18 
Yan
2019
16:42
137
25
8309
Virtual karabakh

Mən “ifratı” görmədim – İKİ SƏMİMİ DİALOQ

18 Yan, 2019
16:42
8309

Mən “ifratı” görmədim – İKİ SƏMİMİ DİALOQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki gün ərzində “bəlkə, sabah olacaq” deyə, “ifrat” hava təhlükəsini gözlədik, ancaq görmədik. Bakıda qışda gördüyümüz güclü küləkli hava keçdi.

Oxu.Az ötən iki günün təəssüratı ilə bağlı iki tanınmış şəxsin qısa müsahibəsini sizə təqdim edir.

İlham Şaban, neft üzrə ekspert, Bakı sakini

- Ötən iki gündə neft hasilatının azalması ilə bağlı hər hansı məlumatınız varmı?

- Həm SOCAR, həm də BP-dən aldığım məlumata görə, neft hasilatı plan üzrə davam edir. SOCAR, əsasən, tikinti-quraşdırma işləri aparan briqadaları təhlükəsizlik baxımından dənizdən çıxardı və işləri müvəqqəti dayandırdı, bu gün isə bərpa etdi. BP isə, ümumiyyətlə, iş ahəngini pozmadan davam etdi. 

- Ölkədə əksər qurumlar ciddi iş rejimində işlədi. Siz bunu hiss etdinizmi?  

- 16-17-si özüm müşahidə aparmışam. Yasamalda yaşayıram, ancaq işim mərkəzdədir. Maşınsız idim, metroya mindim və sonra da avtobusdan istifadə etdim. Təsəvvür edirsinizmi, elə bil metroda heç kim yox idi. Ölkəni elə bir informasiya axınına salıblar ki, mənə elə gəldi ki, bu gün bazar günüdür.

Bütün qurumlar deyir ki, gücləndirilmiş iş rejimində işləyirlər, metronu beş dəqiqə, 2 nömrəli avtobusu isə 14 dəqiqə gözlədim. Yollar bomboşdur, bunların nəyi gücləndirilmişdir? Ümumiyyətlə, gücləndirilmiş nə deməkdir? Hərə öz yerində, öz işini normal şəkildə icra etməlidir. Bir düşünün ki, Bakıda 10 dərəcə şaxta olaydı, nə olardı?

- Proqnoz olunan ifrat təhlükəni necə təsəvvür edirdiniz?

- Nə var ki?! Adicə küləkdir də, heç qasırğa da yoxdur. Ayın 16-da marketlərdə elə növbə vardı ki, elə bildim ki, Yeni il qabağıdır, piştaxtalar boşalmışdı. Bu, nəyə lazım idi? Ali məktəblərdə imtahanları təxirə salmaq nə məqsəd daşıyırdı?

Naxçıvanda 30 dərəcəyə qədər şaxta olur, oradakı insanlar ilin altı ayını mənfi 20 dərəcədə yaşayırlar. Onda gərək altı ay Naxçıvanda gücləndirilmiş iş rejimi elan oluna?! Heç olmasa, Naxçıvana gedin! Belə çıxır ki, gərək orada yaşayan insanlara “Qəhrəman Azərbaycan vətəndaşı” adı versinlər.

Tanrıverdi Mustafayev, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri, Bakı sakini

- “Azərişıq” bu iki günü necə keçirdi, ötən iki gündə elektriklə təminatda fasilələr oldu. Enerji sisteminə nə qədər ziyan dəyib, hesablanırmı?

- Biz qabaqlayıcı tədbirlər görürük, ona görə də elə də ziyan olmur.

- Qabaqlayıcı tədbir deyəndə nəyi nəzərdə tutursunuz?

- Qabaqlayıcı tədbir odur ki, iki qoşa xətt gedir, güclü külək əsir və o güclü külək təsirindən xətlər bir-birinə dəyə bilər və qəza baş verər. Qəza da baş verəndə ya avadanlıq, ya transformator yanar, sistemə ziyan dəyə bilər. Bu ziyanın qarşısını almaq və həm də istehlakçının enerji təminatında uzun müddət fasilə yaranmasın deyə, ən yaxşısı qabaqlayıcı tədbir görməkdir, bu halda biz özümüz dayandırırıq ki, xətadan ötüşsün. Ona görə də dünən bəzi yerlərdə qabaqlayıcı tədbirlər sayəsində sistemə heç bir ziyan dəyməyib.

Azərbaycan həmişə hazırdır, bizdə bütün strukturlar hazır vəziyyətdədir. Son illərdə aparılan inkişaf, enerji sektorundakı yenidənqurma işləri buna imkan verir. Bu isə elə bil imtahan xatırlatdı bizə, 18 ildir bu sahədə işləyirəm, enerji təchizatında elə bir problem olmadı. Adicə, baxın, qar yağır, leysan olur, Amerikada, Almaniyada, Fransada milyonlarla insanlar saatlarla, günlərlə işıqsız qalır. Biz hazır vəziyyətdə idik, xəbərdarlıq almışdıq ki, belə güclü külək olacaq.

- Sizcə, ifrat təbiət hadisəsi baş verdimi, Bakının gördüyü küləkli günlərdən idi, yoxsa yox?

- Bilmirəm, amma yox, ifrat deməzdim, bu adi havadır, birdən görürsən, iyulda ifrat isti hava olur. İfratdan biz qorxmalıyıqmı, əlbəttə, yox. Mən, açığı, “ifratı” görmədim. Bu 10 il bundan qabaq da olmuşdu. Bundan ikiqat ifrat olsa da, biz hazırıq. Çox hay-küyə salındı. Biz qışda hər gün gücləndirilmiş iş rejimindəyik.

- Gücləndirilmiş iş rejimi deyəndə nəyi nəzərdə tutursunuz, əlavə işçi çıxarırsınız, ya nədir?

- “Gücləndirilmiş” sözü heç bizə uyğun söz deyil.

- Yəni görməli olduğunuz işi görürsünüz də, elə deyil?!

- Əlbəttə ki. Mən Tanrıverdi Mustafayev olaraq deyirəm ki, istər bundan bir ay əvvəl, istər iyun ayı olsun, bu cür işimi davam etdirirəm. Bizim vəzifə borcumuzdur ki, 24 saat istehlakçını enerji ilə təmin edək. Çox zaman bu sözü işlətmirəm də. Mən belə deyə bilərəm ki, bu söz bir məsuliyyət artırır, onsuz da məsuliyyətliyik də. Sadəcə, ciddi iş rejimi deyəndə növbətçilik təyin edilir, qərargah yaradılır, hazır oluruq ki, bir qəza baş verərsə, onu operativ şəkildə aradan qaldıraq. Onsuz da həmişə qəza xidmətimiz var, onların da əlavə mal-materialları, avadanlıqları var, sadəcə, daha çox hazır oluruq. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri