21 
Apr
2017
17:13
76
34
1790
Virtual karabakh

QHT-lər yeni qanundan narazıdır: Fəaliyyətimiz iflic olub

“Nağdsız hesablaşmalar haqqında” qanun fiziki şəxslər, sahibkarlıq subyektləri, bank əməliyyatlarını aparan digər şəxslərə böyük problem yaradır”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, bu qanunun tətbiqi ilə banklar, sahibkarlıq subyektləri, QHT-lərin fəaliyyəti iflic olub. 

S.Məmmədov deyib ki, qanuna görə sahibkarlıq subyektləri üçün ay ərzində nağdlaşdırma ilə bağlı 15 min manatlıq, büdcə vəsaitləri ilə bağlı hər bir müqaviləyə görə 5 min manatlıq limit müəyyən edilib.

Onun fikrincə, bu limitlər tətbiqi fiziki və hüquqi şəxslər, sahibkarlıq subyektləri, eləcə də bankların fəaliyyətinə mənfi təsir edir. 

Şura üzvü hesab edir ki, ölkədəki bəzi sahibkarlıq subyektləri, xidmət sahələri nağdsız hesablaşmaya hazır deyil: “Bankların çoxu heç 5 min manatdan aşağı müqavilələr üzrə ödənişlər etmirlər. 

Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları qanunu düzgün əsaslandıra bilmir. Palatanın göndərdiyi məktubun özü qüsurludur. 

Məsələn, banklar bilmir ki, bu özəl şirkətlərə aid pullara da aiddir, yoxsa yox. Halbuki nağdsız hesablaşmalara görə limit yalnız dövlət büdcəsinin vəsaitlərinə aid olmalıdır. Banklar 5000 manatdan 1 manat artıq nağdlaşdırma olanda əməliyyat aparmır. Nəticədə nə əmələ gəlir? Banklar itirir. 

Banklar nağd əməliyyatlar apararkən daha yüksək faiz, məsələn, 1%-ə qədər vəsait götürürdülər. İndi banklar bu qazancdan məhrumdurlar. Bu qanunun tətbiqindən dövlət büdcəsi itirir. Çünki bu ildən 1% nağdlaşdırma vergisi tətbiq olunur. Bəzi subyektlər də elə əməliyyatlar var ki, onlar nağdsız əməliyyat apara bilmirlər. 

Ölkədə xidmət və ticarət sahəsində mövcud olan strukturların təxminən 80%-nin heç bank hesabları yoxdur. Məsələn, kimsə ezamiyyətə olanda Kürdəmir və ya Ağsuda nahar edirsə, bu ödəniş üçün bankdan neçə köçürmə etmək olar? Bununla bağlı mexanizm yoxdur. 

Yaxud ezamiyyətə gedəndə şəxsi avtomobillərlə xidmət göstərənlərin nə çekləri, nə də ki, bank hesabları var. Sadəcə, onlar aylıq ödənişləri edirlər. Xarici ezamiyyətə gedən şəxsin nəqliyyat, yemək xərclərini necə ödəyəcəyi ilə bağlı da mexanizmi yoxdur. Elə ödəniş formaları var ki, onları köçürmə ilə etmək mümkün deyil. 

Bütün dünyada nağdsız hesablaşmalar məsələsi könüllü həll olunub. Xarici ölkələrdə, İsveçrədə nağdsız hesablaşmalarla bağlı belə qadağalar yoxdur. Sadəcə, bu ölkələrdə sistem o qədər mükəmməldir ki, əhali özü nağdsız ödənişə meyil edir. 

Azərbaycanda bunun icbari qaydada tətbiqi effekt verməyəcək. S.Məmmədov qeyd edib ki, fiziki şəxslər üçün “sahib kart”, hüquqi şəxslər üçün “biznes kart” modelinin tətbiqi də problemin həll olunmasına gətirib çıxarmayacaq. O, bunu sözügedən kartların nağd əməliyyat aparan zaman avtomatik bloka düşəcəyi ilə izah edir.

Şura üzvü bildirib ki, Maliyyə Bazarına Nəzarət Palatası Normativ-hüquqi aktlar haqqında Konstitusiya Qanununa zidd olaraq “Nağdsız hesablaşmalar haqqında” qanunu geriyə şamil edir.

“Qanunun qüvvəyə minməsindən əvvəl QHT-lərlə bağlanmış müqavilələr üzrə də nağdsız ödənişləri qadağan edib. Maraqlı odur ki, hazırda dövlət orqanlarını da ciddi narahat edən bu qanunla və onun qüsurlu tətbiqi ilə bağlı MBNP-yə heç bir təsir mexanizmi yoxdur. 

Eyni zamanda, indi QHT-lərlə bağlı daha bir problem var. Məsələn,  Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası müqavilə üzrə nəzərdə tutulan vəsaitin 70%-ni QHT-yə köçürür. İş tam yekunlaşdıqdan və təhvil veriləndən sonra yerdə qalan vəsait QHT-nin hesabına köçürülürdü. Bu qanunun tətbiqindən sonra hesabdakı vəsaitin çıxarılmasının heç bir mexanizmi yoxdur. 

Bu vəsaitlər bankın hesablarında qalır. Baxmayaraq ki, qanun 2016-cı ilin noyabrında qəbul edilib, bu tarixdən əvvəl bağlanan müqavilələrə görə vəsaitin çıxarılması mümkün deyil. Normativ-hüquqi aktlar haqqında Konstitusiya Qanununa görə, qanun geri şamil edilə bilməz.  

Maliyyə Bazarlarına Nəzarət Palatası Konstitusiya Qanununa belə məhəl qoymadan onu geriyə şamil edir. Nəticədə böyük bir xaos yaranıb”, - deyə S.Məmmədov vurğulayıb.

Vətəndaş cəmiyyətinin hər bir üzvünün bu məsələ ilə bağlı narahatlıq keçirdiyini deyən S.Məmmədov dövlət başçısının QHT sektoruna böyük dəstəyi fonunda MBNP-nin qərarlarını absurd sayır:

“Bilirsiniz ki, prezident İlham Əliyev Gənclər Fonduna 3 milyon manat ayırıb. Bu dövlət başçısının QHT sektoruna dəstəyinin bariz nümunəsidir. Bu baxımdan statusu bəlli olmayan publik hüquqi şəxs tərəfindən bu cür məhdudiyyətlərin qoyulması başa düşülən deyil. 

Bu orqanın banklara göstəriş vermək hüququ yoxdur. Palata mərkəzi icra orqanı deyil, bu orqanın qəbul etdiyi aktlar hamı üçün məcburi xarakter daşıya bilməz. Palata yalnız tövsiyə verə bilər. Amma təəssüf ki, indiki halda Palatanın tövsiyələri konstitusiya qanunundan güclüdür”. 

Bu qanunun tətbiqi bankların iflasını sürətləndirəcək, ölkədə bankçılığa maraq azalacaq. Nəticə isə sarsıdıcı olacaq. Təəssüf ki, bununla bağlı heç kim izahat vermir. 

Maliyyə Bazarlarına Nəzarət Palatası, iqtisadiyyat sahəsində cavabdeh təşkilatlar bu məsələ ilə bağlı susqunluq nümayiş etdirir. Belə bir xaos davam edir. Bilmirəm, necə olacaq?

Nəticəsi bilinməyən proses gedir. Biz ümid edirik ki, bu məsələyə prezident müdaxilə edəcək. Çünki başqa strukturların müdaxiləsi fayda vermədi. Biz hesab edirik ki, prezident bu məsələni tənzimləməlidir”.

U.A.
www.oxu.az

Digər İqtisadiyyat xəbərləri