19 
Fev
2019
21:01
196
32
6671
Virtual karabakh

Çoxmənzilli binaların “çoxmərtəbəli problem”lərinə son qoyulur - ŞƏRH

19 Fev, 2019
21:01
6671

Çoxmənzilli binaların “çoxmərtəbəli problem”lərinə son qoyulur - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çoxmənzilli binaların qeydiyyatı ilə bağlı qurumların yaratdığı “çoxmənzilli problem”lər prezident İlham Əliyevin bugünkü fərmanı ilə öz həllini tapacaq.

Oxu.Az xəbər verir ki, hazırda yalnız Bakı şəhərində çoxmənzilli və istismara qəbul edilməyən binaların sayının 800-ə yaxın olduğu bildirilir.

Orta hesabla hər binada 150 mənzil götürsək, bu, 120 minə yaxın mülkiyyətçinin hüquqlarının qorunması deməkdir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, həmin binaların əksəriyyətində yaşayış var. Bu fərmana görə, yan divarları və dam örtüyü olan binaların da istismara götürülməsində problem olmayacaq. Hətta texniki şərtlərin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına xüsusi göstərişlər də verilib.

“Çoxmənzilli binaların bəzilərinin Fövqəladə Hallar Nazirliyindən müvafiq rəyi vardı. Sadəcə, Bakı Şəhər İcra Hakimiyyəti xüsusi qaydalar tətbiq edirdi. Belə ki, hansısa tikinti şirkətinin təqdim etdiyi sənəddə cüzi qüsurlar olurdusa, onu əsas götürərək, Bakı Şəhər İcra Hakimiyyəti onu istismara qəbul etməkdən imtina edirdi.

Düzdür, istismara qəbul olunmayan binalara texniki şərtlər almaq mümkün idi, ancaq bu, mülkiyyət hüquqlarının təmin olunması, çıxarışların verilməsi və qeydiyyat sənədləri ilə bağlı çətinliklər yaradırdı. Bundan sonra ən azı Bakı Şəhər İcra Hakimiyyətinin istismara qəbuldan imtina ilə bağlı əsası bitmiş olacaq. Əgər Fövqəladə Hallar Nazirliyi istismara yararlılıq haqqında rəy verirsə, icra hakimiyyəti artıq onu istismara qəbuldan imtina edə bilməyəcək”.

Qeyd edək ki, fərmanda konkret müddətlər qoyulub. Belə ki, Fövqəladə Hallar Nazirliyi iki ay müddətinə bu binaları hazırlamalıdır, bir həftə müddətində Arxitektura və Şəhərsalma Komitəsi müayinənin nəticəsindən asılı olaraq, istismara alınması ilə bağlı yazılı rəy verməlidir. Bundan sonra sənədlər Bakı Şəhər İcra Hakimiyyətinə təqdim ediləcək. Dərhal Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həmin binaların reyestrini həyata keçirəcək.

Eyni zamanda “Azərsu”, “Azərişıq” və “Azəriqaz” kimi qurumlar texniki şərtləri olmayan binalarla bağlı problemləri aradan qaldırmalıdır, mələsəni araşdırıb Nazirlər Kabinetinə yazılı arayış verməlidir.

R.Osmanlı hesab edir ki, bu fərmanla yuxarıda sadaladığımız qurumların ətrafında yığılıb qalan çoxlu problemlər aradan qaldırılacaq və binaların qeydiyyatı həyata keçiriləcək.

“Bundan sonra ən azından Bakı Şəhər İcra Hakimiyyəti növbəti mərhələdə müxtəlif tələblərlə çıxış edə bilməyəcək”.

Bu, həm də o deməkdir ki, 120 min insan büdcəyə əmlak vergisi ödəyəcək, bu isə milyon manatlarla əmlak vergisinin ödənişi deməkdir. Eyni zamanda, həmin binalarda qeydiyyata alınan mənzillər üzrə aparılan əməliyyatlar, əqdlər rəsmi dövlət qeydiyyatına salınacaq, həmin mənzillərin alqı-satqısından dövlət büdcəsinə vergilər ödəniləcək.

“Həmin mənzillər girov əməliyyatlarına sərbəst şəkildə cəlb oluna biləcək, bağışlama, vərəsəlik hallarında dövlət büdcəsinə notariat kontorundan vəsaitlər daxil olacaq. Bundan başqa, bütün mənzillərin saxlanılması və idarə edilməsində uzun müddətdən bəri yığılıb qalmış problemlər həll olunacaq”, - deyə ekspert bildirib.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri