21 
Noy
2014
15:46
85
11
3199
Virtual karabakh

Ekspert: Kredit faizlərini azaltmaq üçün “Banklar haqqında” Qanunu dəyişmək lazımdır

21 Noy, 2014
15:46
3199

Ekspert: Kredit faizlərini azaltmaq üçün “Banklar haqqında” Qanunu dəyişmək lazımdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ölkə əhalisinin cəmi 10%-i kredit kartlarından istifadə edir”.

Azərbaycanın maliyyə naziri Samir Şərifov son çıxışlarında bildirib ki, ölkədə kredit faizlərinin, xüsusilə də biznes kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması ilə bağlı müzakirələr aparılır.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da Milli Məclisin 2015-ci ilin dövlət büdcəsinin müzakirələrinə həsr olunmuş plenar iclasında çıxışı zamanı biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə çatdırılmasının əsas hədəf olduğunu vurğulayıb.

Bəs Azərbaycanda kreditlər, o cümlədən də biznes kreditləri üzrə faiz dərəcələrinin aşağı düşməsi ilə bağlı səslənən fikirlər nə qədər realdır?

Oxu.Az-ı maraqlandıran bu suala iqtisadçı-ekspert Oktay Haqverdiyev aydınlıq gətirdi.

O.Haqverdiyevin sözlərinə görə, kredit faizlərinin aşağı düşəcəyi ilə bağlı söhbətlər 5-6 ildir ki, gedir.

“Ölkədə kredit faizlərini aşağı salmaq üçün gərək “Banklar haqqında” Qanuna dəyişikliklər edilsin. Belə ki, bu Qanuna əsasən hər bir kommersiya bankı öz faiz dərəcələrini özü müəyyən edir.

Bazar iqtisadiyyatı tələb edir ki, kredit faizləri sərbəst olsun. Düzdür, faizlər ölkə vətəndaşları üçün yüksəkdir, ancaq bazar iqtisadiyyatında tələb və təklif prinsipi işləyir. Kommersiya bankları bu halda düşünür ki, 20%-lə kredit verirəmsə, “Nə üçün bunu aşağı salmalıyam” Bank riski çoxdur, faizlər də yüksəkdir”.

Ekspert qeyd edib ki, bu gün qaytarılmamış, yəni vaxtı ötmüş kreditlərin həcmi 1 milyard manata çatır.

“Bank güclüdürsə, kredit faizlərini də özü diqtə edə bilir. Məsələn, Beynəlxalq bankda kredit faizləri 7%-dən başlayır. Bu gün ölkədə bankların sayı 15-17 intervalında dəyişməlidir, bu imkan verəcək ki, banklara qoyulan nizamnamə kapitalı haqqında tələb 50 milyon yox, 1 milyard manatdan hesablansın”.

Ölkədə kredit kartlarının təminatı məsələsinə toxunan iqtisadçı-ekspert onu da əlavə etdi ki, Azərbaycanda kredit kartlarından əsasən bankdan pul çıxarmaq üçün istifadə edirlər.

“Halbuki, dünyada vəziyyət başqa cürdür. Əcnəbilər ən ucuz kafelərə getdikləri halda belə, kredit kartından istifadə edirlər. Ölkədə kredit kartlarından istifadə 10% təşkil edir. Xaricdə isə əhalinin 60-70%-i kredit kartlarından istifadə edir. Ümumilikdə götürdükdə insanların kredit kartlarına olan inamı son dövrlərə nisbətən yüksəkdir”.

Ülviyyə R. Əliyeva
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri