19 
Okt
2018
22:23
1569
107
19787
Virtual karabakh

STAR zavodunun açılış mərasimi keçirilib - YENİLƏNİB + FOTO\VİDEO

19 Okt, 2018
22:23
19787

STAR zavodunun açılış mərasimi keçirilib - YENİLƏNİB + FOTO\VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Prezidentlər terrasdan “Star” neft emalı zavodunun ərazisini seyr ediblər.

Dövlət başçıları idarəetmə ofisi ilə tanış olublar.

Prezidentlərə “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, “Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR çıxış edir. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. 

Zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı neft çatdırılıb. Zavod 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman 1100 nəfər yeni iş yeri ilə təmin olunacaq.

“Star” neft emalı zavodunun açılış mərasiminin aparıcısı 6,3 milyard dollar dəyərində olan və bu gün reallaşan 4 nəhəng layihənin əhəmiyyəti haqqında ətraflı məlumat verib.

Sonra layihənin əhəmiyyəti haqqında videoçarx nümayiş olunub.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev mərasimdə iştirak edən Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana layihənin həyata keçirilməsinə verdikləri dəstəyə görə təşəkkürünü bildirib. Ulu öndər Heydər Əliyevin “Azərbaycan-Türkiyə dostluğu əbədi və sarsılmazdır” sözlərini xatırladan Rövnəq Abdullayev diqqətə çatdırıb ki, müxtəlif layihələrə yatırılan sərmayələr nəticəsində SOCAR Türkiyənin ən böyük investoruna çevrilib.
“Star” neft emalı zavodu haqqında və burada istehsal ediləcək məhsullar barədə danışan SOCAR-ın prezidenti yaxın gələcəkdə Petkimdə yeni əhəmiyyətli layihənin reallaşdırılmasına başlanılacağını qeyd edərək deyib:

“Bu gün açılışına toplaşdığımız layihələrin memarları olan və iştirakları ilə bizi şərəfləndirən prezidentlərimiz cənab İlham Əliyevə və cənab Rəcəb Tayyib Ərdoğana sonsuz minnətdarlığımı bildirirəm. Zati-alilərinin dəstəyi, himayəsi olmasaydı, bu layihəni daim diqqət mərkəzində saxlamasaydılar, dəyərli tövsiyələrlə bizə doğru yol göstərməsəydilər bu uğur qazanılmazdı”.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz isə Türkiyə-Azərbaycan dostluğunun və işbirliyinin rəmzi olan bu hadisənin önəmindən danışaraq iki ölkə arasında qardaşlığın möhkəm bağlara əsaslandığını vurğulayıb. Azərbaycan və Türkiyə prezidentlərinin dəstəyi ilə ölkələrimizin enerji sahəsində əhəmiyyətinin daha da artdığını deyən energetika və təbii sərvətlər naziri “Star” neft emalı zavodunun verəcəyi faydanı qeyd edib. Bu zavodun Avropa, Yaxın Şərq və Afrika bölgələrində ən böyük müəssisələrdən biri olduğunu deyən Fatih Dönməz həyata keçirilən layihələrin Azərbaycanın və Türkiyənin bölgədəki gücünü daha da artıracağını vurğulayaraq deyib:

“Böyük və güclü Türkiyə hədəfimizə gedən yolda Azərbaycanı yanımızda görmək bizi son dərəcə məmnun edir. Biz eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqlarıyıq. Həmin çinarın kölgəsi həyata keçirdiyimiz layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzandı”.

“Türkiyə və Azərbaycan birlikdə XXI əsrin enerji tarixini yazır” deyən Fatih Dönməz Azərbaycanın müstəqilliyinin 27-ci ildönümü münasibətilə təbriklərini də çatdırıb.

Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak isə TANAP layihəsinin açılışından 4 ay sonra dünyaya örnək olacaq daha bir önəmli layihənin açılışına toplaşdıqlarını qeyd edərək, Türkiyə və Azərbaycan arasındakı dostluğu və birliyi dünya üçün nümunə adlandıraraq deyib:

“Bu gün burada yaranan mənzərə dünyanın içində olduğu bədbinliyə, qeyri-müəyyənliyə ən gözəl həll formasını təqdim edir. Dünya Türkiyə ilə Azərbaycan arasındakı dostluğu, birliyi örnək götürməlidir. Qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu bu mənzərə sayəsində çox aydın görünür. 

Bu gün bu mənzərə dünyaya ölkələrin öz maraqlarını, iqtisadi sabitliklərini təmin etmələrinin yolunun himayəçilikdən və onu artırmaqdan, ticarət müharibələri aparmaqdan yox, həmrəylikdən, rəqabətlilik mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə ortaya qoyur”.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım iki ölkənin ağıl, iradə və güc birliyi ilə reallaşan layihənin icrası münasibətilə təbriklərini çatdırıb, Türkiyə-Azərbaycan işbirliyinin əbədi olacağını vurğulayaraq deyib:

“Türkiyə-Azərbaycan münasibətlərini əbədiyyətə daşıyacaq bu və bu qəbildən ortaq layihələrimizlə qürur duyuruq. Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TANAP, “Star” neft emalı zavodu və buna bənzər böyük olduğu qədər də strateji əhəmiyyət daşıyan bu layihələr təkcə Azərbaycan-Türkiyə qardaşlığını inkişaf etdirmir, eyni zamanda, bütün Qafqazın, Orta Asiyanın və hətta Avropanın enerji təhlükəsizliyinə də böyük töhfə verir. Ölkələrimizin iqtisadiyyatına böyük fayda verəcək neft emalı zavodunun İzmirimizə, Türkiyəmizə xeyirli-uğurlu olmasını diləyirəm”.

Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının ən önəmli tərəfini, həmçinin qarşılıqlı yatırımların, dünya səviyyəli enerji və nəqliyyat sahələrində əməkdaşlığın təşkil etdiyini deyən Türkiyə Böyük Millət Məclisinin sədri ulu öndər Heydər Əliyevin, Türkiyənin və Azərbaycanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin imzaladığı sənədlərlə iki ölkə arasında münasibətlərin daha da möhkəmləndiyini vurğulayıb.

Ölkələrimiz arasında 1991-ci ildən etibarən 200-dən çox müqavilə, protokol və digər sənədlər imzalandığını diqqətə çatdıran Binəli Yıldırım deyib:

“Mərhum Prezident Heydər Əliyevin, hörmətli Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə imzalanan bu müqavilələr əlaqələrimizi “Bir millət, iki dövlət” anlayışına bir addım da yaxınlaşdırıb. Bölgəmiz və dünya iqtisadiyyatı üçün də böyük əhəmiyyət kəsb edən bu əsərlər məhz iki ölkənin bu anlayışının nəticəsidir”.

Açılış mərasiminin dəyərli bir ildönümü ilə üst-üstə düşdüyünü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə təsadüf etdiyini deyən Binəli Yıldırım bu münasibətlə bir daha təbriklərini çatdırıb.

Mərasimdə Azərbaycanın və Türkiyənin imza atdığı mühüm layihələr barədə videoçarx nümayiş etdirilib.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib. 

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

17.47

Türkiyənin İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimi keçirilib.

Oxu.Az-ın məlumatına görə, mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq  Abdullayev, Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez çıxış ediblər.

Daha sonra neft emalı zavodunun açılışı elan olunub.

16:36

Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edirlər.

Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxıblar.

Dövlət başçılarına STAR neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.

Sonra xatirə şəkli çəkdirilib.

STAR neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri