31 
Avq
2015
11:18
36
23
4794
Virtual karabakh

Azərbaycan Beynəlxalq Bankı Prezident Fərmanını şərh etdi

31 Avq, 2015
11:18
4794

Azərbaycan Beynəlxalq Bankı Prezident Fərmanını şərh etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İslahatlar aparılacaq”.

Azərbaycan Beynəlxalq Bankı adından birmənalı şəkildə qeyd etmək istərdik ki, Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Fərmanı müştərilərin bankdakı qorunan vəsaitləri üçün heç bir təhlükə törətmir. 

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Beynəlxalq Bankı (ABB) İdarə Heyətinin sədri Elmar Məmmədov bildirib. 

“Əfsuslar olsun ki, kütləvi informasiya vasitələrində özəlləşdirmə mövzusuna verilən şərhlər bəzən Fərmanın məzmununu təhrif edir. Ona görə də bu məqama bir qədər təfsilatlı şəkildə aydınlıq gətirmək istərdik. İndiki mərhələdə söhbət Bankın özəlləşdirilməsindən yox, dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsindən gedir. 

Azərbaycan Beynəlxalq Bankının Səhmdarlarının 22 iyul 2015-ci il tarixli Ümumi Yığıncağında seçilmiş yeni İdarə Heyətinin əsas missiyası da özünün səlahiyyət müddətində - yəni dörd il ərzində Bankın institusional inkişafı ilə məşğul olmaqdır”-deyə, E. Məmmədov bildirib. 

İdarə Heyətinin sədri verilən kreditlərin faiz dərəcələrinin aşağı salınması ilə Bankın maliyyə dayanıqlığının güclənəcəyini qeyd edib:

“Bu müddətdə cəlb olunan resursların, eləcə də verilən kreditlərin faiz dərəcələrinin mümkün qədər aşağı salınması ilə Bankın maliyyə dayanıqlığı gücləndiriləcək. Bankın maliyyə resurslarının idarə edilməsi üzərində nəzarət artırılacaq. Problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi də bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi məqsədinə əsaslanır.

Hazırda Banka sağlam kapital ona görə lazımdır ki, əlavə pul vəsaitləri cəlb edilsin. Dövlətin dəstəyi ilə bankdan problemli aktivlər çıxarılacaq və  bu məqsədlə tətbiq edilən düzgün, səmərəli mexanizm Bankın problemli aktivlərinin əvəzinə, real maliyyə resursları cəlb etməsinə imkan verəcək”.

Bundan başqa, E. Məmmədov bildirib ki, bank xərclərinin minimallaşdırılmasına ehtiyac var:

“Fərmanda dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə bankın restrukturlaşdırılması, maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması, fəaliyyətinin səmərəliliyinin artırılması, idarə edilməsinin müasir korporativ idarəetmə standartları əsasında təşkili, bankın kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi, habelə vaxtilə verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması üçün təsirli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. 

Bu vəzifələrin yerinə yetirilməsindən ötrü Bankda müəyyən struktur islahatlarının aparılması, korporativ idarəetmə sisteminin müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilməsi, aktivlərin və passivlərin idarə edilməsi üzrə strategiyanın hazırlanması, kadr siyasətinə yenidən baxılması və səriştəli kadrların bankın fəaliyyətinə cəlb olunması və s. bu kimi addımların atılması zəruridir. Bu baxımdan, Bankda sağlam inkişafa xidmət edən müəyyən islahatlar, təbii ki, aparılacaq.
 
Bundan başqa, kredit növlərinə və məhsullarına yenidən baxılmasına, bankın xərclərinin minimallaşdırılmasına ehtiyac var. Xərclərin minimallaşdırılması deyərkən, burada təkcə maliyyə resurslarının cəlb edilməsi üzrə xərclər yox, Bankın digər fəaliyyət sahələri üzrə xərclər də nəzərdə tutulur”. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri