27 
Noy
2014
10:48
16
42
7041
Virtual karabakh

Pərviz Heydərov: Ölkədə borc vəsaitləri necə gəldi paylanılır - MÜSAHİBƏ

27 Noy, 2014
10:48
7041

Pərviz Heydərov: Ölkədə borc vəsaitləri necə gəldi paylanılır - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təminatsız kreditlərə son qoyulmalıdır”.

Oxu.Az iqtisadçı-ekspert Pərviz Heydərovun müsahibəsini təqdim edir:

- Statistik məlumata əsasən, ölkədə 1 milyarda qədər vaxtı ötmüş kreditlər mövcuddur. Niyə borc alma artan istiqamətdə gedir? Ümumiyyətlə, borc almanın bu şəkildə davam etməsi hansı fəsadlara gətirib çıxara bilər?

- Cari ilin noyabr ayının 1-nə ölkəmizdə vaxtı keçmiş kreditlərin həcmi 943,4 milyon manat təşkil edib. Oktyabrın 1-nə isə bu rəqəm 973,2 milyon manat idi. Göründüyü kimi son aylar ərzində müşahidə olunan tendensiyanın əksinə olaraq, cüzi azalma qeydə alınıb. Ancaq çox güman ki, bu, müvəqqəti haldır. Çünki ölkədə borc vəsaitlərinə tələbat yüksəkdir. Və bunu da şərtləndirən ən çox məhz ev təsərrüfatlarına verilən istehlak kreditləridir.

Diqqət yetirin ki, ümumi kredit qoyuluşunda bu ilin ilk 8 ayının yekununa onun payı 41 faiz təşkil edirdisə, sentyabrın yekununa bu rəqəm 41,1, noyabrın əvvəlinə isə 41,4 faizə qədər yüksəlib. Təbii ki, bu, müsbət hal deyil. Sadə məntiqlə yanaşsaq, deməli, ya əhalinin gəlirləri xərclərini tam ödəyə bilmədiyi üçün banklardan kredit alışı genişlənir, ya da ki, vətəndaşlar “ayaqlarını yorğanlarına görə uzatmayaraq” - lazım olmadığı halda kredit alırlar.

Məsələ bundadır ki, müşahidə deməyə əsas verir ki, borc almanın artan istiqamətdə inkişaf etməsində hər iki amilin mühüm rolu var. Belə ki, bəzi hallarda vətəndaşlar məhz zəruri ehtiyaclarını ödəmək üçün kredit alışına gedirlərsə, bir çox hallarda isə bankların, o cümlədən ticarət obyektlərinin və şirkətlərin öz xidmət və məhsullarının “ucuz” reklamlarına uyaraq, həmçinin gəlirlərini nəzərə almadan borclanmaya gedirlər. Odur ki, ölkə əhalisinin böyük bir hissəsinin banklara borclarının yaranmasına “göz yummaq” olmaz. Ona görə ki, istehlak kreditlərinin necə gəldi verilməsi və artımı iqtisadiyyat üçün yaxşı heç nə vəd etmir. 

- MKR-in (Mərkəzləşdirilmiş Kredit Reyestri) III dövrün sonuna olan statistik məlumatına görə, 2 milyondan çox borc alan haqqında məlumat toplanıb? Pərviz bəy, necə düşünürsüz bu rəqəm qənaətbəxşdirmi?

- Bəli, MKR-in cari ilin III rübünün yekununa dair açıqladığı məlumata əsasən borc alanların sayı 2 milyon 233 min 256-ya çatıb ki, ilin sonuna bunun bir az da artacağı qaçılmazdır. Çünki II rübün yekununa bu rəqəm 2 milyon 138 min 886 borc alan idi. Bu, onu göstərir ki, ölkədə borc vəsaitləri əslində, necə gəldi paylanır və burada müəyyən bir kortəbiilik hökm sürür.

- Məlumdur ki, müştərilərin zəif təhlili sonda problemli kreditlərin sayının artmasına gətirib çıxarır. Banklar öz müştəri kütləsini hansı səviyyədə qurmalıdırlar?

- Azərbaycan Mərkəzi Bankı (AMB) bu il başlanılandan bəri, ölkədə kommersiya bankları tərəfindən istehlak kreditlərinin verilməsini məhdudlaşdırmaq siyasəti yeridir. Bu da təbiidir. Belə ki, AMB-nin ölkədəki banklardan istehlak kreditlərini verən zaman müəyyən məhdudiyyətlər qoymağı tələb etməsi çoxdan gözlənilirdi. Hələ 2012-ci ilin sonunda ölkədə istehlak kreditlərinin verilməsinin genişlənməsinin narahatlıq doğurduğu bildirilmişdi.

Eləcə də bu günlərdə insanların gəlirlərinin borc yükünə uyğun olması tələbinin tətbiq edilməsini də qeyd edə bilərik. Bu tələbdən sonra hər bir şəxs sənəd ilə təsdiq olunacaq cəmi gəlirinin maksimum yarısı qədər bankdan borc götürə biləcək. Bilavasitə, vətəndaşların gəlirlərinin borc yükünə uyğun gəlməsi ilə əlaqədar sonuncu tələbə gəldikdə də qeyd etməyi zəruri sayırıq ki, ilin əvvəlində avtomobil kreditlərinin verilməsinə məhdudiyyət barədə tövsiyə əsas məqsədlərdən biri əhalinin gəlirlərinin uçota alınmasının təşkilinə yardım göstərməkdən ibarət idi.

Belə ki, kreditlə avtomobil alan ölkə vətəndaşlarının əksəriyyətinin rəsmi gəlirləri ilə öhdəliklərinə götürdükləri borc məbləğləri arasında uyğunsuzluq var idi. Avtokreditlər nə qədər təminatlı olsa da, məsələnin məhz bu tərəfi nəzərdən qaçırmamağı tələb edirdi. Fikrimizcə, banklar kredit verilişində müştərilərinin gəlirlərinə daha həssas, ətraflı və təhlili yanaşmalıdır.

- Kredit götürmək istəyən (fərqi yoxdur biznes və ya istehlak kreditləri) müştərilərə banklar tərəfindən hansı qaydada baryerlər qoyulmalıdır?

- İstənilən kreditləşdirmədə bütün hallarda təminat vacib şərt olmalıdır. AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bu günlərdə Milli Məclisdə bildirdi ki, kreditlər iki hissəyə bölünür: təminatlı və təminatsız... E.Rüstəmov qeyd etdi ki, istehlak kreditləri üzrə faiz dərəcələri 35 faizə qədər çatır. “Amma bu hansı kreditlərdir? Bu tam təminatsız kreditlərdir.” – deyə, AMB rəhbəri deyib.

Əslində isə hər cür təminatsız kreditə son qoyulmalıdır. Təminat olmayan yerdə risk maksimum olur. Təminatsız kredit götürmək istəyən bütün növ müştərilərə banklar tərəfindən qadağa qoyulmalıdır.

- Bazarda doymanın qarşısını hansı şəkildə almaq olar?

- Kreditə tələbatın qarşısını heç bir vasitə ilə almaq olmaz və bu, düzgün deyildir. Əksinə, kreditə tələb iqtisadi inkişafa xidmət edir. İnkişaf etmiş ölkələrdə istehlak kreditləri də iqtisadiyyatın tərəqqisinə xidmət edir. Çünki istehsal artır. Məsələn, azərbaycanlı alıcı kredit götürərək gedib “Toyota” avtomobili alırsa, bununla yapon istehsalçısına xeyir verir, öz iqtisadiyyatına yox...

Odur ki, əhalini daha çox yerli malların alınmasında kreditdən istifadəyə stimullaşdırmaq lazımdır. Başqa sözlə desək, sadəcə, kreditləşdirməni düzgün istiqamətə yönəltmək lazımdır. Həmçinin, heç bir bank yalnız istehlak kreditləri verməklə güclü və sağlam maliyyə qurumuna çevrilə bilməz və bu, onlar üçün ciddi problem yarada bilər. Kommersiya bankları iri infrastruktur, sənaye, istehsal və xidmət layihələrinin maliyyələşdirilməsinə cəlb edilməli və bu yolla böyüməli və artmalıdırlar.

- Effektiv reklamlarla aldadılan müştərilər sonda kredit faizini ödəyə bilmir. Həm bank, həm də sadə vətəndaşlar bu vəziyyətdən əziyyət çəkir. Dövlət bu istiqamətdə hansı addımı atmalıdır?

- Qeyd etdiyimiz kimi, vətəndaşlar “ayaqlarını yorğanlarına görə uzatmayaraq” – onlara lazım olmadığı halda da kredit alırlar. Və bunda bir çox hallarda bankların, o cümlədən ticarət obyektlərinin və şirkətlərin öz xidmət və məhsullarının “ucuz” reklamları mühüm rol oynayır. Ümumiyyətlə, əhalinin iqtisadi savadlılıq səviyyəsi onların borclanmasının inkişafında mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, bizdə bu sahədə vəziyyət qənaətbəxş deyil. Elə sözügedən həmin reklamlar da məhz bundan rüşeym tapır.

Dövlətin burada üzərinə düşən vəzifə odur ki, ölkədə reklam sahəsində mövcud olan boşluqları aradan götürsün. Hazırda qanunvericilikdə müvafiq yeniliklərin olacağı gözlənilir. Lakin bizcə, kreditləşdirmədə təminatlılıq prinsipi gücləndirilərsə və bunun, ön şərt təşkil etməsi təmin edilərsə, bu cür bir çox məsələlər öz düzgün həllini tapacaq.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri