31 
Avq
2017
12:00
16
62
1533
Virtual karabakh

Azərbaycanın "Vikipediya"da təbliğinə nə mane olur?!

"Vikipediya" dünyada ilkin məlumat mənbəyi kimi geniş şəkildə istifadə və istinad edilən ən populyar internet şəbəkələrindən biri hesab olunur. Hazırda "Vikipediya" 289 dildə fəaliyyət göstərir. Bu şəbəkəni məşhurlaşdıran və onun fəaliyyətinin davamlılığını təmin edən əsas amil də məhz budur, yəni bütün xalqların təmsil olunması üçün yaradılan bərabərhüquqlu, azad, ensiklopedik informasiya məkanı.

"Vikipediya"da effektiv işləmək üçün istifadəçilərdə məlumatlılıq, araşdırma aparma, ədəbi yazı qabiliyyəti və intellektual potensialla yanaşı, mütləq müasir texnoloji vasitələrdən istifadə etmək bacarığı da olmalıdır. "Vikipediya"da məqalə yaratmaq və redaktə etmək sərbəst olsa da, ölkəmizdə bundan yararlanmaq istəyənlərin sayı çox da ürəkaçıcı deyil. Oxunma sayına görə "Vikipediya" Azərbaycanda ən populyar 10 sayt arasında olsa da, məsələn, son bir ayda Azərbaycan dilindəki "Vikipediya"da redaktə edənlərin sayı cəmi 540 nəfərdir ki, onun da bir hissəsi başqa ölkələrdən redaktə edənlərdir.

Bütün bu məsələlərlə bağlı “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun rəhbəri, “Azərbaycan Vikimedia Könüllüləri” ictimai birliyinin sədri Elgün Atalıyevlə apardığımız maraqlı söhbəti diqqətinizə təqdim edirik:

- Qısa şəkildə "Vikipediya"nı necə təsvir edərdiniz?

- "Vikipediya" könüllü istifadəçilərin azad və müstəqil işləyə biləcəyi informasiya məkanıdır. Bu, o deməkdir ki, istənilən şəxs heç bir ödəniş etmədən bu açıq ensiklopediyadan informasiya götürə və qarşılığında heç bir ödəniş almadan bura yeni məlumat  daxil edə və mövcud informasiyalar üzərində redaktələr apara bilər. Yəni hər bir şəxs bildiyi hər hansı dildəki "Vikipediya" bölməsinə daxil olaraq, həmin bölmədə fəaliyyət göstərmə hüququna malikdir.

- Yəni bir istifadəçi adı ilə bütün dil bölmələrində redaktə aparmaq mümkündür?

- Əlbəttə, cəmi yarım dəqiqənizi alacaq çox sadə proseduru icra etməklə qeydiyyatdan keçib, ümumi vikicəmiyyətin üzvünə çevrilirsiniz. Hətta qeydiyyatdan keçmədən də redaktə etmək mümkündür. Redaktə etmək üçün, sadəcə, məqalənin və ya onun alt bölmələrindən birinin yuxarı sağ küncündəki “Əsas redaktə” və ya “Redaktə” düymələrindən birini basmaq kifayətdir. Bu iki redaktə metodu arasındakı fərq ondan ibarətdir ki, “Redaktə” düyməsi yeni və təcrübəsiz istifadəçilər üçün yaradılmış “Vizual redaktor” funksiyası vasitəsilə, “Əsas redaktə” düyməsi isə daha çox təcrübəli istifadəçilərin üstünlük verdiyi ənənəvi redaktə metodu ilə redaktə etməyə imkan verir.

- Azərbaycandilli "Vikipediya" qonşu dövlətlərin dil bölmələri ilə müqayisədə hansı yerdədir?

- Hazırda "Vikipediya"nın Azərbaycan dili bölməsində 124 minə yaxın məqalə var və bu göstəriciyə görə 53-cü yerdəyik. Bir neçə il əvvəl daha yüksək yerlərdə olsaq da, sonradan bir sıra digər dil layihələrində məqalə sayının bizdəkindən daha sürətli artması nəticəsində geriyə düşmüşük. Onu da qeyd edim ki, hal-hazırda rusdilli "Vikipediya"da məqalə sayı 1 milyon 400 mini ötüb, fars dilində 573 min, türk dilində 297 min, erməni dilində 228 min, gürcü dilində isə 117 min məqalə var. Məqalələrin keyfiyyəti, istinad və mənbələrə görə etibarlılığı baxımından rusdilli "Vikipediya" digərlərindən irəlidədir. Həmçinin, Azərbaycanda və digər qonşu ölkələrin hər birində yaşayan azsaylı xalqların da bir çoxunun öz dillərində "Vikipediya" layihələri mövcuddur. Məsələn, ləzgi, avar, çeçen, abxaz, kürd, başqırd, tatar, osetin, mazandarani və s.

- "Vikipediya"da Azərbaycan dilində və ümumiyyətlə, dünyanın digər əsas dillərində Azərbaycan barədə məqalələrin sayının azlığına səbəb nədir?

- Həm az-vikidə, həm də digər dillərdə Azərbaycan barədə məqalə və fotoşəkillərin azlığı bir neçə səbəbdən qaynaqlanır. İlk növbədə buna Azərbaycanın mövqeyini əks etdirən və "Vikipediya" qaydaları baxımından etibarlı və bitərəf hesab edilən mənbələrin azlığı səbəb olur. "Vikipediya"da etibarlı və bitərəf mənbə dedikdə, mövzunun predmetindən heç bir asılılığı olmayan, bitərəfliyi şübhə doğurmayan və mövzu üzrə mütəxəssis sayılan müəllif tərəfindən yazılmış mənbələr əsas götürülür. Yəni, misal üçün, Qarabağ münaqişəsi barədə yazan azərbaycanlı və ya erməni müəllif milli təəssübkeşlik hissi ilə yazmış ola biləcəyi fikirlərə görə bitərəf sayılmırlar. Amma ingilis, fransız və ya amerikalı müəlliflər, əgər onların bitərəfliyini şübhə altına alan ictimailəşmiş faktlar mövcud deyilsə və onlar politoloq, tarixçi, hərbçi və ya etnik münaqişələr barədə münasibət bildirmək səriştəsinə malik şəxslərdirsə, o zaman həmin müəlliflər etibarlı və bitərəf hesab edilirlər.

"Vikipediya"da rastlaşdığımız başqa bir problem Azərbaycanın müasir memarlıq və incəsənət nümunələrinin fotoşəkillərinin azad istifadəyə verilməsi ilə bağlıdır. "Vikipediya"nın və Vikimedia Fondu tərəfindən idarə edilən digər vikilayihələrin (red. Vikikitab, Vikimənbə, Vikilüğət, Vikisitat, Vikixəbər və s.) hamısı üçün ortaq fayl anbarı sayılan Vikianbar layihəsi mövcuddur və ora yüklənən hər bir fotoşəkil və mediafayl bütün vikilayihələrdə istifadə edilə bilir. Amma bu məsələdə Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən məhdudiyyətlər yaradır. Belə ki, Azərbaycan Respublikasının "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanununun 20-ci maddəsi ilə sərbəst giriş üçün daim açıq olan yerlərdə qoyulmuş memarlıq, fotoqrafiya, təsviri sənət əsərlərinin surətinin müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı vermədən çıxarılmasına və ya kütləvi bildirişinə yol verilmir. Bu da öz növbəsində Azərbaycanı təbliğ edən bir sıra fotoların "Vikipediya"da yerləşdirilməsini mümkünsüz edir. Nəticədə şəhərlərimizin yenilənmiş görkəminin "Vikipediya" vasitəsilə dünyaya tanıdılması, müasir tikililərin, eləcə də, heykəl və digər bu kimi abidələrin fotolarının "Vikipediya"da sərbəst yayılması məhz Azərbaycan qanunvericiliyinə istinad edilərək məhdudlaşdırılır.

- Bəs bu sahədə başqa ölkələrdə vəziyyət necədir?

- Əslində, bu məhdudiyyət bütün keçmiş sovet respublikalarının müvafiq qanunvericilik aktlarında öz əksini tapsa da, onlardan bəziləri artıq informasiya məkanında öz ölkələrinin mövqeyini möhkəmləndirmək məqsədilə həmin qanuna dəyişiklik edərək, öz ölkələrinin ictimai yerlərindəki memarlıq və incəsənət nümunələrinin fotoşəkillərinin azad, yəni müəllif qonorarı ödəmədən istifadə edilməsinə icazə veriblər. Belə ki, 2010-cu ilin iyulunda Moldova, 2013-cü ilin mart ayında Ermənistan Respublikası və 2014-cü ilin oktyabrında Rusiya Federasiyası öz ölkələri ilə bağlı problemi aradan qaldırmaq üçün müvafiq qanunvericilik aktlarında dəyişiklik ediblər. Türkiyə qanunvericiliyində də belə bir məhdudiyyət yoxdur.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan dilində məqalə sayının artımına müəyyən mənada maneə yaradan amillərdən biri də Azərbaycan Milli Ensiklopediyası və Azərbaycan Sovet Ensiklopediyası müəllif hüquqlarının obyekti hesab edilməsidir. Bu səbəbdən onlardakı məqalələrin "Vikipediya"ya kopyalanması qadağandır və biz də "Vikipediya"da ölkəmizin qanunlarına riayət etməyə çalışırıq. Əgər bu ensiklopedik nəşrlər müəllif hüququ obyekti olmaqdan çıxarılarsa, yaxud onların müəllif hüquqlarını əlində saxlayan qurumlar bu hüquqlardan imtina edərlərsə, o zaman bu ensiklopediyalardakı on minlərlə məqalənin rəqəmsallaşdırılaraq "Vikipediya"ya yerləşdirilməsi mümkün olar. Belə bir imtina 2011-ci ildə Qazaxıstanda reallaşdırılıb və “Qazax Ensiklopediyası”ndakı 50 minə yaxın məqalə "Vikipediya"ya yüklənib.

- Bu məsələlərin həlli üçün hansısa bir təşəbbüs göstərmisinizmi?

- Qeyd etmək istərdim ki, biz bu il “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin yaradılmasına nail olmuşuq. Bu ilin sonuna kimi birliyin adından Azərbaycan Respublikasının Milli Məclisinə, Müəllif Hüquqları Agentliyinə və Mədəniyyət və Turizm Nazirliyinə müvafiq müraciətlər olunacaqdır. Ümid edirik ki, Azərbaycanı dünyanın ən populyar 5 saytından biri olan "Vikipediya"da təbliğ etmək üçün mövcud problemin aradan qaldırılmasında bu qurumlar öz dəstəklərini verəcəklər.

- “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi Vikimedia Fondunun ölkəmizdə rəsmi təmsilçisi hesab olunurmu?

- 2014-cü ildə, yəni İctimai Birliyin təsis edilməsindən 3 il əvvəl bizim aktiv vikipediyaçılarla birlikdə yaratdığımız “Azərbaycan vikimediaçıları istifadəçi qrupu” Vikimedia Fondunun daxili prosedurlarına uyğun olaraq tanınmışdı və bu tanınma hazırda da qüvvədədir. Yeni təsis etdiyimiz İctimai Birliyin də tanınması istiqamətində ciddi çalışırıq. Ümid edirik ki, qısa zamanda təşkilatımız rəsmi təmsilçi statusunu alacaqdır.

- Birliyin yaradılmasının azərbaycandilli "Vikipediya"ya ciddi təsiri olacaqmı?

- Əlbəttə. Birliyin yaradılması Azərbaycan vikicəmiyyətinin təşkilatlanma mərhələsi hesab olunur. Artıq “Azərbaycan Vikimedia Könüllüləri” ictimai birliyinin təşkilatçılığı ilə cari ilin 12-13 avqust tarixlərində Qax rayonunda “Vikipediyaçıların Yay Düşərgəsi” keçirildi. Yay düşərgəsi ölkəmizdə vikipediyaçıların bu istiqamətdə ilk böyük tədbiri idi. Tədbir yaxşı səmərə verdiyi üçün qış düşərgəsinin keçirilməsi barədə də düşünürük.

Bu il 21 mart – 31 may tarixlərində Mərkəzi və Şərqi Avropa dillərindəki "Vikipediya"larda paralel olaraq keçirilən “Vikibahar-2017” məqalə müsabiqəsində Azərbaycan barədə öz dilində ən çox məqalə yaradan vikipediyaçılara hədiyyələr söz vermişdik və bu yaxınlarda 8 ölkədən, o cümlədən, Belarus, Bolqarıstan, Gürcüstan, Polşa, Rusiya, Serbiya, Türkiyə və Ukraynadan olan vikipediyaçılara Azərbaycan şirniyyatları və Azərbaycan çayı göndərdik.

Bundan əlavə, istifadəçi qrupumuz yarandığı ilk günlərdən az-vikidə hər ay müxtəlif mövzularda məqalə müsabiqələri keçirir və qalibləri mükafatlandırır. Hazırda da bu fəaliyyət davam etməkdədir.

- Gənclərin "Vikipediya"da fəaliyyətinə stimul yaratmaq üçün nə etmək lazımdır?

- İlk növbədə ölkəmizdə Vikimedia hərəkatı kütləviləşdirilməlidir. Bu məsələdə isə ən böyük iş kütləvi informasiya vasitələrinin üzərinə düşür. Bu yerdə "Vikipediya"nın müsbət tərəflərinin, faydalarının təbliği, önə çıxarılması çox vacibdir. Gərək gənclərdə "Vikipediya"dakı məlumatların həmişə yanlış olması təəssüratı formalaşmasın. Əks təqdirdə onların "Vikipediya"ya töhfə vermək istəyini də məhdudlaşdırmış oluruq. Milli maraq və mənafe baxımından "Vikipediya"nı daim aktual və gündəmdə saxlamaq lazımdır. "Vikipediya"da təşkil olunan məqalə müsabiqələri barədə xəbərlər, xarici dil bölmələrində ölkəmiz haqqında yer almış həm müsbət, həm də yanlış informasiyalar işıqlandırılmalıdır. Bəzən bizə dezinformasiya kimi görünən məqalələr, əslində, məqaləni yazan şəxsin Azərbaycanın mövqeyini əks etdirən etibarlı və bitərəf mənbə tapa bilməməsinin nəticəsidir. Belə məqalələrin redaktə olunması üçün mənbələrin tapılmasında və "Vikipediya"da qarşı mövqedə olan istifadəçilərlə müzakirələrdə iştirak etmək üçün təkmil xarici dil biliklərinə malik insanların cəlb olunmasında bu tipli xəbərlərin yayımlanması böyük önəm kəsb edir.

- Ali təhsil müəssisələri "Vikipediya"ya nə cür töhfə verə bilərlər? Nəzərə alsaq ki, oxumaq, yazmaq və araşdırma aparmaq üçün ən potensial qüvvə bu müəssisələrdədir.

- Nümunə üçün deyim ki, rusdilli "Vikipediya"nın lokomotivləri müəllimlər və tələbələrdir. Məhz bu intellektual qüvvə hesabına rus bölməsi daim təkmilləşməkdədir. Mən bir məqama da diqqət çəkmək istərdim. Çox yaxşı olardı ki, ali təhsil müəssisələrində kurs və diplom işlərinin mövzuları daha çox milli məsələlərə həsr olunsun. Eyni zamanda, intellektual təfəkkürün və ciddi araşdırmaların məhsulu olan bu materiallar bir müddət sonra məhv edilmək üçün universitetlərin arxivlərinə deyil, ensiklopedik formata salınmaqla "Vikipediya"ya yerləşdirilsin. Gələcək nəsillər də bu materiallardan yararlansın, azərbaycandilli "Vikipediya" da daim təkmilləşsin. Bu məsələ vətəndaş borcuna, müəllim məsuliyyətinə, tələbə öhdəliyinə çevrilsin.

www.oxu.az

Digər İKT xəbərləri