10 
Yan
2017
16:22
31
178
10567
Virtual karabakh

Beynəlxalq Bankın yeni sədrinin adı məlum oldu – FOTO + YENİLƏNİB

Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) səhmdarlarının növbədən kənar ümumi yığıncağı keçirilib. 

Oxu.Az-a bankdan verilən məlumata görə, yığıncaqda Bankın İdarə Heyətinə sədr seçilməsi məsələsinə baxılıb. Səhmdarların qərarı ilə Xalid Nurəddin oğlu Əhədov ABB-nin İdarə Heyətinin sədri seçilib. 

Xalid Əhədov 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edirdi. Bank sektorunda 1999-cu ildən çalışan Xalid Əhədov indiyə qədər “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub. 

Bununla yanaşı, Aqşin Əmirov İdarə Heyətinə sədr müavini vəzifəsinə təyin olunub. A.Əmirov bundan öncə “Bank Respublika” ASC-də analoji vəzifəni tutub. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirləri davam etdirilməkdədir. 

09:55

Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, yığıncağın gündəliyinə bankın İdarə Heyətinin sədri Elmar Məmmədovun tutduğu vəzifədən azad edilməsi və yeni sədrin təyin edilməsi kimi məsələlər daxildir.

Qeyd edək ki, İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq Xalid Əhədov icra edir. Böyük ehtimalla, X.Əhədov İdarə Heyətinin sədri təyin olunacaq.

Bundan öncə xəbər verib ki, “Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və “Bank Respublika” ASC-nin İdarə Heyətinin sədr müavini Aqşin Əmirov ABB-nin rəhbərliyinə gətirilir. 

Bank sektorundakı mənbə isə bildirib ki, hər iki şəxs İdarə Heyətinin sədr müavini vəzifəsinə təyinat alacaq.

U.A.
www.oxu.az