19 
İyn
2017
17:12
17
61
1534
Virtual karabakh

Bankların audit hesabatı – “Bank BTB” zərərlə üzləşib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Azərbaycan banklarına audit hesabatlarını açıqlamaq üçün verdiyi vaxt iyunun 15-də bitsə də, 3 bank hesabatını dərc etməmişdi. 

Oxu.Az xəbər verir ki, həmin banklar “Azərbaycan Beynəlxalq Bankı”, “AmrahBank” və “Bank BTB”  idi. 

Bu gün “Bank BTB”  hesabatını internet səhifəsində yerləşdirib. Hesabatdan məlum olur ki, “Bank BTB” 2015-ci ildə 3 milyon 392 min manat, 2016-cı ildə isə 9 milyon 630 min manat zərərə uğrayıb. Zərər bankın 52 milyon manat olan nizamnamə kapitalının bir hissəsini silib. Nəticədə də bankın cəmi balans kapitalı 39 milyon 133 min manata düşüb. Bank 15 milyon 122 min manat subordinasiyalı borc götürməklə məcmu kapitalını 54 milyon 255 min manata yüksəldib. 

Qeyd edək ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq banklar maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində maliyyə nəticələrinə dair kənar audit hesabatlarını öz rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində dərc etməlidirlər. 

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bu ayın əvvəlində bir qrup bank və audit şirkətlərinin rəhbərləri ilə görüş keçirilmişdi. Görüşün nəticəsi olaraq banklara hesabatlarını dərc etmələri üçün iyunun 15-nə qədər vaxt verilmişdi.

Ekspertlərin rəyinə görə, audit hesabatlarını dərc etməyən bankların lisenziyası alına, o cümlədən cərimələnə bilərlər.

L.Ə.

www.oxu.az