16 
Okt
2014
17:10
122
20
2195
Virtual karabakh

Bakı-Tbilisi-Qars dəmir yoluna həsr olunmuş konfrans keçirildi – FOTOREPORTAJ

16 Okt, 2014
17:10
2195

Bakı-Tbilisi-Qars dəmir yoluna həsr olunmuş konfrans keçirildi – FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanlayıb.

Oktyabrın 16-da Bakıda “Bakı-Tbilisi-Qars dəmir yolu xətti: tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda Beynəlxalq konfrans işə başlayıb.

Oxu.Az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən konfransda region, Avropa və Asiya ölkələri, beynəlxalq təşkilatlar və maliyyə institutlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Konfrans iştirakçıları 1918-ci ildə Bakının bolşevik-daşnak əsarətindən azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə Şəhidlər xiyabanında ucaldılmış abidənin önünə, həmçinin onların adları həkk olunmuş daş kitabənin üzərinə də çiçək dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində başlayan konfrans Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin beynəlxalq və regional əhəmiyyəti, perspektivləri, Azərbaycanın nəqliyyat imkanları və tranzit potensialı barədə dünya ictimaiyyətinin daha geniş məlumatlandırılması, Avropa ilə Asiya arasında səmərəli nəqliyyat qovşağı kimi ölkəmizin beynəlxalq nüfuzunun və ona olan etibarın daha da möhkəmləndirilməsi məqsədi daşıyır.

Eyni zamanda, yeni dəmir yolu xəttinə yük və sərnişin axınlarının cəlb edilməsi, nəticə etibarilə Avropa-Qafqaz-Asiya (TRASECA) beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi baxımından da konfransın mühüm əhəmiyyəti var.

Konfrans Azərbaycan Prezidenti İlham Əliyevin müraciətinin oxunması ilə başlayıb.  

Prezident İlham Əliyevin müraciətində qeyd olunub ki, şərq-qərb və şimal-cənub beynəlxalq dəhlizlərin qovşağında yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastruktur qurur, yük daşımaların idarə olunması, mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir.

“İqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsizlik və ekoloji normalara uyğun olan bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanğıcı deməkdir. Bu xətt multimodal imkanlarını genişləndirəcək, sərnişin və yük daşımaların həcminin artmasını təmin edəcək”.

Ölkə başçısının müraciətində o da qeyd olunub ki, beynəlxalq standartlar səviyyəsində yeni Bakı Beynəlxalq Dəniz Limanı kompleksinin bərə terminalı bu yaxınlarda fəaliyyətə başlayıb:

“Mərhələlərlə limanın yükaşırımı gücü ildə 25 milyon tona və 1 milyon konteynerə bərabər olacaqdır”.

Daha sonra beynəlxalq konfransda Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan, Gürcüstanın regional inkişaf və infrastruktur naziri David Şavliaşvili, TRASECA Hökumətlərarası Komissiyasının Baş katibi Eduard Biryukov və başqaları çıxış etdilər.

Tədbirdə çıxış edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, Marmaray layihəsindən sonra Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin də istismara verilməsi Trans-Avropa dəmir yolu şəbəkələrinin birləşdirilməsini və yüklərin birbaşa Qafqaz üzərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edəcək, region ölkələrinin tranzit imkanlarını yüksəldəcəkdir.

Bildirildi ki, son illər ərzində beynəlxalq ticarətin həcminin və miqyasının genişlənməsi fonunda Avropa ilə Asiya arasında yük və sərnişin axınlarının çəkisinin artması, bu istiqamətdə daha effektiv yeni nəqliyyat bağlantılarının yaradılmasını və mövcud marşrutların səmərəliliyinin artırılmasını zərurətə çevirib. Məsələnin aktuallığı nəzərə alınaraq, iki qitəni birləşdirən əsas nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan tərəfindən beynəlxalq ticarətin və daşımaların təşviqi, effektivliyinin artırılması məqsədilə mühüm işlər aparılmaqdadır.

Konfransda qeyd olundu ki, BTQ yalnız Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, eləcə də Asiya ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Layihənin reallaşması ilə Azərbaycan, Gürcüstan və Türkiyənin Mərkəzi Asiya, Çin və Avropa ilə birləşməsi üçün real imkanlar yaranacaq. Eyni zamanda, BTQ dəmir yolu iqtisadi səmərəlilik, sürət və vaxt, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Artıq bir sıra dövlətlər bu nəqliyyat dəhlizinə maraq göstərirlər.

BTQ dəmir yolu istismara verildikdən sonra Çindən Avropaya yüklər 12-15 günə, yəni dəniz nəqliyyatına nisbətən azı iki dəfə tez çatdırılacaq. Bu dəmir yolu ilə yük daşımaları həcminin mərhələlərlə 10 milyon tondan çox olacağı proqnozlaşdırılır.

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti: tarixi İpək Yolunun inkişafında yeni imkanlar” beynəlxalq konfransından çəkilmiş fotoşəkillərə baxmağa dəvət edirik.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri