19 
May
2017
12:26
27
92
3707
Virtual karabakh

Ekspert: Vətəndaşlar da müflis elan edilə bilər

“Borcunu ödəyə bilməyən vətəndaşlar özlərini müflis elan edərək borclardan yaxa qurtara bilərlər”.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov məlumat verib. 

Bildirib ki, məhkəmənin müflis elan etdiyi vətəndaşın bütün borcları silinir, onları ondan tələb etmək olmaz: “Əksər xarici ölkələrdə bu halda sadəcə vətəndaş müəyyən dövr ərzində bəzi məhdudiyyətlərə məruz qalır: Bəzi fəaliyyət növləri ilə məşğul ola bilməz, hansısa vəzifələri tuta bilməz, adı müflislər siyahısında dərc olunur və s. Lakin bizim qanunvericilikdə belə məhdudiyyətlər yoxdur”.

Məlum olduğu kimi, Azərbaycanda hələ 1997-ci ildə “Müflisləşmə və iflas haqqında” qanun qəbul edilib. Uzun illər həmin qanuna görə, yalnız hüquqi şəxslər və fərdi sahibkar olan fiziki şəxslər (VÖEN-i olanlar) özünü müflis elan edə bilərdi.

Ancaq 2015-ci ildə həmin qanuna edilən dəyişiklikdən sonra oradakı “borclu” anlayışı borcu olan fiziki və hüquqi şəxslərə aid edilib. Beləliklə də fiziki şəxslərin də özünü müflis elan edə bilməsi reallaşıb. 

Ə.Həsənov qanunda konkret mexanizmlərin detallaşdırılmadığını deyib: “Lakin hər bir halda qanun fiziki şəxsin müflis ola bilməsini nəzərdə tutursa, deməli, həmin qanunun müvafiq proseduraları ona da aiddir.

Yeri gəlmişkən, “Banklar haqqında” qanun da fiziki şəxsin müflis ola bilməsini nəzərdə tutur. Belə ki, həmin qanunun 1.0.19-cu maddəsi “vətəndaş qüsursuzluğu”nu tərif edərək, o cümlədən, fiziki şəxsin “məhkəmə qaydasında müflis elan edilməsi faktının olmaması”nı da ehtiva edir. Deməli, fiziki şəxs müflis ola bilər”.

Həmin qanuna bu ilin aprel ayında aşağıdakı məzmunda 57-10.6-cı maddə daxil edilib: 

“Bankın inzibatçılarının qanunazidd qərarları, digər hərəkətləri və hərəkətsizliyi nəticəsində bankın müflis olduğu və ya ödəmə qabiliyyətini itirdiyi müəyyən edilərsə və onların bu öhdəliklərini ödəmə qabiliyyəti olmazsa, məhkəmə müvəqqəti inzibatçının müraciəti əsasında “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, banka vurduğu zərər həddində bu şəxsləri müflis elan edə bilər”.

Yenə də belə çıxır ki, fiziki şəxslər məhkəmə qərarı ilə müflis elan oluna bilər.

Müflis kimdir? 

“Müflisləşmə və iflas haqqında” qanunun 1-ci maddəsində qeyd edilir ki, müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır. Yəni, vətəndaşın əmlakı (o cümlədən girovu) borcunu ödəməyə kifayət etmirsə, rəsmi gəliri (məsələn, maaşı) da yoxdursa, və ya gəliri özünün və himayəsində olanların aylıq yaşayış minimumunu təmin etmirsə, deməli, borclarını ödəmə qabiliyyəti yoxdur.

Qanunun 3-cü maddəsində konkret deyilir: “Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki:

a) borclu kreditorun irəli sürdüyü qanuni ödəmə tələbini bu cür tələb verildikdən sonra iki ay ərzində yerinə yetirməmişdir və ya;

b) borclu qanunvericiliyə müvafiq surətdə həyata keçirməli olduğu ödənişləri vaxtı çatdıqca həyata keçirməyə qadir deyildir və ya;

c) borclu öz borclarını vaxtı çatdıqca ödəməyə qadir deyildir”.

Məsələn, işsiz və əmlakı olmayan vətəndaşın banka avtokredit üzrə 20000 dollar borcu var, avtomobil özü də girovdadır. Avtomobilin cari dəyəri 17000 manatdır (yəni 10000 dollar). Bu halda avtomobil açıq hərracdan öz cari dəyəri ilə satılacaq, qalan 10000 dollar borc isə silinəcək.

Vətəndaş özünü necə müflis elan edə bilər? 

Suala aydınlıq gətirən Ə.Həsənov bunun məhkəmə qaydasında həll edildiyini bildirib: “Sadəcə, vətəndaş yaşadığı yer üzrə rayon məhkəməsinə ərizə ilə müraciət etməlidir. Ərizəyə yalnız borclar üzrə sənədlər (müqavilə və s.) qoşulmalıdır. Əgər vətəndaşa kiminsə borcu varsa, həmin sənədlər də əlavə edilməlidir.

“Müflisləşmə və iflas haqqında” qanunun 5-ci maddəsinin “a” bəndi dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin də qoşulmasını nəzərdə tutsa da, rüsumun məbləği qanunvericilikdə nəzərdə tutulmadığı üçün rüsum ödənilməli deyil. 

Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən, iflas haqqında işin qaldırılması üçün borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır və həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır”.

U.A.
www.oxu.az

Digər İqtisadiyyat xəbərləri