15 
Dek
2016
11:55
65
31
1790
Virtual karabakh

Türkiyə rəsmisi Bakı Beynəlxalq Dəniz Ticarət Limanından danışdı

15 Dek, 2016
11:55
1790

Türkiyə rəsmisi Bakı Beynəlxalq Dəniz Ticarət Limanından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xəzərin Azərbaycan sahillərində salınan azad ticarət və xüsusi iqtisadi zona təkcə Azərbaycan üçün deyil, Türkiyə iqtisadiyyatı üçün də böyük faydalar verəcək”.

Oxu.Az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hüseyn Müftüoğlu bildirib.

XİN rəsmisi deyib ki, hazırda Türkiyə sözügedən layihədə yaxından iştirak edən ölkələrdən biridir.

Onun sözlərinə görə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxın illərdə Dubayda olduğu kimi, regionun nəhəng azad ticarət zonasına çevriləcək:

“Son illər Azərbaycanda müasir və qlobal infrastruktur layihələri həyata keçirilir. Bu layihələrdən bəzilərində Türkiyə şirkətləri də yaxından iştirak edirlər. Yaxın vaxtlarda istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsi də Azərbaycan ilə Türkiyə qardaşlığının birgə işidir. Bu baxımdan, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələrini daha da artıracaq. Digər tərəfdən isə bu beynəlxalq layihə Türkiyənin Orta Asiya və Rusiya bazarına çıxışı üçün sərfəli imkanlar yaradır. Təbii ki, Türkiyə bu cür layihələrə hər zaman dəstək verəcək”.

Hüseyn Müftüoğlu qeyd edib ki, Azərbaycanda gedən inkişaf qardaş ölkə olaraq, Türkiyəni hər zaman sevindirir:

“Biz Azərbaycanı Cənubi Qafqazın lider ölkəsi hesab edirik. Bu gün Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və nəhəng layihələr onu deməyə əsas verir ki, paytaxt Bakı yaxın gələcəkdə dünyanın ən müasir şəhərləri ilə rəqabət aparacaq”.

Xatırladaq ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində salınan azad ticarət zonası tipli xüsusi iqtisadi zona 2017-ci ildən etibarən tam fəaliyyətə başlaya bilər. Bakı limanındakı sözügedən iqtisadi zonanın yaxın gələcəkdə Dubay, Honkonq, Şanxay və Sinqapur kimi dünyanın nəhəng nəqliyyat-logistika mərkəzinə çevriləcəyi nəzərdə tutulub.

Bu istiqamətdə lazımi addımlar atılması üçün Prezident İlham Əliyev tərəfindən müvafiq Sərəncam da imzalanıb. Bu sərəncam Bakı Limanının dünyanın məşhur liman mərkəzlərindən birinə çevrilməsinin hüquqi əsasını qoyub, bu işə təkan verib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri