17 
Mar
2017
17:27
30
262
2651
Virtual karabakh

Baş nazir: Bank sektoru ilə bağlı planın icrasına başlanılıb

Azərbaycanın baş naziri Artur Rasizadə hesab edir ki, hökumət 2016-cı ildə maliyyə sektorunda vəziyyəti sabitləşdirməyi bacardı.

Oxu.Az bu barədə “İnterfax-Azərbaycan”a istinadən xəbər verir. 

“2016-cı ildə görülmüş məqsədyönlü tədbirlər və əvvəlki illərdə toplanmış güclü iqtisadi potensialdan düzgün istifadə iqtisadi vəziyyətin sabitləşməsinə gətirib çıxardı və ötən ilin bütovlükdə müsbət nəticələrlə başa çatmasına şərait yaratdı”, - deyə baş nazir bu gün hökumətin 2016-cı ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ötən il maliyyə-bank sektorunda müşahidə olunan çətinliklər neftin ucuzlaşması ilə əlaqədar olub.

“Dünya bazarlarında karbohidrogenin qiymətinin kəskin aşağı düşməsi ölkənin ixrac gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına və tədiyə balansında böyük kəsirin yaranmasına səbəb oldu.
Bir sıra bankların qeyri-qənaətbəxş fəaliyyəti, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərliyinin cinayətkar fəaliyyəti vəziyyəti daha da çətinləşdirdi”, - deyə o qeyd edib.

A.Rasizadə vurğulayıb ki, ölkə rəhbərliyi bu problemlərin həlli məqsədilə maliyyə sektorunda dövlət idarəçiliyinin təkmilləşdirilməsi və makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində tədbirlər görüb.

“Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaradılıb. Maliyyə Sabitliyi Şurası maliyyə sektorunun problemlərinin həlli ilə bağlı tədbirlər planı hazırlayıb. Müvafiq dövlət qurumları bu planın icrasına başlayıblar”, - deyə o əlavə edib.

U.A.
www.oxu.az