28 
Avq
2014
17:05
66
13
1201
Virtual karabakh

“Azərsu” Gəncə şəhərinin içməli su təchizatını yaxşılaşdırır – FOTO

28 Avq, 2014
17:05
1201

“Azərsu” Gəncə şəhərinin içməli su təchizatını yaxşılaşdırır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəhəri içməli su ilə təmin edəcək üç su mənbəyi seçilmişdir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti respublikanın ikinci böyük şəhəri olan Gəncədə istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı)  birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərində həyata keçirilən içməli su  və kanalizasiya  sistemlərinin yenidən qurulması üzrə işlərinin birinci mərhələsi yekunlaşmışdır.

Oxu.Az xəbər verir ki, “Azərsu” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, layihənin ilkin mərhələsində su mənbələrinin bərpası və magistral su xətlərinin çəkilişi işləri aparılmışdır. Gəncə şəhərinin relyefi və perspektiv inkişafı, həmçinin əhalinin tələbatı  nəzərə alınaraq müxtəlif mənbələrdən suyun gətirilməsi məqsədəuyğun hesab edilmişdir.

Bu məqsədlə şəhəri içməli su ilə təmin edəcək  3 su mənbəyi – Göygöl və Qızılqaya drenaj sistemləri, həmçinin Şəmkirçay su anbarı seçilmişdir.

“Layihənin birinci mərhələsi çərçivəsində Göygöl  su mənbəyi üzrə tikinti-quraşdırma  işləri yekunlaşmaq üzrədir. Bu mərhələdə su mənbəyində məhsuldarlığı saniyədə 200 litr  olan  drenaj sistemi bərpa edilmiş,  tutumu 4000 kubmetr olan 1 ədəd su anbarı inşa edilmiş və su mənbəyindən anbaradək   24,5 km uzunluğunda magistral su kəməri çəkilmişdir.  Bu mənbə hesabına Gəncə şəhərinin 20 faizi və ya 63 min nəfər sakini 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaqdır.  Yaxın günlərdə Gəncə şəhərinə bu mənbədən içməli suyun verilməsinə başlanılacaqdır.

Şəhəri içməli su ilə təmin edən digər  mənbədə - Qızılqayada bərpa işləri həyata keçirilmiş, 1 ədəd 2000 kubmetrlik su anbarı tikilmiş, 9,5 km anbarlararası su xətləri çəkilmişdir. Ümumi həcmi 10 min kubmetr olan 2 ədəd yeni su anbarının tikintisi isə  yekunlaşmaq üzrədir.

Gəncə şəhərinin içməli su tələbatının təxminən 60 faizi Şəmkirçay su anbarından təmin ediləcək. Anbardan  götürüləcək  su  27,5 km uzunluğunda  magistral kəmərlə Qızılqaya  ərazisində inşa edilən və sutkalıq  məhsuldarlığı 17 min kubmetr olan sutəmizləyici qurğuya ötürüləcəkdir.  Hazırda magistral su kəmərinin inşası davam etdirilir.

Su mənbələri və magistral xətlərin yenidən qurulması ilə yanaşı Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisinə başlanılmışdır. Layihəyə əsasən inşası nəzərdə tutulan  576 km uzunluğunda paylayıcı su xəttinin 30 km-lik,  582 km uzunluğunda kanalizasiya şəbəkəsinin isə 32 km-lik hissəsi çəkilmişdir.  Gələcəkdə Gəncə şəhərində yaranacaq tullantı suları yeni tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənərək zərərsizləşdiriləcəkdir”, - deyilir məlumatda.

Qeyd edək ki, Gəncə şəhərində çoxmərtəbəli yaşayış binalarına smart-kart tipli su sayğaclarının quraşdırılmasına da başlanılmışdır.  İndiyədək 119 binada 7 minə qədər abunəçi smart-kart sayğaclarla təmin olunmuşdur.

Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsindən 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla  450 min nəfər faydalanacaqdır. 

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri