) Rusiyaya sanksiyalar tədbiq etdikdən sonra şimal qonşumuzun daxili bazarı türk sənaye və qida məhsulları idxalından daha asılı vəziyyətə düşdü.

Belə ki, hazırda xarici ticarət sövdələşmələrini məhdudlaşdırmağa, mövcud idxal-ixrac rüsumlarını dəyişdirməyə hazırlaşan Rusiya hökuməti bu ilin əvvəlində Türkiyədən müxtəlif çeşiddə malların idxalının artması üçün hətta əlavə güzəştlərə də getməyə hazır idi. Ona görə ki, Rusiyadan Türkiyəyə əsas etibarı ilə xammal məhsulları ixrac edilirdisə (iki ölkə arasında qarşılıqlı ticarətdə üstünlüyün Rusiyaya məxsus olması da bununla bağlıdır), əks tərəfdən kütləvi tələbat malları idxal olunurdu.

Türkiyə Rusiyanı bitki mənşəli məhsullar, tekstil və müxtəlif avadanlıqlarla təmin edir. Təkcə tikinti mallarını qeyd etmək isə ümumiyyətlə, kifayət idi.

O ki qaldı enerji sektoruna, Rusiyanın Türkiyədə bu sahədə mövcud bütün fəaliyyəti və perespiktiv layihələri Moskvanın stratejı maraqlarına xidmət edirdi, Türkiyənin yox... Və bu layihələrə görə Ankara Qərbin əslində, qınaq obyektinə çevrilmişdi.

Təkcə, Rusiya prezidenti Vladimir Putinin keçən ilin sonunda Türkiyəyə səfəri zamanı Cənub axını layihəsindən imtina etdikdən sonra “Türk axını” ideyasının ortaya atılması nəticəsində Aİ-nın necə “çaş-baş” vəziyyətə düşdüyünü xatırlamaq yerinə düşər.

Qeyd edək ki, Cənub axını arxivə atılan kimi Aİ Azərbaycan qazını Avropaya çatdıracaq TANAP-ın gücünü ildə 20 milyard kubmetrə qədər artırmaq haqda fikir irəli sürdü. Halbuki, bunun üçün müvafiq resurs, investisiya və sair lazımdır. Bu da əlavə mənbələr axtarmaq, xüsusən də Türkmənistan qazının da Transxəzər boru kəməri vasitəsilə ölkəmiz üzərindən ixracı layihəsi üzərində düşünməyi və onu da reallaşdırmağı tələb edir.

Bütün bunlar bir yana qalsın, ümumiyyətlə, Moskva özü TANAP-a ilk gündən barmaqarası baxırdı. Və dəfələrlə Azərbaycanın bu boru kəməri vasitəsilə 15 milyard kubmetrdən artıq qaz ixrac edə bilməyəcəyini vurğulayıb.

Ümumiyyətlə, Avropaya qaz ixracı ilə əlaqədar proseslər bilavasitə Moskvanın istəyinə uyğun olaraq inkişaf etsə idi, Azərbaycan qazını hətta Türkiyə bazarına çıxarmaq özü belə, lüzumsuz bir söhbət mövzusu çevriləcəkdi. Yeri gəlmişkən, Türkiyə tərəfinin tələbinə əsasən 2015-ci ilin yanvarın 1-dən Rusiya təbii qazın qiymətində 6% endirim də etməli idi.

Odur ki, sual yaranır: Rusiya-Türkiyə arasında mövcud olan iqtisadi əlaqələrin qırılmasından kim “udacaq”?

Fikrimizcə, hər şey aydındır...

Pərviz Heydərov
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri