22 
Okt
2014
17:10
35
19
1311
Virtual karabakh

Nazirlikdən saxta dərman əməliyyatı

22 Okt, 2014
17:10
1311

Nazirlikdən saxta dərman əməliyyatı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dərmanların cəmi 1%-i yerli istehsaldır”.

Bu il Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı yararlılıq haqqında analiz protokolu olmayan 1380 qutu dərman preparatı müsadirə edilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyovun açıqlamasında dediyinə görə, müsadirə edilən dərmanlardan 903 qutusu dövlət qeydiyyatından keçməyən və içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarıdır. Bu dərman preparatları həmçinin ümumiyyətlə dövlət qeydiyyatına alınmayıb və Səhiyyə Nazirliyinin icazəsi olmadan ölkəyə gətirilib:

“Ola bilsin ki, onların tərkibi keyfiyyətlidir. Amma qanunvericiliyə görə, ölkəyə idxal olunan dərman vasitələri dövlət qeydiyyatına alınmalıdır”.

P.Əzizbəyov qeyd edib ki, ölkədə saxta dərmanlara qarşı Milli Təhlükəsizliyi Nazirliyi və Səhiyyə Nazirliyi birgə mübarizə aparır. Onun sözlərinə görə, bu ilin əvvəlində ölkənin bir neçə regionunda bununla bağlı reyd keçirilib və saxta dərmanlar aşkarlanaraq götürülüb:

“Bu barədə ictimaiyyətə də ətraflı məlumat verilib. Hazırda saxta dərman vasitələrinin hazırlanmasında və satışının təşkilində şübhəli bilinən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu günə kimi saxta dərmanların aşkarlanması halı olmayıb”.

Nazirlik rəsmisi qeyd edib ki, hazırda Azərbaycanda qeydiyyatda olan dərmanların sayı 4534 ədəddir. Onların təxminən 1 faizinin yerli istehsal olduğunu deyən P. Əzizbəyovun sözlərinə görə, ölkə dərmanlar sahəsində idxaldan asılı ölkədir:

“Dərmanların cəmi 1%-i yerli istehsaldır. Qalanları da digər ölkələrdən idxal olunur. İdxal olunan dərman preparatlarının 55%-dən çoxu Avropa ölkələrdən gətirilir”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri