28 
Yan
2015
19:30
96
24
2261
Virtual karabakh

Xoşbəxt Yusifzadə: Qazandığımız vaxtlar olduğu kimi, təbii ki, itirdiyimiz vaxt da olacaq

28 Yan, 2015
19:30
2261

Xoşbəxt Yusifzadə: Qazandığımız vaxtlar olduğu kimi, təbii ki, itirdiyimiz vaxt da olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Narahat olmaq lazım deyil”.

Əlbəttə, neftin qiymətinin düşməsi yaxşı hal deyil. Amma biz 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalayanda neftin 1 bareli 16 dollar idi.

Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Yeni Müsavat” qəzetinə müsahibəsində deyib. O, neftin qiymətinin artıb-azalmasını “siyasi oyunların nəticəsi” kimi qiymətləndirib:

“Mən həyatım boyu neftin qiymətinin qalxıb-düşməsini çox görmüşəm... Məncə, indiki düşmə müvəqqətidir, yenə də əvvəlki qiymət öz yerini tutacaq. Yəni, bunun üçün çox narahat olmaq lazım deyil.

Əlbəttə, yaxşı olardı ki, qiymət həmişə yüksəkdə qalsın, amma bu da mümkün məsələ deyil. Ola bilsin dünyadakı proseslərin, bu qarmaqarışıqlığın təsiri var. Kimi dindirsən, bir ölkəni bəhanə edir, səbəb göstərir. Ancaq qiymət yenə yüksələ bilər”.

“Bəzən təkliflər səslənir ki, bəlkə neftin hasilatını azaldaq, gələcək nəsillərə qalsın. Bu kimi fikirlərə münasibətiniz necədir?” sualına Yusifzadə belə cavab verib:

“Mən səssiz kinodan internet, sosial şəbəkələr əsrinə qədər gəlmişəm. Yadımdadır, anam klub müdirəsi idi. Klub üçün bir radioqəbuledici almışdı, stol üstə qoymuşdu, amma onun batareyası evin yarısını tutmuşdu. Mənim bir buruqla danışmağımdan ötrü böyük bir radiostansiya vardı. İndi ikibarmaq boyda batareya kifayətdir.

O gün burda oturub Çili ilə görüntülü danışıram, özümü də gülmək tutub. İndi əgər biz insanlar bir-birimizi qırıb-çatmasaq, 40-50 ildən sonra ola bilsin neft ancaq dərman üçün lazım olacaq. Yəni, dünyada o qədər yeni alternativ üsullar, enerjilər çıxacaq ki, ola bilsin neft ancaq dərman üçün gərək olacaq”.

SOCAR rəsmisi neftin ucuzlaşmasından Azərbaycan büdcəsinin böyük vəsaitlər itirməsinə də münasibət bildirib:

“Qazandığımız vaxtlar olduğu kimi, təbii ki, itirdiyimiz vaxt da olacaq. Mən elə hesab etmirəm ki, biz burda çox itkilərə məruz qalacağıq. Müstəqilliyimizin ilk illərində bizim dünya bazarına çıxartmağa başqa bir məhsulumuz yox idi. Ona görə də o vaxtlar neft çox lazım idi. Artıq neft öz işini gördü, respublikanı ayaq üstə qoydu. İndi bundan sonra digər sahələri inkişaf etdirmək lazımdır”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri