15 
Noy
2018
10:05
18
118
4222
Virtual karabakh

Həyat sığortası: Əzrayıl sığorta olunanlardan daha az adamı aparır

15 Noy, 2018
10:05
4222

Həyat sığortası: Əzrayıl sığorta olunanlardan daha az adamı aparır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həmişə dünyaya “beşgünlük” baxan biz azərbaycanlılar sığortanı sevmirik. Ancaq qloballaşma sığortaya yanaşmanı da getdikcə dəyişir və övladına ev tikməyə çalışan xalqımızın nümayəndələri, həm də öz canlarını qiymətləndirməyə başlayıblar. Odur ki, ölüm halından sığortalanma üzrə toplanan vəsaitlər getdikcə artır.

Düşünürsən ki, ölümün çatıb?

Oxu.Az olaraq, əvvəlcə bilməyənlər üçün ölüm halından sığorta nədir, onu izah edək.

Beləliklə, rəsmi izahda göstərilir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın ölməsi halında faydalanan şəxsə sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir.

Nümunə:           

Şəxs 25 il müddətinə öz həyatını ölüm halından sığorta etdirir. Bununla bağlı sığorta müqaviləsində 200 min manat sığorta məbləği nəzərdə tutulur və şəxs sığorta haqqını aylıq olaraq ödəməyə başlayır. O, müqavilənin qüvvədə olduğu 15-ci ildə xəstəlik nəticəsində dünyasını dəyişir. Bu zaman müqavilədə razılaşdırılmış 200 min manat ölən, yəni sığorta olunanın vaxtilə həmin müqavilədə təyin etdiyi faydalanan şəxsə, məsələn, sığorta olunanın arvadına və ya uşaqlarına ödənilir.

Kvartalın axırıdır, ölmək olmaz

Bu ilin doqquz ayında həyatın ölüm halından sığortası üzrə 37 milyon 960 min manat vəsait toplanıb. Sığortaolunanın ölümü ilə əlaqədar olaraq müqavilədə təyin edilən vərəsəyə 1 milyon 217 min manat həcmində pul ödənilib. Bu rəqəmləri ötən ilin eyni dövrü ilə müqayisə etdikdə sevinə bilərik ki, ötən bir ildə Əzrayıl sığortaolunanlardan daha az adamı o dünyaya aparıb.

Məsələn, 2017-ci ilin yanvar-sentyabr aylarında həyatın ölüm halından sığortası üzrə toplanan vəsaitlərin həcmi cəmisi 24 milyon 95 min manat olub. Bunun 1 milyon 845 min manatı sığortaolunanın vəfatı nəticəsində ödənilib. Rəqəmlərin müqayisəsi göstərir ki, sığorta məbləği 13 milyon manatdan çox artıb, ödənişlər isə 628 min manat azalıb. Bu isə o deməkdir ki, özünü sığortaetdirənlər arasında ölüm halları da kəskin düşüb.  

Birdən…

İndi bu yazını oxuyub müəyyən müddətdən sonra “öləcəyi vaxtı dəqiq bilənlər varsa və əgər ölümündən sonra belə qabağa düşmək istəsələr” bilin ki, bu, Azərbaycanda yalnız “Paşa Həyat Sığorta” şirkətində mümkündür. Çünki digər həyat sığortası şirkətləri yalnız o vaxt bu sığorta xidmətini göstərirlər ki, vətəndaş kredit götürsün, başqa sözlə, krediti olmayanların ölüm halına yanan yoxdur.

Beləliklə, “Paşa Həyat Sığorta”dan aldığımız məlumata görə, ölüm halından sığorta 30-60 yaş arası vətəndaşlara şamil edilə bilər. Nümunə olaraq, qeyd edək ki, əgər sizin 40 yaşınız varsa və özünüzü 20 illik ölümdən 200 min manat həcmində sığortalamaq istəyirsinizsə, bu zaman illik ödəniş 2 min 274 manat olacaq. Bu vəsait isə birdəfəlik ödənilməlidir.

Yalnız müqavilə üzrə məbləğ 60 min manata qədər olduqda aylar üzrə ödəniş mümkündür. Əgər həmin 20 ildə sığortaolunan hər hansı hadisə ilə bağlı ölürsə, bu zaman həmin 200 min onun müqavilədə adıçəkilən vərəsəsinə düşür. Yox, əgər 20 ildən sonra yaşasa, bu halda “Əlvida, 200 min!”, - deyə bilərsiniz.

İpoteka götürənlərin canı daha çox qiymətlidir

Niyə? Ona görə ki, ipoteka kreditləri dövlətin büdcədən ayırdığı vəsaitlər hesabına verilir.

Mütəxəssislərin dediyinə görə, ölüm halından sığorta ilə bağlı toplanan sığorta yığımlarının elə böyük hissəsi ipoteka krediti götürənlərlə bağlıdır. Çünki bu halda əmlak sığortası və ölüm halından həyat sığortası məcburi xarakter daşıyır. Məsələn, “Atəşgah Həyat Sığorta” şirkəti yalnız kredit götürdüyünüz halda bu sığorta məhsulunu sizə təqdim edir.

Tutaq ki, siz 50 min manat məbləğində 25 il müddətinə, illik 7 faiz olmaqla ipoteka götürmüsünüz. Bu halda siz 25 il mümddətinə aylıq 37 manat, illik ödənilsə, 443 manat 38 qəpik ödəniş etməlisiniz. 25 il ərzində əgər ipoteka krediti götürən vəfat edirsə, bu zaman bank onun əvəzinə bütün ipoteka kreditini 100 faiz bağlayır, yəni ölən şəxsin əvəzinə ödəniş edir.

Yox, əgər vətəndaş əlil olsa, ödənişlər bu qruplar üzrə fərqlənir. Birinci qrup üzrə - sığorta şirkəti müqavilədə nəzərdə tutulan məbləğin 80 faizi, ikinci qrup üzrə 60 faizi, üçüncü qrup üzrə 30 faizi ödənişi qarşılayır.

P.S. Ataların bir sözü var, deyirlər, çıxmayan cana zaval yoxdur. Amma adamın canı çıxanda övladlarına 200 min manat qoyub gedəcəyini bilməsi də pis deyil, ən azı rahat ölmək üçün.

Başqa tərəfdən, həyat şirindir, təki sağlam, uzun ömür yaşayaq, 200 min qurbandır sığorta şirkətinə.

İlhamə Abdullayeva  
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri