30 
Mar
2017
15:38
316
59
5810
Virtual karabakh

1,2 milyardlıq iş bizə nə qazandıra bilər?

30 Mar, 2017
15:38
5810

1,2 milyardlıq iş bizə nə qazandıra bilər?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son illər dəfələrlə xarici mətbuatın Ələt qəsəbəsinə diqqət yetirməsinin şahidi olmuşuq. BBC kanalı, “Forbes” jurnalı, “Financial Times”, “Economist”, “Al Jazeera” və buna bənzər onlarla xarici mətbuat orqanı Bakının 70 kilometirliyində yerləşən bu qəsəbədən məqalələr yazır, reportajlar hazırlayır. 

Bu diqqət mənə maraqlı gəldi – Ələtdə nə baş verir ki, dünya mətbuatı ona yer ayırır? Sualın cavabına keçməzdən əvvəl qeyd edim ki, son 2 ildə gedən proseslərə nəzər salsaq görərik ki, Azərbaycanın neftə bağlı olmayan sahələri inkişaf etdirməkdən başqa alternativi yoxdur. Bu baxımdan, 2015-ci ildən 3 istiqamət üzrə başladılan proseslər diqqəti cəlb edir.

Bunlardan birincisi ixracyönümlü aqrar məhsulların istehsalının stimullaşdırılması, ikincisi, idxal-ixrac həlqəsindəki neqativ halların minimuma endirilməsidir. Üçüncü istiqamət isə Azərbaycanda ilk dəfə azad ticarət zonası - liman tipli habın yaradılması ilə bağlıdır.

Birinci və ikinci istiqamətlər Azərbaycan üçün ənənəvi olan sahələrin inkişafına hədəflənibsə, üçüncü istiqamət tamamilə yeni bir sahədə fəaliyyətlərə başlanması deməkdir. 

Bu istiqamətin əsas hədəfi Azərbaycanın logistika və ticarət sahəsində regional qovşağa çevrilməsidir. Ötən ilin dekabrında prezident fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nə görə, ölkənin regional əhəmiyyətli logistika və ticarət qovşağına çevrilmək üçün artıq planlaşdırılmış, qismən icra edilmiş və tamamlanması mühüm əhəmiyyət kəsb edən üç layihə mövcuddur.

Bu layihələrə Ələtdə yerləşən yeni Bakı Limanı kompleksi, Bakı-Tbilisi-Qars dəmir yolu və Astara-Astara dəmir yolu aiddir. Davam edən bu layihələr üçün 1 milyard 200 milyon manat investisiya vəsaitinin lazım gələcəyi proqnozlaşdırılır.

Niyə Ələt və niyə Azərbaycan?

Bu istiqamətdə əsas həlqə Ələtdə inşa olunan yeni dəniz limanı və onun yanında layihələndirilən Azad Ticarət Zonası (ATZ) sayıla bilər. 

Qeyd edim ki, Ələtdə yeni və müasir tipli dəniz limanının tikintisinə 2007-cu ildən başlanıb. Ötən illər ərzində tikinti işlərində xeyli ləngimələr qeydə alınsa da (limanın ilkin mərhələsi 2014-cü ildə hazır olmalı idi – D.S.), ötən ildən etibarən dövlət başçısının prosesi bilavasitə nəzarətə götürməsindən sonra işlər sürətləndirilib.

Yanvar ayında ötən ilin yekunlarına həsr olunmuş hökumət müşavirəsində çıxış edən prezident İlham Əliyevin limanın tikintisinin ilk mərhələsinin bu ilin sentyabrınadək yekunlaşmalı olduğunu, əks halda, məsul şəxslərin ciddi cəzalanacağını qeyd etməsi göstərir ki, layihə ən yüksək səviyyədə ölkə rəhbərliyinin diqqətində və marağındadır.

Eyni zamanda, dövlət başçısı son dövrlər iştirak etdiyi bir çox beynəlxalq tədbirlərdə Bakı Limanının regional əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.  

Dövlət başçısı, həmçinin Davos İqtisadi Forumu, İslam Əməkdaşlıq Təşkilatının bu il İslamabad şəhərində keçirilən sammitində, həm də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Bakı Limanının fəaliyyətinə toxunub.

Almaniyada İ.Əliyev şirkətləri Ələtdə Limandaxili və ətrafında qurulacaq ATZ-ə sərməyə qoymağa çağırıb: “Biz indi Xəzər dənizinin sahilində ən böyük dəniz limanının inşasını aparırıq. Onun yükaşırma qabiliyyəti 25 milyon ton və 1 milyon konteynerdir.

Biz dəmir yollarımızı təmir edirik. Biz Bakı Gəmiqayırma Zavodunda artıq bütün növ gəmilər istehsal edirik ki, öz ehtiyaclarımızı ödəyək, o cümlədən Xəzəryanı ölkələri müasir avadanlıqla təchiz edə bilək.

Limanın yaxınlığında biz xüsusi azad zona yaratmışıq və bu coğrafi yerləşmədən istifadə edərək şirkətləri sərmayə yatırmağa dəvət edirik”.

Liman tikintisi və ATZ yaradılması üçün Ələtin seçilməsi uğurlu başlanğıc hesab olunmalıdır – bu ərazi Azərbaycandan keçən əsas nəqliyyat marşrutlarının kəsişmə nöqtəsidir – Şimal-Cənub, Şərq-Qərb marşrutları üzrə həm avtomobil, həm dəmiryol xətləri Ələtdən keçir.

Dəniz limanının tikintisi ilə dəniz yolunun da bu əraziyə istiqamətlənməsi 3 əsas daşıma vasitəsinə birbaşa çıxış deməkdir ki, bu da regional və beynəlxalq ticarət daşımalarından effektiv yararlanmaq üçün böyük üstünlük yaradır. 

Digər tərəfdən, H.Əliyev adına hava limanına yaxınlıq Ələt azad ticarət zonası üçün hava daşımalarından da bəhrələnmək imkanı deməkdir. Ələt yeni dəniz limanının Xəzər dənizində yerləşən digər 13 limandan əsas üstünlüklərindəm biri ən böyük olmasıdırsa, digəri də Gil adasının təbii dalğaqıran rolunu oynamasıdır – Xəzər dənizi küləkli havanın üstünlük təşkil etməsi üzündən yükaşırma üçün əlverişsiz günlərin say çoxluğu ilə fərqlənir - küləkli havada gəmilər limana yan ala bilmirlər.

Lakin Ələtdə liman elə yerdə inşa edilir ki, Gil adası gələn dalğaları “sındıraraq” gəmilərin limana girməsi üçün əlverişli şərait yaradır. Yeni texnologiyalardan istifadə yolu ilə hazırda limanda fəaliyyətə başlayan 2 körpüdə yükaşırmaya sərf olunan vaxtın maksimum azaldılmasına nail olunub  – bir bərənin boşalma-yüklənmə müddəti 6-8,5 saat təşkil edir.

Halbuki digər Xəzəryanı limanlarda bu müddət 9-11 saata çatır. Mövcud 2 körpü ilə limanda 1 gün ərzində 6 bərəni boşaldıb-yükləmək mümkün olur. Birinci mərhələnin sonunda körpülərin sayı 4-ə çatdırılacaq. Eyni zamanda Ro-ro tipli – yəni təkərli vasitələr daşıyan gəmilərin yan alması üçün terminal inşa olunacaq.

Qeyd etmək lazımdır ki, daşınmada hər 3 vasitədən – avtomobil, dəmiryolu və dənizdən istifadə yüklərin Azərbaycan ərazisindən keçərək daşınması xərclərinin digər marşrutlara nisbətən bir qədər yüksək olmasına gətirib çıxarır. Lakin vaxt baxımından bu marşrut digərlərindən daha əlverişli olmaqla xərclərin yüksəkliyi amilini arxa plana keçirir. 

Liman ərazisində sənədləşmə işlərini yerindəcə həll etmək üçün bütün xidmət infrastrukturu – bank, poçt, ödəniş terminalları, sığorta və sair bürolar fəaliyyətə başlayıb. Yaxın gələcəkdə onların limanın tikilməkdə olan inzibati binalarında yerləşdirilməsi nəzərdə tutulur. Limanın tikintisinin 1-ci mərhələsi sırf dövlət büdcəsi hesabına həyata keçirilir, 2-3-cü mərhələlərə isə yerli və xarici investisiyaların və kreditlərin cəlb olunması nəzərdə tutulur. 

Birinci mərhələdə limanın yükaşırma imkanlarının ildə 10 milyon ton yük və 50 min konteynerdən ibarət olacağı nəzərdə tutulur. İkinci mərhələdə limanın yükaşırma gücü 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq. 

Limanda əsas diqqət yetirilən məqamlardan biri konteyner daşımalarının artırılması imkanlarıdır. Hazırda dünya ticarət daşımalarında konteynerdən istifadədə Çin liderdir. Qeyd edək ki, konteynerlə daşımanın əsas üstünlüyü quru və maye yüklərin eyni vaxtda daşınması imkanının olmasıdır.

Bu tip daşımalarda logistik imkanlar mühüm əhəmiyyət kəsb edir. Buna görə də Ələt limanında logistik mərkəzin yaradılması üzərində də işlər aparılır. Bu mərkəzdə Çin və Orta Asiyadan Avropaya daşınan konteynerlərin qəbul edilməsi üçün şərait yaradılacaq. Eyni zamanda liman ərazisindəki ATZ-də konteynerlərlə daşınan yüklərin bir hissəsinin qablaşdırılması və yenidən emalı - əlavə dəyər qatılması üçün klasterlər yaradılması nəzərdə tutulur. 

Müasir dünya təcrübəsi göstərir ki, məhz bu amil – daşınan yüklərin ATZ-də qablaşdırılaraq, yaxud təkrar emal olunaraq ünvanına hazır vəziyyətdə göndərilməsi imkanlarının yaradılması region ölkələri arasında Azərbaycandan keçən marşrutun əsas və həlledici üstünlüklərindən biri olacaq.

Bu marşrutu cəlbedici edən digər amil həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizi boyunca yerləşən ölkələrin Avropa bazarlarına çıxış üçün marşrutların şaxələnməsində maraqlı olmalarıdır. Əsas bazarlara yalnız Rusiyadan keçməklə çıxmaq heç də hamının ürəyincə deyil.

Ələt Azad Ticarət Zonasından kim nə qazanacaq?

Ələtdə yaradılacaq ATZ ilə bağlı məsləhətçi şirkət olaraq “DP World”un seçilməsi layihənin icrasında keyfiyyət amilinə mühüm önəm verilməsinin göstəricisi sayıla bilər. Dünyanın 3 ən nəhəng liman operatorlarından biri olan bu şirkət Dubayda yerləşən Cəbəl Əli Azad Ticarət Zonasının yaradıcısıdır.

Cəbəl Əli (Jebel Ali Free Trade Zone) Rotterdam və Sinqapur portlarından sonra dünyanın ən böyük azad ticarət zonasıdır. “DP World” eyni zamanda dünyanın 60-dan yuxarı ölkəsində liman və terminallara malikdir. Bu qədər böyük və uğurlu bir şirkətin məsləhətlərindən istifadə Ələt Limanı və ATZ üçün çox yaxşı bünövrənin qoyulmasına imkan yaradır. 

Hazırda azad ticarət zonası haqqında qanun layihəsi üzərində işlənilir. Layihə xarici təcrübə, xüsusilə də Cəbəl Əli ATZ-in təcrübəsi nəzərə alınmaqla hazırlanır. Layihə barədə detallı məlumat almaq mümkün olmasa da, onun Ələt ATZ üçün əlahiddə hüquqi rejim nəzərdə tutacağı gözlənilir.

Elə bir rejim ki, həm yerli, həm regional, həm də beynəlxalq şirkətlərin burada sərbəst və heç bir maneə olmadan fəaliyyətini təmin etsin. Bu, ATZ-in  uğurlu fəaliyyəti üçün ən vacib şərtlərdən birincisidir. 

Son on illiklərin təcrübəsi göstərir ki, ATZ-in uğurlu olması üçün ən vacib komponent xarici investorlarda çox milyardlı kapitalı ölkəyə yatırmağa əminlik yaradacaq  müfəssəl qanunun qəbuludur. Azərbaycanda “Əsrin Müqaviləsi”nin timsalında xüsusi iqtisadi rejimin fəaliyyət təcrübəsi var.

Belə ki, Milli Məclis tərəfindən ratifikasiya olunmaqla imzalanan Hasilatın Pay Bölgüsü sazişləri faktiki olaraq neft-qaz sektorunda xüsusi iqtisadi zona yaradıb: bütün münasibətləri məhz həmin sazişlər tənzimləyir. İndiyə qədər Azərbaycan hökuməti həmin qanunun bir bəndini belə pozmayıb və ya dəyişməyib.

Qanunverici baza ilə yanaşı ATZ-in yerləşəcəyi ərazidə tikinti işlərinə başlamaq üçün ilk öncə orada yerləşəcək klasterlərin – emal, qablaşdırma, istehsal və sair üçün ərazilərin müəyyənləşməsi lazımdır.

Bunun üçünsə yalnız Azərbaycan deyil, Şimal-Cənub və Şərq-Qərb ticarət marşrutları boyunca yerləşən, həm alıcı, həm satıcı, həm də tranzit ölkələr üzrə hesablamaların aparılmasına ehtiyac var.

Klasterlər yaradılarkən ən azı yaxın 5 ildə hansı ölkədən hansı yüklərin, məhsulların ixrac, hansının idxal olunacağı, bu idxal-ixrac həcmlərinin artım dinamikası proqnozları öyrənilməli, həmçinin həmin proqnozlara müsbət və mənfi təsir göstərə biləcək amillər, risklər qiymətləndirilməlidir.

Bu işlər DP World-un mütəxəssislərinin iştirakı ilə həyata keçirilir ki, bu da kifayət qədər dəqiq və keyfiyyətli proqnozlaşdırmaya nail olunacağına inamı artırır. 

İlkin mərhələ olaraqsa Ələt ATZ-də neft-kimya-plastik məmulatlar, əczaçılıq məhsullarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, ekoloji təmiz məhsulların istehsalının qurulması nəzərdə tutulur. Daha sonra isə başqa istiqamətli klasterlər də yaradılacaq. Liman və ATZ-də bütün proseslərin ən müasir texnologiyalara əsaslanmaqla həyata keçirilməsi planlaşdırılır.

Limanın və ATZ-in fəaliyyətə başlaması sahibkarlara əlverişli iş mühiti  təmin etməklə yanaşı, ilk növbədə Ələt sakinləri üçün  yüzlərlə yeni iş yerinin yaranması demək olacaq. Bunun üçün işə ehtiyacı olan Ələt sakinlərinin məlumat bazasının – reyestrin yaradılması nəzərdə tutulur.

Bazaya işə ehtiyacı olan şəxslərin ixtisası, təhslili, iş bacarıqlarına dair məlumatlar daxil ediləcək. ATZ-də yaranacaq iş yerlərinə qəbul aparılarkən ilk növbədə həmin bazaya müraciət olunacaq. Seçimin nəticələri bazada olan əlaqə vasitələri ilə iş axtaranlara çatdırılacaq. 

Bu çətinliklərdən keçiləcəkmi?

Aydın məsələdir ki, bu regional əhəmiyyətli layihənin reallaşması yolunda çətinliklər, risklər də var. Risklərdən birincisi Ələt qəsəbəsində yeni Bakı Limanı üzərindən daşımaçılığın inkişafı üçün zəruri olan layihələrin (məsələn, Bakı-Tbilisi-Qars) icrasında yarana biləcək ləngimələrdir. Bu, dəhlizin etibarlılığını aşağı salmaqla, əlavə yüklərin cəlb olunmasının da qarşısını ala bilər. 

Eyni zamanda Xəzər dənizi hövzəsi limanlarının regionda əhəmiyyətli ticarət və logistika qovşağına çevrilmək iddiaları da (xüsusilə də Rusiya və Qazaxıstanın) nəzərə alınmalıdır.

Xəzər dənizinin dərinliyinin az olması, onun qapalı hövzə olması və okeana çıxışının olmaması, buradakı gəmilərin yükgötürmə qabiliyyətinin (xüsusən konteyner gəmiləri) aşağı olması, hava şəraitinə görə gecikmə hallarının başvermə ehtimalı, avtomobillərdə bir oxa düşən yük normasının digər ölkələrlə müqayisədə fərqli olması və s. ilə bağlı olan maneələr əsas risk faktorları ola bilər.

Bundan əlavə, daha bir çətinlik həm Azərbaycanda, həm də digər Xəzəryanı ölkələrdə daşımaçılıq üçün gəmilərin yükgötürmə qabiliyyətinin yetərli olmamasıdır. Belə ki, Xəzəryanı ölkələrdən yalnız Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində 13 ədəd bərə var. Hansı ki, bu bərələrin xeyli hissəsi istismar müddətinin çoxunu arxada qoyub.

Yeni limanın tikintisi ilə daşımalarda canlanmanın artacağını nəzərə alaraq Gəmiçilik daha 2 gəmi sifariş verib, onların 2018-ci ildə hazır olacağı gözlənilir. Hazırda digər Xəzəryanı ölkələrdən Qazaxıstan da 2 gəmi sifariş edib. Türkmənistanınsa 2 ədə “ro-ro” tipli gəmisi var. Bütün bunlarla yanaşı, yaxın gələcəkdə bu istiqamətin diqqətdə saxlanması, daşıma imkanlarının artırılması nəzərdə tutulur.

Son olaraq qeyd edim ki, bu, kifayət qədər iddialı, eyni zamanda Azərbaycan üçün son dərəcə əhəmiyyətli layihə reallaşarsa, bütövlükdə ölkə iqtisadiyyatının lokomotivinə çevrilə bilər.

Mənbə: Qafqazinfo, Dünya Sakit

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri