25 
Yan
2017
12:24
61
21
3027
Virtual karabakh

Səfir “Bloomberg”ə Azərbaycanla bağlı müsahibə verib

Cari ilin yanvarın 16-da Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Azərbaycan ilə Bolqarıstan arasında diplomatik əlaqələrin 25 illiyi ilə bağlı “Bloomberg TV Bulgaria” telekanalının “In Progress” verilişində müsahibə verib. 

Oxu.Az xəbər verir ki, müsahibə kanalın rəsmi internet səhifəsində “Enerji Bolqarıstan ilə Azərbaycan arasında mövcud əlaqələrin əsasını təşkil edir” başlığı altında yerləşdirilib. 

Müsahibə zamanı səfir N.Qurbanova Azərbaycan ilə Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasından keçən 25 illik dövrü ikitərəfli əməkdaşlığın inkişafı baxımından yüksək qiymətləndirib, Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı 4 mart 2015-ci il tarixində imzalanmış Azərbaycan ilə Bolqarıstan arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə istinad edərək ölkəmiz tərəfindən Bolqarıstanın Avropa İttifaqı və NATO üzv dövlətləri arasında strateji tərəfdaş kimi qəbul edildiyini və sözügedən birgə bəyannamənin iki ölkə arasında yüksək səviyyədə strateji dialoq formatının təsis etdiyini qeyd edib.

İki ölkə arasında çoxsaylı yüksək səviyyəli səfərlərin baş tutduğu və 50-dən artıq sənədi əks etdirən geniş hüquqi bazanın mövcud olduğundan söz açan səfir N.Qurbanova yüksək səviyyədə olan siyasi əlaqələrin iqtisadi əməkdaşlıq üçün də böyük imkanlar açdığını diqqətə çatdırıb.

Səfir, həmçinin 2016-cı ildə Azərbaycan-Bolqarıstan ticarət dövriyyəsinin həcminin ötən ilə nisbətdə 2 dəfə artdığını qeyd edib, 2016-cı ilin sentyabr ayında Bakıda keçirilmiş Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 4-cü iclasının iki ölkə arasında enerji, ticarət, sənaye, kənd təsərrüfatı, İKT və digər sahələrdə dialoqun təşviqi baxımından əlamətdar hadisə kimi qiymətləndirib.

Ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edən N.Qurbanova peyk xidmətləri, e-hökumət sahəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü qeyd edib, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olan Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsində Bolqarıstanın iştirakı imkanlarına toxunub.

Enerji sahəsində əməkdaşlığın əlaqələrimizin əsas tərkib hissəsi olduğuna diqqət çəkən səfir 2013-cü ildə iki ölkə arasında imzalanmış Sazişə əsasən Azərbaycandan alınacaq 1 milyard kubmetr qazın Bolqarıstanın qaza olan tələbatının 1/3 hissəsini ödəyəcəyini qeyd edib.

Yaxın zamanda Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında bərabərhüquqlu əsasda və birgə maraqlara söykənən strateji tərəfdaşlıq sazişi layihəsi üzrə danışıqların başlanacağını qeyd edən N.Qurbanova 2018-ci ilin birinci yarısında Aİ Şurasına sədrlik edəcək Bolqarıstanın bu məsələdə dəstəyinə ümidini ifadə edib.

Müsahibə zamanı aparıcı neftin qiymətinin dünya bazarlarında aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsirinə toxunaraq Dövlət Neft Fondundan (SOFAZ) ölkə büdcəsinə transferlərin həyata keçirildiyini qeyd edib və bu transferlərin davamlı olub-olmayacağını sorğu edib.

Səfir N.Qurbanova SOFAZ tərəfindən ölkə büdcəsinə olan köçürmələrinin Fondun əsas məqsədlərindən biri olduğunu və qurumun əsasnaməsində də əks olunduğunu bildirib. 

O əlavə edib ki, dünya bazarında neftin qiymətinin yüksək olduğu dövrdə SOFAZ enerji ehtiyatlarından əldə edilmiş gəlirləri toplamağa müvəffəq olub və hazırda bu vəsait təqribən 33 milyard ABŞ dolları təşkil edir. 

Hazırkı dövrdə isə Azərbaycan iqtisadiyyatı dayanıqlığını və mövcud iqtisadi çətinliklərə hazır olduğunu nümayiş etdirib və ölkənin makro-iqtisadi və maliyyə sabitliyinin qorunması baxımından Neft Fondu tərəfindən ölkə büdcəsinə köçürülən transferlər böyük rol oynamışdır.

Buna baxmayaraq, ölkə iqtisadiyyatının enerji sektorundan asılılığının azaldılması istiqamətində Hökumət tərəfindən əməli addımlar atılır və bu addımlar öz bəhrəsini verməyə başlayıb. Bu məqsədlə, struktur, institusional, maliyyə və digər islahatlar həyata keçirilir, milli iqtisadiyyat və onun aparıcı sektorlarının inkişafı üzrə Strateji Yol Xəritəsi qəbul edilib.

Aparıcının TANAP layihəsinin hazırkı vəziyyəti və “Türk Axını” layihəsinin ona rəqib olub-olmayacağı barədə sualına səfir N.Qurbanova cavabında bildirib ki, “TANAP” layihəsi dünyanın ən mürəkkəb qaz nəqli layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tərkib hissəsidir.

Bu layihə Avropanı Xəzər hövzəsində hasil edilən alternativ qaz həcmləri ilə təmin etməklə onun enerji təhlükəsizliyinə töhfə verəcək. Cənub Qaz Dəhlizinin bütün tərkib hissələri, o cümlədən TANAP üzrə intensiv iş aparılmaqdadır. TANAP vasitəsilə nəql ediləcək 16 milyard kubmetr qazın satılması və nəqli ilə bağlı bütün müqavilələrin artıq imzalandığını qeyd edən səfir N.Qurbanova bu baxımdan “Türk Axını” layihəsinin TANAP-a rəqib olmadığını bildirib. 

Son dövrdə Cənub Qaz Dəhlizinə digər enerji istehsalçıları və alıcılarının marağının artdığının müşahidə olunduğunu bildirən səfir bu amilin gələcəkdə TANAP kəmərinin ötürücülük qabiliyyətinin 31 milyard kubmetrədək artırılmasına zəmin yaratdığını qeyd edib.

Səfir bildirib ki, bu xüsusda Bolqarıstan ölkəmiz tərəfindən tək alıcı deyil, həm də Azərbaycan qazının digər Avropa ölkələrinə nəql edilməsi uçun vacib tranzit ölkə kimi nəzərdən keçirilir.

Qeyd edək ki, maliyyə və iqtisadi xəbərlər sahəsində qlobal lider olan “BloombergTelevision” ilə Bolqarıstanın “Bulgaria ON AİR” telekanalı arasında 2013-cü ildən etibarən mövcud olan əməkdaşlığın növbəti mərhələsi olaraq 2015-ci ildə təsis edilmiş “Bloomberg TV Bulgaria” Bolqarıstanın və dünyanın iqtisadi və maliyyə xəbərlərini, biznes sektorunun müxtəlif mövzularını əhatə edən bolqar dilində yayımlanan  televiziya kanalıdır. 

Bu telekanalın proqramları Bolqarıstan ərazisində mövcud bütün kabel və peyk televiziya operatorları vasitəsilə, eləcə də www.bloombergtv.bg internet səhifəsində “online” rejimdə yayımlanır.  

U.A.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər İqtisadiyyat xəbərləri