Fev
2019
14:07
89
34
2275
Virtual karabakh

“Star” NEZ ilk məhsulunu “Petkim”ə satıb

8 Fev, 2019
14:07
2275

“Star” NEZ ilk məhsulunu “Petkim”ə satıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda inşa etdiyi “Star” neft emalı zavodu (NEZ) ilk məhsulunu “Petkim PetroKimya Holding A.Ş.”yə satıb.

AZƏRTAC xəbər verir ki, zavodda istehsal olunan naftanın “Petkim”ə satışı həyata keçirilib.

Məhsul “Petkim”ə boru kəmərləri ilə çatdırılıb.

“Zavodda illik 1,6 milyon ton nafta istehsal olunacaq. İlkin mərhələdə “Petkim”ə 303 ton nafta satılıb. “Petkim”in naftaya olan tələbatını bütövlükdə “Star” NEZ ödəyəcək”, - “Star” NEZ-in baş direktoru Mesut İlter deyib.

“Əvvəllər naftanı fərqli yerlərdən alırdıq. Məhsulun müəyyən keyfiyyətdə olmaması isə məhsuldarlığa təsir edirdi. Qısa zamanda xammala olan tələbatımızın hamısı “Star” tərəfindən təmin olunacaq”, - “Petkim PetroKimya Holding A.Ş.”nin icraçı direktoru Anar Məmmədov bildirib.

Qeyd edək ki, “Star” zavodunda ildə 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qaz (LPG), neft koksu və kükürd istehsal ediləcək. Layihənin ümumi sərmayə qoyuluşu 6,3 milyard dollar təşkil edir ki, bunun 90 faizi artıq investisiya olunub. 2021-ci ilədək başa çatacaq investisiya ilə “Star”ın ümumi tutumu artırılacaq. Sonda investisiya ümumilikdə 7 milyard dollara çatacaq.

Ötən il oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “Star” zavodunun açılış mərasimi olub. “Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək.

“Star” Türkiyənin dizel yanacağı idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft-qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.

SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb. Türkiyənin ilk neft-kimya müəssisəsi “Petkim”in xam maddə tələbatının demək olar ki, hamısını təmin edəcək “Star” NEZ yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri