İyl
2014
19:55
203
73
5445
Virtual karabakh

Azərbaycanın nəqliyyat sistemi: İnkişaf və uğurlar

3 İyl, 2014
19:55
5445

Azərbaycanın nəqliyyat sistemi: İnkişaf və uğurlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmiz böyük tranzit və loqistika mərkəzinə çevriləcək.

Bir neçə gün əvvəl 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarına geri sayımın başlaması ilə bağlı tədbir keçirildi.

Tamamilə təbiidir ki, bu möhtəşəm tədbirin keçirilməsi ilə əlaqədar ölkəmizə əcnəbi qonaqların – həm yarış iştirakçıları, həm də çoxsaylı tamaşaçıların böyük axını gözlənilir. Və ölkə, ciddi şəkildə bu mötəbər hadisəyə hazırlaşır.

Avropa Oyunlarına hazırlıq ilk növbədə nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə də toxundu, çünki nəqliyyat bu möhtəşəm yarışın uğurlu keçirilməsinin təmin olunmasında ən vacib rollardan birini oynayacaq.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Asiya İnkişaf Bankı (AİB) vitse-prezidenti Vençay Janqla görüşdə vurğuladığı kimi, nəqliyyat Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindən biridir və bu sahəyə dövlət səviyyəsində xüsusi nəzarət həyata keçirilir.

Görüşdə nazir həmçinin Bakıda beynəlxalq dəniz ticarət limanı, Dəmir yollarının inkişafı Dövlət Proqramı çərçivəsində görülmüş işlər, yeni vaqon və lokomotivlərin alınması, beynəlxalq standartlara uyğun yeni yolların çəkilməsi, yolların rekonstruksiyası, həmçinin sərnişin və yük daşınmaları sahəsində görülən işlər haqqında danışıb. Nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi başa çatmaq üzrədir.

Azərbaycanın nəqliyyat naziri həmçinin bir müddət əvvəl “The Business Year” jurnalına müsahibə verib.

Öz müsahibəsində nazir vurğulayıb ki, sərnişin nəqliyyatının təhlükəsiz istismarının təmin edilməsi üçün 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının başlamasına qədər yol-nəqliyyat infrastrukturu və digər təşkilati məsələlərin həlli üzrə fəaliyyət planı təsdiqlənib.

“Bu plan avtomobil yolları, nəqliyyatın intellektual idarəetməsi sistemi və dəmir yolları şəbəkəsini əhatə edir”, - deyə, Məmmədov bildirib.

Nazirin sözlərinə görə, Bakıda ilk Avropa Oyunlarının başlamasınadək Tbilisi prospekti, Babək və Ziya Bünyadov prospektləri yenidən qurulmalı, Su oyunları sarayına yeni yol çəkilməlidir. Bundan başqa, Mikayıl Əliyev küçəsi metronun “Koroğlu” stansiyasından Babək prospektinədək olan hissədə yenidən qurulmalıdır.  Bu işlərin bir hissəsi artıq başa çatdırılıb.

Nazir bildirib ki, ilk Avropa Oyunlarının keçiriləcəyi obyektlərə bitişik küçə və prospektlərdə bütün işləri 2015-ci il mayın 1-dək bitirmək planlaşdırılır.

Bundan başqa, 2014-cü il və 2015-ci ilin 1-ci rübü ərzində Bakının avtobus dayanacaqlarında Wi-Fi sistemi quraşdırılacaq, gələn nümayəndə heyətlərini daşıyacaq nəqliyyat isə GPS sistemi ilə təchiz olunacaq.

Bundan başqa, Heydər Əliyev hava limanı, Olimpiya şəhərciyi və yarışların keçiriləcəyi obyektlər arasında sərnişin daşınması sistemi təşkil olunacaq.

Ziya Məmmədovun nazir vəzifəsində mühüm xidmətlərindən biri şübhəsiz ki, Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzinin (NİİM) yaradılmasıdır. Bu mərkəz artıq bir neçə ildir fəaliyyət göstərir və paytaxt sakinlərinin həyatını xeyli asanlaşdırır.

2013-cü ildə nəqliyyat sektorunun gələcək inkişafına yönəlmiş bir sıra tədbirlər həyata keçirilib. Belə ki, 2013-cü ilin martında gəmiqayırma zavodunun açılışı baş tutub. Hazırda Bakı ətrafında – Ələt qəsəbəsində Xəzərdə ən böyük və müasir Beynəlxalq ticarət limanı inşa olunur.

Limanın inşası hazırda quruda aparılır. Limanı şose ilə əlaqələndirəcək yol infrastrukturunun layihələndirilməsi, həmçinin dəmir yolu xəttinin çəkilməsi demək olar ki, başa çatdırılıb.

Limanın, o cümlədən də bərə terminalının inşasının birinci mərhələsini 2014-cü ildə bitirmək nəzərdə tutulur.

“Şərq-Qərb” nəqliyyat dəhlizinin bu sahəsində adı çəkilən işlərin başa çatması Azərbaycanı böyük tranzit və loqistika mərkəzinə çevirəcək.

Yol çəkilişləri layihələrinə gəldikdə isə, Sabunçu-Zabrat dairəsi-Maştağa-Buzovna yolunun Zabrat-Buzovna hissəsi yenidən qurulub, Qala qəsəbəsinə yol çəkilərək, istismara verilib. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın davamı olan “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda yol infrastrukturunun müasirləşdirilməsi də nəzərdə tutulub.

2011-2013-cü illəri əhatə edən və Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “2006-2007-ci illərdə Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə Dövlət Proqramının” davamı olan Dövlət Proqramında yol infrastrukturunun gələcək inkişafı nəzərdə tutulub.

Paytaxtda çoxlu sayda yol ötürücüləri, tunellər, yerüstü və yeraltı piyada keçidləri tikilib, yollar təmir olunub.

Avropa Oyunları ərəfəsində Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsindən əvvəl ölkəyə gətirilmiş və paytaxtın rəmzlərindən birinə çevrilmiş yeni “London” taksilərinin sayı daha da artılacaq. Avtobuslar müasir kart ödəniş sistemi ilə təchiz olunublar.  

Qeyri-qanuni parkinqlərlə də fəal mübarizə aparılır. Bu məqsədlə paytaxtda avtomobillər üçün xüsusi dayanacaqlar tikilib və yollarda tıxacların azaldılmasına nail olunub. Şəxsi nəqliyyat vasitələrinin sahibləri məmnuniyyətlə qeyd edirlər ki, qeyri-qanuni avtomobil dayancaqlarının ləğvi və Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzinin tətbiqi ilə Bakının bir nöqtəsindən digərinə səyahət hətta günün ən qızğın vaxtlarında da çox az vaxt aparır.

Dəmir yolu nəqliyyatı isə xüsusi mövzudur. İlin sonunadək region və bütün Avropanın inkişafında mühüm rol oynayacaq, Avrasiyada yeni əlaqələndirici halqaya çevriləcək Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istismara verilməsi gözlənilir.

Ziya Məmmədov həmçinin bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin test qatarı Türkiyə sərhədində bu ilin sonunadək buraxılacaq, 2015-ci ilin ikinci yarısından isə yolun istismarı başlayacaq.

Dəmir yolu parkı da yenilənəcək. Ümumilikdə, 3,3 kilovoltluq sistemlərdən 25 kilovoltluq 50 herslik enerji avadanlığına keçid etmək, siqnal və telekommunikasiya sistemlərini isə müasirləşdirmək planlaşdırılır. Bundan başqa, planlara dəyişən cərəyanla işləyən 50 yük və 12 sərnişin lokomotivinin alınması da daxildir.

Ümumilikdə paytaxt və ölkənin nəqliyyat sistemi 2015-ci ildə baş tutacaq, tarixdə ilk Avropa Oyunları kimi möhtəşəm və vacib tədbirin keçirilməsinə hazırdır. İnanmaq istərdik ki, digər strukturlarda belə məsuliyyət göstərəcəklər və bir ildən sonra ölkəmiz özünü ən layiq şəkildə təqdim edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri