İyn
2015
17:43
28
41
5606
Virtual karabakh

TAP reallaşmaya bilərmi? – RƏY

4 İyn, 2015
17:43
5606

TAP reallaşmaya bilərmi? – RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan qazına Avropanın ehtiyacı var...

Prezident İlham Əliyevin Trans-Adriatik Boru Kəməri (Trans-Adriatik Pipeline, TAP) layihəsi üzrə reallaşmada əgər, hər hansı bir problem yaranarsa o zaman Azərbaycan öz qazını daha çox Türkiyəyə satacağını bəyan etməsi Avropaya, hələ bir üstəlik demək olar ki, Rusiyaya da “sərt bir şillə” oldu.

Bundan bir az əvvəl – mayın 21-i tarixində isə İtaliyanın İqtisadi İnkişaf naziri Federika Quidi TAP-ın inşasının başlanmasına dair icazəyə dair Sərəncam imzalamışdı. Hansı ki, bu, Azərbaycan qazını Avropaya çatdıracaq TAP-ın reallaşdırılması üçün sonuncu addım sayıldı. Belə ki, Sərəncam boru xəttinin inşasına və istismarına icazə veməklə, layihəni və torpaq sahələrinin zəbt edilmə məsələsini və müvafiq infrastrukturun təcili yaradılması məsələlərini təsdiqləyirdi.

Ancaq məsələ bunda deyil. Boru xəttinin tikintisi 2016-cı il mayın 16-da başlamaqla 2020-ci il dekabrın 31-də başa çatacaq. Halbuki bu, bir az tez baş verməli idi. Belə ki, “Şahdəniz” konsorsiumu 2013-cü ildə TAP boru kəməri üzərində seçim edilərkən Azərbaycan qazının Avropaya çatdırılması üçün əvvəl tarixi tikintiyə 2017-ci ildə başlanmaqla 2019-cu ildə göstərmişdi. Amma sonradan, daha dəqiq desək, keçən ilin sentyabrında TAP konsorsiumun rəhbəri Azərbaycan qazını qəbul etməyə 2020-ci ilin əvvəlində hazır olacaqlarını bildirdi. Təkrar edirik ki, son məlumat isə budur ki, TAP boru kəmərinin tikinti işlərinə 2016-cı il mayın 16-da başlanacaq və 2020-ci il dekabrın 31-də işlər yekunlaşacaq.

Deməli, qaz da ən yaxşı halda 2021-ci ildən etibarən qəbul edilməyə başlanacaq.

Səbəb nədir? TAP-ın reallaşması hər dəfə bir neçə il niyə belə uzağa çəkilir?

Bu, şübhəsiz ki, kəmərin tikintisi ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələrinin nümayiş etdirdikləri mövqe ilə bağlıdır. Əslində, bu mövqe heç bir iqtisadi əsasa söykənmədiyindən “oyundan” başqa bir şey deyil. Məsələ bundadır ki, bu cür münasibət əvvəl Trans-Anadolu qaz kəmərinə (Trans-Anadolu Pipeline, TANAP) qarşı da nümayiş etdirilirdi.

Məlumdur ki, TANAP Azərbaycanın Xəzər dənizi hissəsindəki “Şahdəniz” yatağından ikinci mərhələ üzrə çıxarılacaq qazın Avropaya çatdırılması üçün Türkiyənin Şərq hissəsindən - Gürcüstanla birləşən ərazisindən Qərb hissəsinə - Yunanıstanla sərhədlərinə qədər tranziti həyata keçirəcək. Adı çəkilən layihə “Şahdəniz” qazını Avropa bazarına çıxaracaq müvafiq boru kəmərlərinin “gövdəsi” sayılır.

Ümumiyyətlə, TANAP layihəsi Cənub qaz dəhlizinin ən önəmli hissəsi sayılır. Cənub qaz dəhlizi dörd hissədən ibarətdir: “Şahdəniz” yatağı, Cənubi qafqaz qaz kəməri, TANAP və TAP... Belə ki, Azərbaycan qazını Avropaya ötürəcək ümumi boru kəmərlərini ağaca bənzətsək Cənub qaz dəhlizi onun “kökünü”, TANAP “gövdəsini”, TAP isə əsas “budağını” təşkil edir.

Xatırladaq ki, Cənub qaz dəhlizinin təməli keçən il - 2014-cü ilin sentyabrın 20-də qoyuldu. Hazırda bu sahədə qızğın iş gedir. Bu ilin martın 17-də isə Türkiyənin Qars vilayətinin Selim rayonunda TANAP-ın təməlinin qoyulması ilə tikintisinə başlandı. Beləliklə də Cənub qaz dəhlizinin təməlinin atılması TANAP üçün bir növ “qapını açdı”.

Sonuncunun gerçəkləşməsi isə əslində, TAP-ı qaçılmaz edir.

Yəni, burada nə cür “oyun oynanılsa” da əslində heç bir nəticəsi olmayacaq. Başqa sözlə desək, TAP da reallaşacaq. Yeri gəlmişkən, “Şahdəniz-2” yatağından çıxarılacaq qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq Cənub qaz dəhlizi, TANAP və TAP layihələri sırasında ən çox mübahisə doğuranı da məhz ortancıl idi. Belə ki, Azərbaycan qazını Avropa bazarında görmək istəməyənlər məhz onu şübhə altına alırdılar.

Xatırladaq ki, TANAP gah rentabelsiz, gah da bahalı layihə kimi dəyəndirilirdi.

Ancaq qeyd etdiyimiz kimi TANAP artıq, tikilməkdədir. Özü də çox sürətlə... Belə ki, bu sahədə işlər qrafiki qabaqlamaqla gedir. Odur ki, TANAP-ın tezliklə reallaşacağı fonda TAP-la əlaqədar planların hədəf götürülməsi təbiidir. Azərbaycan qazını Avropa bazarında görmək istəməyənlər yenə eyni mövqe nümayiş etdirməklə, TANAP-a qarşı nümayiş etdirdikləri senarini təkrarlamağa çalışırlar.

Baş rolda isə aşkar olmasa da Rusiya iştirak edir...

Xatırladaq ki, Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijov hələ xeyli əvvəl TANAP-la bağlı, TAP-ı da onun “gözünə qatmaqla”sözügedən kəmərlərin Azərbaycandan başlayaraq Gürcüstandan, daha sonra isə Türkiyədən keçməklə Avropayadək çəkilməli olduğunu nəzərə çatdıraraq Bosfor boğazının dibi ilə boru kəməri inşa etməyin texniki baxımdan çox çətin və bahalı olduğunu söyləmişdi.

Ümumiyyətlə, Rusiya mütəxəssisləri Azərbaycan qazının Avropa üçün kifayət etməyəcəyini dəfələrlə vurğulayıblar.

Təsadüfi deyil ki, elə bu günlərdə Rusiyaya məxsus "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller də TAP-la bağlı sevincək deyib ki, adı çəkilən layihənin işə düşəcəyi vaxt 2021-ci ilə qədər uzandığından zəmanət yoxdur ki, bu tarix də dəyişdirilməyəcək.

Ancaq təkrar edirik ki, hər cür mənfi və qeyri-nikbin söyləntilərə baxmayaraq, Azərbaycan qazı dünyaya çıxacaq və bunun qarşısını heç bir qüvvə və amil ala bilməyəcək. Çünki indiyədək Bakının təşəbbüsü ilə reallaşmış bütün layihələr sübut edib ki, bunların hamısı əvvəl absurd sayılsa da gerçəkləşdikdən sonra nəyinki region, dünya bazarları üçün də əhəmiyyətli bir vasitəyə çevrilib.

Bu mənada Azərbaycan prezidenti İlham Əliyev də "The Business Year" jurnalına müsahibəsində təsadüfən vurğulamayıb ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara veriləndə Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm bir addım atıldı. “Bu gün Azərbaycandan daxil olan neft bəzi Avropa ölkələrinin enerji balansında 30-40 % təşkil edir" – deyə, dövlət başçımız qeyd edib.

Odur ki, hər şey TANAP tikilib istifadəyə verildikdən sonra məlum olacaq. Necə deyərlər, biz qazımızı Avropanın düz qapısına qədər aparacağıq: qapının açıb-açılmayacağı və yaxud nə vaxt açacaqları öz işləridir...

Azərbaycan qazına Avropanın ehtiyacı var...

Daha bir məqam isə ondan ibarətditdir ki, əgər, Prezident İlham Əliyev demişkən, TAP-ın reallaşması üzrə hansı bir problem yarandığı təqdirdə Azərbaycan öz qazını daha çox Türkiyədə satarsa o zaman bu, Rusiyanın gerçəkləşdirmək istədiyi “Türk axını”na qarşı da ən böyük rəqabət demək olacaq.

Pərviz Heydərov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri