13 
İyn
2016
11:59
46
13
4178
Virtual karabakh

“Gobustone” məsaməli beton bloklarına həsr olunmuş konfrans keçirilib

13 İyn, 2016
11:59
4178

“Gobustone” məsaməli beton bloklarına həsr olunmuş konfrans keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu bloklar Azərbaycan üçün yeni texnologiyadır”.

İyunun 8-də Azərbaycan Memarlıq və İnşaat Universitetində “Müasir məsaməli beton bloklarından istifadənin texniki-iqtisadi problemləri”nə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. 

Azərbaycan Memarlıq və İnşaat Universiteti, “Gobustone” məsaməli blokların istehsalçısı “AAC” MMC və Azərbaycanda Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondunun təşkilatçılığı ilə baş tutan konfransı universitetin Elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov açıb. 

O, son illərdə bütün istiqamətlərdə olduğu kimi, tikinti sahəsində də nəzərəçarpacaq inkişafın özünü göstərdiyini söyləyərək, bu inkişafda məsaməli beton bloklarının önəmini vurğulayıb: 

“Bu bloklar Azərbaycan üçün yeni texnologiyadır. Azərbaycan bazarında qısa vaxt ərzində sürətlə yayılıb. Tikintini reallaşdıran şirkətlərə nə lazımdır? İşin maya dəyəri aşağı düşsün, iqtisadi səmərə versin, keyfiyyətli olsun, ağır əl əməyi tələb edən işlər azalsın. 

Bütün bunlara tikintidə məsaməli beton bloklarından istifadə etməklə nail olmaq mümkündür. Memarlıq və İnşaat Universiteti olaraq, bizim üçün istehsalatla əlaqənin gücləndirilməsi prioritetdir ki, bu məsələni də qarşılıqlı şəkildə həyata keçiririk”.

Daha sonra çıxış edən “Gobustone” məsaməli blokların istehsalçısı “AAC” MMC-nin direktor müavini Murad Sərəcov təqdim etdikləri məhsulların texniki-iqtisadi problemlərinin araşdırılmasına həsr olunmuş belə bir konfransın keçirilməsini yüksək qiymətləndirərək əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə inandığını söyləyib. 

“Gobustone” MMC-nin Biznesin inkişafı və kommersiya departamentinin direktoru Vüqar Poladov isə çıxışında təmsil etdiyi qurumun sosial layihələrdəki fəaliyyətindən söz açıb: 

“Bu gün biz ikinci konfransı keçiririk. Çox gözəl haldır ki, artıq bu, ənənə halını alıb. Bu əməkdaşlığı digər istiqamətlərdə də davam etdirməyə çalışırıq. Universitetin magistr tələbələrinə təhsil müddətlərinin son 6 ayı ərzində “AAC” zavodunda təcrübə keçmək imkanı yaratmışıq. Hətta təcrübə keçən bir sıra tələbələrə təqaüd verilməsini də öz öhdəmizə götürmüşük”.

“Qartal” tikinti şirkətinin direktoru Şahin Məmmədov isə məsaməli beton bloklarının praktiki istifadəçisi kimi məhsuldan məmnunluğunu dilə gətirib: 

“Biz “Qartal” tikinti şirkəti olaraq, bu hörgü bloklarını Azərbaycan bazarında görməkdən çox məmnunuq. İstiyə-soyuğa davamlılığı, tikinti-quraşdırma işinin asanlığı çox böyük üstünlüklərdir. Şirkətimiz telekommunikasiya və hərbi obyektlərin tikintisi sahəsində fəaliyyət göstərir. 

Bu da tikinti zamanı həddən çox kabellərin quraşdırılmasını tələb edir. Biz bu kabelləri məsaməli blokların içərisi ilə rahat bir şəkildə quraşdıra bilirik. Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, məsaməli hörgü blokundan başqa, digər bloklardan istifadə etmirik”. 

Şahin Məmmədov məsaməli hörgü bloklarından istifadənin sıravi işçilərə sərf etmədiyini bildirsə də, əvəzində sahibkar üçün digər məhsullardan üstün olduğunu deyib: 

“Bəs bu məhsul fəhləyə nə üçün sərf etmir? Çünki iş yükü azdır, tikinti və quraşdırmada asanlıqla istifadə olunur, iş tez bitir. Əvvəllər fəhlə daha çox əmək, güc sərf edərək bir neçə ay işləyib maaş alırdısa, bu bloklarla tikinti aparıldıqda iş qısa zamanda bitir, məsələn, cəmi bir ay maaş alır. Bu zaman, təbii ki, fəhləyə və digər işçilərə sərf edəcək ki, iş prosesi uzansın. Sahibkar isə düşünməməlidir ki, hansısa hörgü bloku daha ucuzdur. 

Məsaməli beton bloklarının əlavə xərclərə qənaət, vaxta qənaət, ekoloji təmiz olması, səs keçirməməzlik, enerjiyə qənaət və digər üstünklükləri sahibkarın qazancıdır. Bununla bağlı maarifləndirmə işləri aparılmalı, tikinti sahəsində fəaliyyət göstərən insanlar məlumatlandırılmalıdırlar”.

Tikinti istehsalatının texnologiyası, təşkili və idarə edilməsi kafedrasının müdiri Sahib Fərzəliyev isə çıxışında müasir məsaməli beton bloklarından istifadənin texniki-iqtisadi problemlərinə toxunub: 

“Hər bir kafedra 5 illik tədqiqat mövzusu götürür. Qismətmi deyim, təsadüfmü deyim, 3 il öncə məsaməli beton blokları ilə bağlı bir tədbirə qatıldım. Həmin tədbirdə bu məhsulu istehsal edən şirkətin icraçı direktoru ilə görüşəndə o qənaətə gəldim ki, bu mövzunu araşdıraraq Azərbaycan tikinti aləminə öz töhfəmizi verməliyik. 

Artıq 3 ildir ki, tədqiqatlarımız uğurlu şəkildə davam etdirilir. Təəssüf ki, Azərbaycanda bu məhsulla bağlı, hələ ki, dissertasiya işi yoxdur. Bizim tədqiqatımız ilk olacaq. Onu da deyim ki, bu bloklardan istifadə tarixi dünyada bir əsrə yaxındır. Bizdə onun tarixi 5 ildir. Lakin qısa müddət ərzində öz müsbət keyfiyyətlərinə görə bu inşaat materialı tikinti istehsalatında öz dominantlığını təmin edib. 

Bu məhsulun geniş tətbiqi ilə bağlı dövlət proqramı da qəbul edilib. Ümumən, insanlar daim komfortlu, ucuz və keyfiyyətli, ekoloji təmiz evlər arzusunda olublar. Bu səbəbdən də tikinti istehsalatına müasir texnologiyalı məhsullar vəsiqə alır. 

İnşaat sektorunda müasir texnologiyalı məhsullar inkişaf etdikcə tikinti istehsalatının məzmunu da, fəlsəfəsi də dəyişir”. 

Sahib Fərzəliyev çıxışında günümüzdə enerji ehtiyatlarının məhdudluğunun qlobal problemə çevrilməsinə də diqqəti çəkib: 

“Bu problemin həlli yolu enerjiyə sərt qənaət siyasətindən keçir. Enerjiyə qənaətin başlıca yolu innovativ texnologiyalı tikinti məhsullarının istehsalata gətirilməsidir. Belə ki, istilik izolyasiyası olmadan tikilən ev qızdırıcılardan daxil olan istiliyin yalnız 30 faizini saxlayır, qalan 70 faizi çölə çıxır. 

Binada ən nəzərəçarpacaq istilik itkisi divarlar vasitəsi ilə baş verir - 30-35 %. Bu beton bloklar məsaməli struktur quruluşu ilə istiliyin və soyuğun pis keçirilməsinə səbəb olur. Həmçinin məsaməli divar blokları səs-küyün yayılmasına qarşı maksimum müqavimət göstərmək xüsusiyyətinə malikdir”. 

Texnika elmləri üzrə fəlsəfə doktoru Sahib Fərəzliyev çıxışında məsaməli beton bloklarının üstünlükləri barədə də danışıb: 

“Məsaməli beton blokları yanmayan materiallar qrupuna daxildir. Oda davamlılıq həddi 4-6 saata çata bilir. Məsaməli beton bloklarının çox yüngül olması daşınması və nəqli proseslərinin müddətini azaldır. 

Bu bloklardan istifadə əməyin təşkilini asanlaşdırır, təhlükəsizlik risklərini minimuma çatdırır. Məsaməli beton blokları adi mişar ilə kəsildiyindən onu istənilən ölçüyə və konfiqurasiyaya salmaq mümkündür, itkisi olmayan tikinti materialıdır. 

Bu bloklarla tikilən binalarda tamamlanma işləri də qısa zamanda bitir. Qara astar suvağa və zamaskaya ehtiyac qalmır. Boya və divar kağızı birbaşa səthə vurulur. 

Bütün bunlar da bu məhsulun təhlükəsiz və ekoloji təmiz olması ilə yanaşı, iqtisadi cəhətdən də nə qədər səmərəli olduğunu göstərir. Ümumilikdə, məsaməli beton blokları tikinti-quraşdırma işlərinin maya dəyərini 15-20 % aşağı salmaq, əmək tutumunu 20-25 % azaltmaq, iriləşdirilmiş blokların istifadəsi hesabına bənnaların gördüyü iş həcmini 2,5-3 dəfə azaltmaq, xarici divarların konstruksiyalarında səmərəli istilik izolyasiya materiallarının sərfiyyatını 95-97% azaltmaq, yük götürən məsaməli beton konstruksiyalarının armaturlanma sərfiyyatını 55-60 % azaltmaq və sair kimi yüksək göstəricilərə malikdir”.

Konfransda çıxış edən İstilik, qaz təchizatı və ventilyasiya kafedrasının müdiri Nurməmməd Məmmədov isə məsaməli beton bloklarından istifadə etməklə müasir binaların enerji effektivliyinin artırılmasından söz açıb. 

Daha sonra elmi-praktiki konfrans müasir məsaməli beton bloklarından istifadənin texniki-iqtisadi problemlərinə həsr olunan məruzələrin dinlənilməsi ilə öz işini davam etdirib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri