21 
Apr
2017
12:48
292
26
16094
Virtual karabakh

Abonentden “Azercell”ə sərt ittihamlar – FOTO

Ölkənin ən böyük mobil operatoru “Azercell”in göstərdiyi xidmət səviyyəsi daha bir müştərinin narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, bu barədə həmin operatorun xidmətlərindən istifadə edən xanım “Facebook” səhifəsində yazıb. 

O deyib ki, artıq 5-ci dəfədir bütün xidmətlərdən imtina etməyini tələb edib: 

“Buna baxmayaraq, balansımdan dayanmadan bir qəpik çıxılır. Mobil operator müştərinin bir qəpiyinə göz dikib”, - deyə abonent yazıb. 

Abonent deyib ki, o məsələ ilə bağlı “Azercell”in müştəri xidmətlərinə zəng etdiyini və balansından nə üçün pul çıxıldığını soruşub:

“Müştəri xidmətlərindən isə dedilər ki, ola bilər ki, sizin mobil internetiniz açıq olub və oradan sərfiyyat yaranıb.

Daha sonra məni digər şöbələr ilə əlaqə saxlamağı məsləhət gördülər. “Azercell” bundan əvvəl də məni xəbərim olmadan hava və valyuta xidmətlərinə qoşub balansımdan pul çıxmışdı”, - deyə müştəri bildirib. 

Şirkət müştərinin şikayəti ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandırıb. “Azercell”in cavab məktubunu olduğu kimi təqdim edirik:

“Sizin “Azercell Telekom” MMC-yə 21.04.2017-ci il tarixində daxil olan müraciətinizlə əlaqədar bildiririk ki, müvafiq məsələ ilə əlaqədar olaraq “Facebook” fan səhifəsində əməkdaşlarımız tərəfindən ətraflı izahat təqdim ediblər və bundan sonra narazılıq olduğuna dair məlumat daxil olmayıb.

Eyni zamanda diqqətinizə çatdırırıq ki, məlumatda əks olunan mülahizələr əsasız, qərəzli və ictimaiyyət qarşısında şirkətimizin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. 

Müvafiq məzmunlu, əsasız ifadələr ilə bağlı şərh verilməsini yersiz hesab edirik. Hesab edirik ki, bu qəbildən olan məlumat dərc edilməzdən öncə məsələni diqqətlə araşdırmalı, mühüm əhəmiyyət kəsb edən və yanlış işlədilməsi halında haqqında bəhs edilən şəxslərin işgüzar nüfuzuna xələl gətirə biləcək yazıları yaymaqdan çəkinilməldir ki, oxucunu çaşdıran ifadələrdən istifadə edilməsinə şərait yaradılmasın. 

“Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlərdən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair öhdəlik götürülməmişdir. Abunəçilər isə nömrələrinin balanslarına kifayət qədər şəffaf formada, müxtəlif xidmətlər vasitəsi ilə nəzarət etmək imkanına malikdirlər.

Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, SMS sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək tövsiyə edilir. 

Abunəçilər “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi - SimSim abunəçiləri (012) 4904949\2002, Fakturalı xətt abunəçiləri (012) 4905252\6565, e- poçt: customercare@azercell.com; musterixidmetleri@azercell.com, o cümlədən online müştəri xidmətləri) müraciət etməklə əldə etmək imkanına malikdirlər. 

Hər hansı abunəçinin, 3-cü şəxsin müraciətinə baxılamaması, vaxtında cavablanmamağı, süründürməçiliyə yol verilməsi ilə bağlı, o cümlədən nömrədən göstərilməmiş xidmətə görə məbləğ silinməsi ilə bağlı irad və qeydlər isə həqiqətə uyğun deyil və əgər belə hala yol verilməsi faktları mövcuddursa aidiyyəti üzrə baxılması, araşdırılaraq cavablandırılması və müvafiq tədbirlər görülməsi üçün “Azercell Telekom” MMC-yə təqdim etməyinizi xahiş edirik”.

U.A.
www.oxu.az

Digər İKT xəbərləri