21 
Fev
2017
17:15
38
93
1416
Virtual karabakh

BP Azərbaycanda hasilatı artırıb, məsrəflərini isə azaldıb

21 Fev, 2017
17:15
1416

BP Azərbaycanda hasilatı artırıb, məsrəflərini isə azaldıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2016-cı il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

Oxu.Az xəbər verir ki, blokun operatoru “BP-Azerbaijan” şirkətindən APA-ya verilən məlumata görə, il ərzində AÇG-dən ümumi hasilat - “Çıraq” (54000), “Mərkəzi Azəri” (144000), “Qərbi Azəri” (114000), “Şərqi Azəri” (72 000), “Dərinsulu Günəşli” (126000) və “Qərbi Çıraq” (120000) platformalarından birlikdə - gündə orta hesabla 630000 barel və ya ümumilikdə 230 mln. bareldən artıq, yəni 31,1 mln. tondan artıq təşkil edib.

Xatırladaq ki, 2015-ci ildə AÇG-dən ümumi hasilat gündə orta hesabla 634000 barel və ya ümumilikdə 231 mln. barel, yəni 31,3 mln. ton (“Çıraq” (48000), “Mərkəzi Azəri” (154000), “Qərbi Azəri” (110300), “Şərqi Azəri” (71000), “Dərinsulu Günəşli” (141400) və “Qərbi Çıraq” (109400) platformalarından) olub.

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq 2016-cı ildə iki planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib. Ötən ilin sentyabr ayında “Dərinsulu Günəşli” və noyabr ayında “Şərqi Azəri” platformasında təmir işləri aparılıb.

Plana əsasən, “Dərinsulu Günəşli” platformasından hasilat sentyabr ayında 11 gün ərzində, “Şərqi Azəri”də isə noyabr ayında 12 gün ərzində dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin.

Platformaların təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu işlər tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb.

2016-cı ilin sonunda AÇG-də ümumilikdə 100 neft hasilat quyusu və 49 qaz və su injektor quyusu istismarda idi. Bu quyulardan 5-i 2016-cı ilin sonuna olan göstəricilərə görə BP-nin dünyadakı 10 ən məhsuldar quyusunun sırasında olub.

Ötən il ərzində AÇG-də 15 neft hasilat quyusu, 7 suvurma quyusu və 1 qaz injektor quyusu qazılıb.

2016-cı ildə AÇG layihəsinə təqribən 503 mln. dollar (2015-ci ildə 760 mln. dollar) əməliyyat məsrəfləri və 1,45 mlrd. dollar (2015-ci ildə 1,9 mlrd. dollar) əsaslı məsrəflər xərclənib.

AÇG-nin səhmdarları: BP (operator - 35,8%), SOCAR (11,6%), “Shevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobil” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Limited” (OVL) (2,7%). AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri