18 
Apr
2017
12:56
49
78
6711
Virtual karabakh

“Samsung Galaxy S8” və “Galaxy S8 Plus”: Keyfiyyətə zəmanət

18 Apr, 2017
12:56
6711

“Samsung Galaxy S8” və “Galaxy S8 Plus”: Keyfiyyətə zəmanət

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 29-da Nyu-York şəhərində “Samsung” firması çoxdan gözlənilən flaqmanını “Galaxy S8” və “Galaxy S8 Plus” smartfonlarını təqdim edib.

Aprelin 14-də Azərbaycan müştəriləri üçün “Samsung Galaxy S8” və “Galaxy S8 Plus” smartfonlarının, “Samsung Gear 360” kamerasının, “DeX” aparatının və “Gear VR” virtual reallıq eynəyinin təqdimatı baş tutdu.

Təqdimata toplaşanları ilk olaraq salamlayan şirkətin prezidenti Daesong Ra, smartfonların özəlliklərinə dair geniş məlumatı mətbuat nümayəndələrinə çatdırmaq üçün sözü şirkətin əməkdaşlarına verdi.

“Galaxy S8” və “Galaxy S8 Plus”u nümayiş etdirən şirkətin Məhsul üzrə mütəxəssisi Camal Məmmədov ilk olaraq yeni modeldə həllini tapmış sərhədsiz displey imkanının vacibliyini vurğuladı:

“Galaxy S8 5,8” və “Galaxy S8 Plus” 6,2 düym diaqonallı ekrana malikdir. Bu ölçüləri ilk eşidəndə, bəlkə də gözünüz önündə həcmli bir smartfon canlanacaq, amma bu belə deyil. Gördüyünüz kimi, smartfonu çox rahat şəkildə bir əldə tutmaq mümkündür. Hər iki cihazda tərəflərin nisbəti 18,5:9-dur və 2960x1440 piksel təsvir ölçülü əyri kənarlara malik ekranla təchiz edilib. 

“Galaxy S8” və “Galaxy S8 Plus”un bu özəlliyi yeni təcrübədir. Telefonun korpusu metal çərçivəyə malik şüşədən hazırlanıb. İdarəetmə düymələri ekrana inteqrasiya edilib.

Dizayna gəldikdə isə demək istərdim ki, “Galaxy S8” və “Galaxy S8 Plus” heç bir trendə uyğun olaraq yaradılmayıb, əminliklə deyə bilərik ki, bu flaqman trendi özü yaradır.

Menyunun tərtibatına gəldikdə əvvəlki ikonalar ilə yanaşı, siz həmçinin yeni ikonaları da görə bilərsiniz.  

Təhlükəsizlik barədə bir neçə söz demək istərdim ki, “Galaxy S8” və “Galaxy S8 Plus” insan orqanizminin unikal göz qüzehi qişasının skaneri ilə təchiz edilib.

Bir sözlə, smartfonunuzun yaddaşında olan məlumatlar üçün narahat olmaya bilərsiniz, çünki onlar yalnız sizin istədiyiniz zaman oxuna bilər. İdarəetmə düymələri ekrana inteqrasiya edilib və barmaq izi skaneri yeri isə arxa tərəfə keçirilib”.

Kameralardan danışarkən C.Məmmədov, əsas kameranın təsvir ölçüsü 12, ön kamerada isə 8 meqapiksel olduğunu, hər iki aparatın “Dual Pixel” texnologiyasına, “f1.7” linzasına malik olduğunu bildirdi.

Bu isə daha dəqiq təsvirli fotolar, videolar deməkdir. Həvəskarların keyfiyyətli fotolar çəkmək üçün peşəkar kameraya ehtiyacı olmadığını əyani təsdiq edən “Galaxy S8” və “Galaxy S8 Plus” smartfonları ilə çəkilmiş fotolar və zəif işıqlanmada belə dəqiq təsvirləri əldə etmək imkanı yaradan multiplay imkanları nümayiş etdirildi.  

Kameranın tətbiqində stikerlər də var, bu isə kənardan əlavə stikerlərin yüklən­mə­sinə ehtiyacın olmadığı deməkdir, sadəcə, kameranı açırsınız və stikerlərdən istifadə edirsiniz.

“Galaxy S8” və “Galaxy S8 Plus” smartfonları “IP68” standartına uyğun olaraq su və toza qarşı dayanıqlıdır, yəni telefon 1,5 metr dərinliyində suyun içində 30 dəqiqə qalmaq qabiliyyətinə malikdir.  

Smartfonlar “Samsung Exynos 8895” və “Qualcomm Snapdragon 835” prosessorları ilə, həmçinin 4 giqabayt əməli və 64 giqabayt daxili yaddaşla təchiz edilib. Yaddaş kartı dəstəklənir. Bu isə 10% daha sürətli işləmə, oyunlarda və videoda 50% daha güclü olması və ən vacib məqam isə 20% akkumulyatordan daha qənaətli istifadə deməkdir. Bu, uzunömürlülük deməkdir.

“Galaxy S8” smartfonu şirkətin “Bixby” səs assistentini dəstəkləyən ilk qurğusudur. Ümumilikdə səs assistenti iki hissədən “Bixby voice” və “Bixby images”dən ibarətdir.

“Bixby images” vasitəsilə istənilən obyekt haqqında internetdən məlumat əldə etmək mümkündür, bunun üçün kameranı sadəcə həmin obyektə  yaxınlaşdırmaq lazımdır. Bundan sonra “Bixby images” həmin təsvirdə olan obyektə bənzər obyektləri internetdə tapmağa yardım edir. “Bixby images”i çağırmaq üçün xüsusi düymə mövcuddur”.

Tədbirdə, həmçinin “Samsung Gear 360” kamerası, “DeX” aparatı və “Gear VR” eynəyi də təqdim edildi.

C.Məmmədovun nəzəri təqdimatından sonra mühəndis Vasif Cəfərov “Galaxy S8” və “Galaxy S8 Plus” smartfonlarının, “Samsung Gear 360” kamerası, “DeX” aparatı və “Gear VR” eynəyinin texniki özəlliklərini nümayiş etdirdi.

O, “DeX” aparatının “Galaxy S8” və “Galaxy S8 Plus”un istifadəçi üçün masaüstü PC-yə çevirə bildiyini vurğuladı:

“Cihaz avtomatik olaraq telefonu tanıyır və bütün məlumatları “Desktop” ötürür. Lazım olan bütün faylları tərəfdaşlarınıza göndərə bilərsiniz. Bununla yanaşı, “DeX” aparatı sizə telefonunuzda bir neçə əməliyyatı eyni anda həyata keçirmək imkanı verir.

Bir sözlə, adi PC ilə yerinə yetirdiyiniz bütün əməliyyatları burada da təcrübədən keçirə bilərsiniz, bu isə işgüzar adamların ən çox dəyərləndirdikləri vaxta qənaət deməkdir”.

Növbəti təqdim edilən innovasiya isə “Samsung Gear 360” kamerası oldu. Bu kamera istifadəçilərə rahat şəkildə masa arxasında oturaraq canlı yayımlar etməyə, videoçəkilişlər aparmaq imkanı verir.

Çəkilişləri həm 360 dərəcə, eləcə də 180 dərəcə bucaq altında aparmaq mümkündür. Kamerada tətbiq edilən yenilik isə artıq cihazın ştativə ehtiyacı olmamasıdır, belə ki, yeni kameranın tutacağı var, istənilən səthdə rahat yerləşdirilə bilər.

“Samsung Gear Vr” virtual reallıq eynəyində tətbiq edilən yeniliklərdən danışarkən eynəyin əvvəlki modelində tənzimləyicisinin eynəyin üzərində olduğu, hazırkı modelin artıq pultu mövcud olması qeyd edildi. Bu isə istifadənin rahatlığına zəmin yaradır.

Eynəyin yardımı ilə çəkdiyiniz şəkilləri, videoları, “YouTube” vasitəsilə yayımlanan videoları, iştirak edə bilmədiyiniz konsert və futbol matçlarını virtual olaraq izləyə bilərsiniz. Dünyada bir çox VR istehsalçısı var, amma “Samsung”un təqdim etdiyi “Gear Vr” məhsulu bu qəbildən olan məhsullar sırasında ən keyfiyyətli olduğu sübut edilib.

Sadalanan özəllikləri nümayiş etdirmək üçün təqdimat iştirakçıları arasından üç nəfər seçildi. Sonradan təəssüratlarını bölüşən könüllülər, bunun mütləq təcrübədən keçirmək lazım olduğunu qeyd etdilər.  

Azərbaycanda “Galaxy S8” və “Galaxy S8 Plus” smartfonları may ayının 5-də rəsmi olaraq satışa çıxarılacaq. Qiymətlər “Galaxy S8” üçün 1599 AZN, “Galaxy S8 Plus” üçün 1799 AZN-dir.

Texnoloji yenilikləri və innovasiyaları daim izləyən müştərilər üçün “Öncədən sifariş” proqram kampaniyası nəzərdə tutulub. Bu kampaniya aprelin 15-dən etibarən iki həftə ərzində, yəni aprel ayının 28-nə qədər davam edəcək.    

“Öncədən sifariş” nə deməkdir?

Hər bir müştəri bizim rəsmi dillerlərə “Baku Elektroniks”, “İrşad Telekom”, “Kontakt Home” və “Soliton” şəbəkələrinə müraciət edərək öncədən 50 AZN ödəməklə, məhsulu sifariş edə bilərlər.

Bu sifarişin üstünlüyü isə ondan ibarətdir ki, siz məhsulu bir həftə öncə, yəni aprel ayının 29-u əldə edəcəksiniz, bununla yanaşı, 128 Gb “Samsung” kartını hədiyyə olaraq alacaqsınız.

Səbinə Səmidxan
Foto: İsmayıl Nur
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri