15 
May
2017
16:24
159
19
1219
Virtual karabakh

“AzInTelecom” və “Bakı Abadlıq Xidməti” arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Bakı Abadlıq Xidməti” MMC ilə əməkdaşlığa başlayır. 

Bu barədə Oxu.Az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. 

Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, “AzInTelecom”un TIER III və ISO 20000 beynəlxalq sertifikatlarına malik Data Mərkəzində təqdim etdiyi bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (İaaS) həlləri sayəsində “Bakı Abadlıq Xidməti” MMC əlavə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə edəcək. 

Bu da öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaq. 

Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn “İaaS” xidmətləri (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) çoxsaylı yerli və xarici şirkətləri Data Mərkəzinin imkanlarından istifadə etməyə sövq edir. 

İş prinsipi müasir texnologiyalardan istifadə və biznesdə etibarlılıq olan “Bakı Abadlıq Xidməti”nin də öz məlumatlarını Data Mərkəzində yerləşdirilməsi “İaaS” həllərinin üstünlüklərinə daha bir misaldır.

Məlumat üçün bildirək ki, “Bakı Abadlıq Xidməti” məsləhətlərin verilməsi və üçölçülü kompüter proqramlarından istifadə etməklə layihələrin hazırlanmasından obyektin hazır şəkildə təhvil verilməsinədək, sahənin tikintisi, abadlaşdırılması, yaşıllaşdırılması və qulluq edilməsi üzrə kompleks həllər təklif edir.   

Qeyd edək ki, yeni nəsil telekommunikasiya şirkəti olmaq və müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməyi özünə hədəf seçən “Azerbaijan International Telecom (AzInTelecom)” şirkəti strategiyasını nüfuz, etibarlılıq və şəffaflıq kimi fundamental dəyərlər əsasında formalaşdırıb.

“AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq trafikin analizi, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və bulud üzərindən data xidmətlərinin təqdim edilməsindən ibarətdir. 

U.A.
www.oxu.az

Digər İKT xəbərləri