28 
Sen
2018
09:30
129
34
5151
Virtual karabakh

“SOCAR Trading” Rusiya neftini STAR zavoduna tədarük edəcək

28 Sen, 2018
09:30
5151

“SOCAR Trading” Rusiya neftini STAR zavoduna tədarük edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlar zamanı sentyabrın 1-də “Rosneft” və “SOCAR Trading” şirkətləri arasında Rusiya neftinin Türkiyədəki STAR neft emalı zavoduna (NEZ) tədarükü haqqında imzalanmış müqavilə də xatırlanıb. 

Belə ki, ölkələr arasında “energetika, neft-qaz sahələrində çox möhkəm əlaqələr mövcud olduğunu” qeyd edən Azərbaycan prezidenti İlham Əliyev sentyabrın əvvəlində Rusiyaya səfəri çərçivəsində “Rosneft” və “SOCAR Trading” şirkətləri arasında neft sahəsində əməkdaşlıq üzrə imzalanmış müqaviləni - “çox mühüm sənədi” xatırladıb.

Öz növbəsində, Vladimir Putin Rusiyanın Azərbaycanın energetika layihələrinə investisiyalarından danışaraq, yatırımların ümumi həcminin 4 milyard dollara yaxın olduğunu vurğulayıb.

“Azərbaycanda Rusiyanın energetika korporasiyaları uğurla işləyirlər. Bu barədə artıq deyilib, “Rosneft” şirkəti Azərbaycanın Dövlət Neft Şirkəti ilə birgə yaxın vaxtlarda “Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq”, - deyə Putin bildirib.

Qeyd edək ki, sazişə əsasən, hər il “Rosneft” şirkəti Türkiyənin STAR neft emalı zavoduna Rusiyanın 1 milyon ton həcmində “Urals” markalı neftini tədarük edəcək. Müqavilədə nəzərdə tutulub ki, Rusiya neftinin NEZ-ə tədarükünü “SOCAR Trading” şirkəti həyata keçirəcək.

Rusiya neftinin STAR zavoduna tədarükü haqqında məsələni şərh edən “SOCAR Trading”in icraçı sədri Adnan Əhmədzadə qeyd edib ki, “SOCAR Trading” şirkəti Türkiyədəki STAR NEZ-ə həm yüngül, həm də ağır neft növlərini tədarük edəcək.

“Neft səbəti müxtəlif ola bilər: “Urals”, “Siberian Light” və digər ağır, eləcə də, yüngül neft növləri”, - deyə Əhmədzadə bildirib. 

“Prezidentlər İlham Əliyev və Vladimir Putinin xatırlatdıqları, “SOCAR Trading” və “Rosneft” arasında imzalanmış müqaviləyə gəldikdə isə, təsdiq edə bilərəm ki, müqavilə ilə 1 milyon ton “Urals” markalı Rusiya neftinin STAR zavoduna mütləq tədarükü nəzərdə tutulub”, - deyə “SOCAR Trading”in icraçı direktoru qeyd edib. 

Onun sözlərinə görə, müqavilə bazar şərtləri əsasında bağlanıb, neft qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində tədarük olunacaq.

Qeyd edək ki, STAR NEZ-də dizel yanacağı, aviasiya kerosini, maye qaz və digər məhsullar istehsal olunacaq. Zavod neftin “Azeri Light”, “Kerkuk” və “Urals” kimi növlərinin emalını həyata keçirəcək.

Xatırladaq ki, bir müddət əvvəl STAR zavoduna Azərbaycanın “Azeri Light” markalı neftinin 80 min ton həcmində ilk tədarükü baş tutub. “Azeri Light” neftinin zavoda tədarükünü “SOCAR Trading” həyata keçirib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri