16 
Fev
2019
18:57
164
39
4298
Virtual karabakh

Pərviz Hacıyev: Gübrənin norması beş qramdırsa, beş qram da verilməlidir

16 Fev, 2019
18:57
4298

Pərviz Hacıyev: Gübrənin norması beş qramdırsa, beş qram da verilməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda əkinə yararlı, münbit torpaq sahələri azalır. Yüksək məhsuldarlıq almaq üçün azot gübrəsindən getdikcə daha bol istifadə edən fermerlər, əslində, torpağına vurduğu ziyanın səviyyəsini təsəvvür belə etmir.

Bununla bağlı Oxu.Az Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Pərviz Hacıyevlə müsahibəni təqdim edir.   

- Azərbaycanda fermerlərin məlumat bazası yaradılırdı, bununla bağlı işlər hansı mərhələdədir?

- Məlumat bazasının üzərində aktiv işləyirik. Bildiyiniz kimi, elektron sistem bir neçə funksiyanı icra edəcək. Birincisi, burada fermerlərin qeydiyyat sistemi işə başlayacaq, eyni zamanda, onların torpaq sahələrinin “GPS” koordinatları xəritədə göstərmək üçün işarələnir və üçüncüsü, fermerlərin şikayətləri, ya da problemləri varsa, bunu elektron şəkildə bizə ünvanlamaq imkanı yaranacaq.

Biz həmin sistem vasitəsilə onlara cavab verəcəyik. Dördüncü sistem isə fermerlərə lazım olacaq informasiyanın verilməsi üçün nəzərdə tutulub, yəni bu dörd sistem birlikdə işləyəcək.

- Azərbaycan üçün təhlükəli məsələlərdən biri budur ki, fermerlər növbəli əkin həyata keçirməyərək, ilbəil daha çox məhsul almaq üçün azot gübrəsindən istifadəni artırıblar. Bu isə torpaqların deqredasiya olunmasına, münbitliyini itirməsinə səbəb olub. Bununla bağlı araşdırma aparırsınızmı?

- Hazırda bunun üzərində çox ciddi işləyirik. Ən birinci problem odur ki, növbəli əkin olmadığından bu, torpaqların deqredasiyasına, xəstəliklərin artmasına gətirib çıxarıb. Bunun çox bariz nümunəsini Gədəbəydə gördük. Gədəbəydə 30-40 il eyni yerdə eyni məhsulu əkdiklərindən torpaq xəstələnir, sıradan çıxır, məhsuldarlıq düşür. Bundan əlavə, çox istifadə olunan mineral gübrələr də torpağı məhv edir.

Əgər gübrənin norması beş qramdırsa, deməli, beş qram da verilməlidir, yoxsa 10 qram verim, çox məhsul alım deməklə deyil. Birinci dəfə çox məhsul ala bilərsən, amma torpağın məhv olacaq. Azərbaycanda fermerlər onu da bilməlidirlər ki, intensiv şəkildə əkinlə məşğul olduqda torpaq gücdən düşür. Ona görə də bunu orqanik, güclü gübrələrlə, otlardan ibarət üzvü gübrələrlə zənginləşdirmək lazımdır. Sadəcə, əgər kimyəvi gübrələrlə məhsuldarlığı yüksəltməyə yönəlsək, bir müddətdən sonra torpaqlarımız deqredasiyaya, şoranlaşmaya məruz qalacaq.

- Azərbaycanda yararsız hala düşmüş torpaqlarla bağlı əlinizdə hansısa göstəricilər varmı?

- Bu informasiyaları biz peyk vasitəsilə əldə edib araşdırırıq. Bizdə şoranlaşmış və deqredasiya olmuş torpaqlar kifayət qədər çoxdur. Onların bərpası ilə bağlı planlarımız var və qeyd edim ki, bu, mümkündür. Ümumilikdə, dünyada torpaqların 30 faizi deqredasiyaya məruz qalıb və Azərbaycanda da nisbət olaraq vəziyyət eynilə belədir.

- Azərbaycanda bir neçə dövlət qurumu torpaqların kadastrı ilə bağlı işlər görürdü, yəni bu məlumatların toplandığı vahid baza varmı?

- Bəli, var. Əmlak Komitəsi də bu işləri aparır və biz bir neçə mənbədən bu məlumatları toplayıb təhlil aparırıq. Artıq yeraltı suların bol olduğu, şoranlaşmış torpaqların xəritələri işlənib.

“Azərkosmos” da bu işi görür və hər iki qurumla anlaşmamız var, həmin məlumatları təhlil edib nəticələri ictimaiyyətə açıqlayacağıq. Hesab edirəm ki, bu məsələyə çox ciddi yanaşmalıyıq, əks halda, bizim torpaqlarımız çox sürətlə məhsuldarlığını itirəcək.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri