17 
Yan
2017
19:30
110
67
2166
Virtual karabakh

SOCAR istiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib

17 Yan, 2017
19:30
2166

SOCAR istiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17 yanvar 2017-ci il tarixində SOCAR istiqrazları üzrə ilk faiz ödənişinin həyata keçirilməsi münasibətilə SOCAR-ın baş ofisi “SOCAR TOWER”da mətbuat konfransı keçirilib. 

Oxu.Az-ın məlumatına görə, mətbuat konfransında SOCAR-ın və onun struktur bölməsi olan “SOCAR Capital” şirkətinin rəhbərliyi iştirak edib. 

“SOCAR Capital” şirkətinin Müşahidə Şurasının sədri, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib ki, SOCAR istiqrazlarının buraxılması və təkrar bazarda tədavülü SOCAR-ın maliyyə mənbələrini şaxələndirməklə yanaşı, ölkə vətəndaşlarının vəsaitlərinin daha səmərəli istifadəsinə və Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına ciddi dəstək olub. 

“SOCAR istiqrazlarının buraxılması ilə əhalinin yığımlarının iqtisadi proseslərə cəlb olunması və istifadəsiz vəsaitlərin öz sahiblərinə fayda gətirməsi üçün əlverişli imkan yaradılıb. Nəticədə, istiqrazlara yatırılan vəsaitlər bu gün öz sahiblərinə ilk gəlirlərini gətirib” - deyə S.Qasımov bildirib. 

Mətbuat konfransında qeyd olunub ki, yanvarın 17-də həyata keçirilən faiz ödənişi çərçivəsində SOCAR istiqrazlarının sahiblərinə ümumilikdə 1 milyon 250 min ABŞ dolları həcmində faiz ödənilib. Bu vəsait istiqraz sahiblərinin bank hesablarına artıq köçürülüb və vətəndaşlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.

Bildirilib ki, SOCAR istiqrazlarının buraxılmasından əldə edilən vəsaitlər şirkətin maliyyələşmə imkanlarının şaxələndirilməsi, xaricə faiz ödənişlərinin azaldılması və faizlərin xaricə deyil, ölkə daxilinə, ölkə vətəndaşlarına ödənilməsi üçün istifadə edilib. 

Mətbuat nümayəndələrinin suallarına cavab verən SOCAR-ın qiymətli kağızlarının emissiyası üzrə baş məsləhətçisi və “SOCAR Capital” şirkətinin Məsləhət Şurasının üzvü Əli Ağaoğlu qeyd edib ki, hazırda SOCAR istiqrazları üzrə investorlara təklif olunan şərtlər nəinki Azərbaycanda, hətta bütün regionda ən əlverişli şərtlər sayıla bilər:

“SOCAR bəyan edib ki, istiqraz sahiblərindən bu kağızları istənilən vaxt nominal qiymətə, yəni 1000 dollara almağa hazırdır. Bu şərtlər investorlar üçün 100%-lik zəmanət deməkdir və indiyədək heç bir istiqraz buraxılışında belə bir zəmanət tətbiq olunmayıb”.  

S.Qasımov bildirib ki, məhz belə əlverişli şərtlərinə görə SOCAR istiqrazlarının ilkin buraxılışı zamanı investorlar tərəfindən 200 milyon dollardan artıq tələb qeydə alınıb ki, du ba istiqrazların ümumi həcmindən iki dəfə artıqdır. 

SOCAR istiqrazlarının təkrar bazarı da həddən artıq aktiv olub. Bu kağızların dövriyyəyə buraxılmasından keçən 3 ay ərzində təkrar bazarda istiqrazlar üzrə 40 milyon dollara yaxın əməliyyat aparılıb. Təkrar bazarda istiqrazlara fiziki şəxslərin marağı xüsusilə böyük olub. 

Tədbirdə bildirilib ki, təkrar bazarda istiqrazları Azərbaycan vətəndaşları ilə yanaşı, xarici vətənaşlar da alırlar. Bu sahədə Gürcüstan, Türkiyə və Rusiya vətəndaşları daha fəaldırlar. 

Mətbuat konfransında qeyd olunub ki, ölkə vətəndaşları, eləcə də yerli və xarici fiziki, hüquqi şəxslər SOCAR istiqazlarını təkrar bazardan əldə edə bilərlər. Bunun üçün onlar ASAN Xidmətin 1 və 5 saylı Xidmət Mərkəzlərinə, eləcə də *19 99 qaynar xəttə müraciət etməlidirlər.

Xatırladaq ki, Dövlət Neft Şirkətinın (SOCAR) daxili bazar üçün nəzərdə tutulmuş SOCAR İstiqrazları 2016-cı ilin sentyabr ayında buraxılıb. 

İstiqrazlar 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliliklə emissiya edilib.

İlkin olaraq abunə yazılışı yolu ilə satılan istiqrazlara investorlar tərəfindən tələbat 2 dəfədən artıq olub. 

Oktyabr ayının 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanılıb. Faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək. İlk faiz ödənişi 17 yanvar 2017-cı ildə həyata keçirilib. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri