Dek
2018
16:07
19
102
7799
Virtual karabakh

Hamı mürəkkəbə doğru: Sadələşdirilmiş vergidən nə qaldı?

3 Dek, 2018
16:07
7799

Hamı mürəkkəbə doğru: Sadələşdirilmiş vergidən nə qaldı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarşıdan gələn yeni ildə, yəni 2019-cu il yanvarın 1-dən Azərbaycanda VÖEN vəsiqələrini “don vuracaq”, çünki sadələşdirilmiş vergi ödəyicilərinin sıraları o qədər daralıb ki, faktiki olaraq bu kateqoriyanın ləğv olunması mənzərəsi yaranır. 

Oxu.Az xəbər verir ki, 2019-cu ildən sahibkarlıq subyekti, bizneslə işləyən heç bir şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilməz.

Bütün ölkə üzrə sadələşdirilmiş vergi iki faizə endirilib, ancaq bu kateqoriyaya düşmək üçün məhdudiyyətlər o qədər genişdir ki, “Kim sadələşdirilmiş vergi ödəyicisi ola bilər?” sualı hələ də tam məlum deyil. 

Bununla bağlı Oxu.Az-ın sualını cavablandıran Vergilər Nazirliyinin Vergi siyasəti Departamentinin baş direktoru Samirə Musayeva bildirdi ki, lisenziyalaşdırılmış fəaliyyətlə məşğul olan şəxslər, topdan-ticarət fəaliyyəti ilə məşğul olan şəxslər, sahibkarlıq subyektlərinə xidmət göstərən şəxslər, qanunla fəaliyyət göstərməklə işçi cəlb edərək istehsalat həyata keçirən şəxslər, xəz-dəri məmulatlarının, qızıl-zinət əşyalarının satışını həyata keçirənlər, sığorta təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, banklar sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər.

Bu istisnalardan başqa, ardıcıl aylıq dövriyyəsi 200 min manatdan aşağı olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquqları saxlanılır. 

Bu istisnalardan kənarda qalanlar barədə nazirlik rəsmisi açıqlama verməyib.

S.Musayeva deyib ki, sadələşdirilmiş vergi ödəyicilərinin sıralarının məhdudlaşdırılmasında əsas məqsəd vergi daxilolmasının və ya vergi yükünün artırılması deyil, onların məcbur ƏDV qeydiyyatçısı olması kimi bir qərar da yoxdur. 

“Bununla bağlı yanlış təsəvvürün qarşısını almaq üçün dəqiqləşdirmək istərdik ki, onlar ya mənfəət, ya gəlir vergisi ödəyəcəklər. Bu zaman isə onlara 75 faiz güzəşt müəyyən edilib.

Üstəlik, həmin subyektlər gəlir və xərclərinin dəqiq və şəffaf uçotunu aparsalar, bu halda sahibkarlıq subyektlərinin öz gəlirlərinin bölüşdürülməsi halında təsisçilərdən dividend vergisi də tutulmayacaq”.

Nazirlik rəsmisi gəlir vergisinin dərəcəsinin 20 faiz olmasını sadələşdirilmiş verginin 4 faiz olması ilə müqayisə etməməyi xahiş edib:

“Çünki bildiyimiz kimi, sadələşdirilmiş vergi ödəyicisi ümumi dövriyyənin 4 faizi qismində vergi ödəyirdi. Gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra yerdə qalan gəlir və ya hüquqi şəxsin mənfəətidir. Şərti mənfəətlilik dərəcəsini 20 faiz götürsək, aylıq 10 min manatadək gəlir əldə edən şəxslərdə 4 faiz sadələşdirilmiş vergidə sahibkar 400 manat vergi ödəyirdisə, bu gün gəlir vergisinə keçdiyi və yenə də 20 faiz rentabelliklə işlədiyi halda dövlətin verdiyi gəlir və mənfəət vergisi üzrə 75 faizlik güzəşt tətbiq edilməklə, cəmi 83,3 manat vergi ödəyəcək.

Yəni müqayisə etsək, 400 manatdan 83 manata düşür. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan sahibkar vergi uçotunu dəqiq və şəffaf apardığı halda vergi yükü, əslində, dəfələrlə aşağı salınıb”. 

Bir məsələ də var, əgər güzəşt verilən sahibkar öz gəlir və xərclərinin düzgün uçotunu aparmırsa, bu halda maliyyə sanksiyaları ilə üzləşəcək. 

“Güzəşti olan sahibkar təqdim etdiyi malları və ya xidmətləri sənədləşdirmirsə, həmin malı ondan alan və güzəşt kateqoriyasına düşməyən sahibkarın da gəlir və xərclərinin bəyan olunmasında ciddi şübhələr yaranır”. 

İlhamə Abdullayeva 
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri