24 
Fev
2017
17:38
305
143
13646
Virtual karabakh

Ekspert: Özəlləşdirmə çekləri yenidən tədavülə qayıda bilər

24 Fev, 2017
17:38
13646

Ekspert: Özəlləşdirmə çekləri yenidən tədavülə qayıda bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadçı Vüqar Bayramov özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılmasının gündəmə gətirilməsinə münasibət bildirib. 

Oxu.Az xəbər verir ki, iqtisadçı Azərbaycanda özəlləşdirmə çeklərinin istifadə müddətinin başa çatdığını xatırladıb:

“Çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanılıb. Vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. 1997-ci il yanvar ayının 1-dək anadan olmuş hər bir vətəndaşa 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Çeklərin tədavül müddəti bir neçə dəfə uzadılıb. 

Belə ki, müvafiq fərmanlar ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılmışdı. 23 dekabr 2009-cu il tarixində imzalanan fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti artırılıb. Beləliklə, çeklərin istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb”.

V.Bayramov deyib ki, dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir:

“Yəni, 6,38 milyon özəlləşdirmə çeki istifadə olunmayıb. Bunların əhəmiyyətli hissəsi şirkətlərdə, xüsusən də azsaylı firmalarda olsa da, əhalinin sərəncamında da müəyyən sayda çeklər var. Hətta çeklərin istifadə müddəti başa çatandan sonra da onların “qara bazar”da qeyri-leqal alış-satışı həyata keçirilirdi”.

Bəs istifadəsiz qalan 6,38 milyon çekdən istifadə mümkündür?

Ekspertin sözlərinə görə, qanunvericiliyə əsasən, çeklərdən istifadə müddətinin artırılması üçün ayrıca fərmana ehtiyac var:

“Doğrudur, son dövrlər kiçik və orta özəlləşdirmənin yenidən sürətlənməsi müşahidə olunur. Bu isə istifadə olunacağı halda, çeklərə dolayı tələb yarada bilərdi. Təbii ki, 1996-cı ildə dövriyyəyə buraxılan özəlləşdirmə çeklərinin təhlükəsizlik elementlərinin həmin dövrün tələblərinə uyğun olması da problemin başqa tərəfidir.

Bu, onların saxtasının hazırlanması risklərini artırır. Bununla belə, özəlləşdirmə çeklərinin yenidən istifadəsinin mümkünlüyü ilə bağlı qanunverici bazaya baxılması mümkündür. Bu zaman çeklərin kiçik özəlləşdirmədə istifadə imkanlarına baxıla bilər. Amma bütün hallarda belə imkan olsa da, bu saxta çeklərin dövriyyəyə daxil olmasına şərait yaratmamalıdır”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri