19 
May
2017
12:12
71
20
2731
Virtual karabakh

Məhdudiyyətlər kredit ittifaqlarını çətin vəziyyətə salıb: Müştərilərimizi itiririk

19 May, 2017
12:12
2731

Məhdudiyyətlər kredit ittifaqlarını çətin vəziyyətə salıb: Müştərilərimizi itiririk

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın kredit ittifaqları və müştəriləri nağd əməliyyatlara tətbiq edilən məhdudiyyətlər ilə əlaqədar olaraq, bir sıra çətinliklər ilə üzləşiblər.

Oxu.Az xəbər verir ki, “Marja”ya müraciət edək kredit ittifaqları bildirirlər ki, kreditin müştəriyə nağdsız verilməsi və aylıq ödənişlərin bank vasitəsilə qəbul edilməsi tələbləri, ittifaqların müştərilərini itirmələri və ödənişlərin gecikməsi ilə nəticələnə bilər:

“Kredit ittifaqları kəndlilərə mikro kreditlər təklif edirlər. Bizdən götürülən kreditlər əsasən, 300-1500 manat civarında olur. İndi bizə bildiriblər ki, kəndli krediti götürmək üçün mütləq bankda hesab açmalıdır. Hesabın açılması 25-30 km rayon mərkəzindən kənarda yaşayan kəndli üçün əziyyət və xərcdir. 

Üstəlik, krediti götürən kəndli hər dəfə aylıq ödənişi etmək üçün şəhər mərkəzinə getməlidir. Tutaq ki, 500 manat kredit götürmüş şəxs ayda ittifaqa 50 manat qaytarmalıdırsa, indi 5 manat rayon mərkəzinə getmək və 5 manat da geri qayıtmaq üçün cəmi 10 manat taksilərə ödəməlidir. 

Müştərimizin aylıq ödənişi 60 manata çıxır. Biz indiyədək kreditləri ətraf kəndlərin sakinlərinə verirdik və aylıq ödənişləri də kassa mədaxil qəbzini təqdim edərək qəbul edirdik”, - kredit ittifaqlarının nümayəndələri “Marja”ya müraciətlərində bildiriblər.

Kredit ittifaqları bildirilər ki, nağd ödənişlərə tətbiq edilən məhdudiyyətləri Bakı şəhəri ilə ucqar kəndə eyni qaydada tətbiq etmək ədalətsizlikdir:

“Ucqar kəndlərin sakinlərinin maliyyə savadı şəhər sakinləri ilə eyni deyil. Üstəlik, rayonlarda bankların filial şəbəkəsi mərkəzdə cəmlənib. Kəndlərdə internet, elektron xidmətlərdən istifadə də aşağıdır. Belə olan vəziyyətdə kəndli dərhal nağd vərdişindən nağdsız vərdişə yiyələnə bilməz. Bu işlər digər tədbirlər həyata keçirilməklə, mərhələli şəkildə reallaşdırılmalıdır”.

Kredit ittifaqları bildirirlər ki, kreditin götürülməsi üçün müştəridən bankda hesab açılması və aylıq ödənişlərin yalnız kredit ittifaqının bank hesabına ödənilməsi tələbləri müştərilərinin kredit götürmək üçün banklara üz tutmalarına və aylıq ödənişlərdə gecikmələrə səbəb olacaqdır:
 
“Əgər kəndli hesab açmaq və kredit ödənişi üçün hər ay rayon mərkəzinə gəlmək istəsəydi krediti də bankdan götürərdi. Bu tələblər müştərilərimizin banklara üz tutmalarına səbəb olacaqdır.

Bundan başqa, kəndli aylıq ödəniş günü rayon mərkəzinə getmək imkanının olmadığını bildirərək, aylıq ödənişi gecikdirə bilər. Onsuz da son vaxtlar kredit götürənlər azalıb və ödənişlər gecikir. Bu tələblər bizi daha da çətin vəziyyətə sala bilər”.

Kredit ittifaqlarında bildirildi ki, çətinlik ilə əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına və Vergilər Nazirliyinə müraciət ediblər. Lakin hər iki qurumdan fərqli cavab verilib:

“Vergilər Nazirliyi bildirir ki, kreditin alınması üçün hesab mütləq açılmalı və aylıq ödənişlər bank vasitəsilə ittifaqa ödənilməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası isə bildirir ki, kredit ittifaqı aylıq ödənişləri nağd şəkildə qəbul edə bilər. Biz çaş-baş qalmışıq. Sabah cərimələnməmək üçün rəsmi qurumlardan dəqiq cavab almaq istəyirik”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri