12 
Okt
2017
12:55
9
51
2834
Virtual karabakh

Nazirliklərin "like" reytinqi - "Facebook"da kim məşhurdur?

12 Okt, 2017
12:55
2834

Nazirliklərin "like" reytinqi - "Facebook"da kim məşhurdur?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə ildir ki, sosial medianın həyatımıza tam nüfuz etməsi ilə informasiya almaq və yaxud ötürmək kimi anlayışlar həm dövlət qurumları, həm jurnalistlər, həm də sadə vətəndaşlar üçün xeyli asanlaşıb.

Bu tendensiya dünya təcrübəsində artıq formalaşsa da, ölkəmizdə hələ yeni-yeni öz effektini verməyə başlayır.

Artıq rəsmi dövlət qurumları informasiyaları sayt və yaxud mətbuat xidməti vasitəsilə yox, sosial şəbəkələrdən  yaymağa üstünlük verir. Son aylarda sosial şəbəkələrdə fəaliyyətini gücləndirən dövlət qurumları arasında nazirliklərin səhifələrini xüsusi qeyd etmək olar.

Oxu.Az xəbər verir ki, Qafqazinfo nazirlik səhifələrinin sosial şəbəkələrdəki bu imkanlardan nə dərəcə yararlandığını araşdırmağa çalışıb. Məlum olub ki, rəsmi qurumlardan cəmi ikisi "Facebook"da rəsmi qeydiyyatdan keçib. Səhifələrdə müntəzəm olaraq gündəlik məlumatlar paylaşılsa da, aktivlik çox aşağıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Hazırda sosial şəbəkələrdə aktiv fəaliyyət göstərən dövlət qurumlarından biri olan bu nazirliyin səhifəsini 12 mindən çox adam izləyir. Səhifədə gündəmə və görülən işlərə uyğun olaraq paylaşımlar edilir. Daimi olaraq maraqlı məlumatlar paylaşılır. 

Səhifə izləyicilərinin sayı çox olmasa da, digər nazirlik səhifələrinə nisbətən aktivlik xeyli yüksəkdir. Belə ki, paylaşımlara təxminən 180 bəyənmə gəlir.

İqtisadiyyat Nazirliyi

Səhifəni təqribən 5 min şəxs bəyənib. İstifadəçilərə görülmüş işlərlə bağlı gündəlik informasiya verilir. Ancaq səhifədə aktivlik çox aşağıdır. Xəbərlərə 20-30 bəyənmə gəlir.

Səhifədə yazılan mesajlara gün ərzində cavab verilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Nazirliyin səhifəsi 11 min 175 şəxs tərəfindən bəyənilib və gündəmə, görülən işlərə uyğun paylaşımlar edilir. Səhifədə paylaşımlara ortalama 60 bəyənmə gəlir.

Gənclər və İdman Nazirliyi

Dövrün tələblərinə uyğun olaraq, sosial şəbəkələrdə aktivlik nümayiş etdirməli olan bu nazirliyin "Facebook" səhifəsinə sonuncu xəbər 2015-ci ildə yerləşdirilib. I Avropa Oyunlarından sonra səhifədə hər hansı bir informasiya yer almayıb. 

Hazırda səhifənin 10 min izləyicisi var.

Təhsil Nazirliyi

Sosial şəbəkələrdə aktiv olan dövlət müəəssisələrindən biridir. 86 mindən çox izləyicisi olan səhifədə gündəlik vacib informasiyalar yerləşdirilir. Bununla yanaşı, sosial kampaniyalar və sosial çarxlar da yer alır. Səhifə paylaşımlarına ortalama 80 bəyənmə gəlir.

Səhifənin mesaj bölməsi birbaşa olaraq sayta bağlıdır və elektron məktublara 1 həftə ərzində cavab verlir.

Səhiyyə Nazirliyi

48 min izləyicisi olan səhifədə müntəzəm olaraq nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı informasiyalar yer alır. Ancaq hazırda səhifənin aktivliyi çox aşağıdır. Belə ki, paylaşımlara təxminən 8 bəyənmə gəlir.

Səhifədə mesajlara operativ cavab verilir.

Müdafiə Nazirliyi

Rəsmi qeydiyyatdan keçmiş iki nazirlik səhifəsindən biri olmaqla yanaşı, xəbərlər də gündəlik olaraq 3 dildə yayımlanır. Aprel hadisələrində yaradılaraq bir gün ərzində 100 min istifadəçi qazanan səhifənin hazırda 141 min izləyicisi var. 
Videolara 3 min, 5 min bəyənmə gəldiyi təqdirdə, gündəlik xəbərlərə ortalama 30 bəyənmə gəlir.

Kənd Təsərrüfatı Nazirliyi

Səhifəni 14 minə yaxın insan bəyənsə də, hazırda aktivliyi yüksək dövlət qurumlarındandır. Səhifədə gündəlik informasiyaların paylaşılması ilə yanaşı, istifadəçilərin sualları da müntəzəm olaraq cavablandırılır. Səhifə paylaşımlarına 100-ə qədər bəyənmə gəlir. 

Səhifəyə yazılan mesajlar isə bir neçə dəqiqə ərzində cavablandırılır. 

Vergilər Nazirliyi

Nazirliyin səhifəsi  44 min 500 şəxs tərəfindən bəyənilib. Gündəmə və görülən işlərə uyğun paylaşımlar edilir. İstifadəçilərin sualları müntəzəm olaraq cavablandırılsa da, səhifədə aktivlik xeyli aşağıdır. Belə ki, paylaşımlara ortalama 30 bəyənmə gəlir.

Xarici İşlər Nazirliyi

9 minə yaxın izləyicisi olan səhifə nazirlik tərəfindən rəsmi qeydiyyatdan keçirilib. Səhifənin aktivliyi yüksək olmasa da, keçirilmiş görüş və tədbirlərlə bağlı müntəzəm olaraq paylaşımlar edilir. İnformasiyalar həm Azərbaycan, həm də ingilis dilində təqdim olunur.

Mesajlara gün ərzində cavab verilir. 

Daxili İşlər Nazirliyi

9 minə yaxın izləyicisi olan səhifə, demək olar ki, son bir ayda aktiv fəaliyyətə başlayıb. Səhifədə xəbərlər  müntəzəm olaraq yerləşdirilsə də, səhifənin aktivliyi aşağıdır. Belə ki, paylaşımlara ortalama 20 bəyənmə gəlir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Nazirliyin səhifəsi 43 min 200 şəxs tərəfindən bəyənilib və gündəmə və görülən işlərə uyğun olaraq paylaşımlar edilir. Ancaq səhifədə aktivlik xeyli aşağıdır. Belə ki, paylaşımlara ortalama 25 bəyənmə gəlir.

Maliyyə Nazirliyi

7 min şəxsin bəyəndiyi nazirlik səhifəsində məlumatlar müntəzəm olaraq yerləşdirilir. Ancaq səhifədə aktivlik xeyli aşağıdır. Belə ki, paylaşımlara təxminən 30 bəyənmə gəlir.

Mədəniyyət və Turizm Nazirliyi 

17 min izləyicisi olan səhifənin adı birbaşa olaraq ingilis dilində təqdim olunsa da, informasiyalar, sadəcə, Azərbaycan dilində yerləşdirilir. Səhifədə müntəzəm olaraq tədbirlərlə bağlı məlumatlar paylaşılır və paylaşımlara ortalama 80 bəyənmə gəlir. 

Müqayisə üçün qeyd edək ki, Gürcüstanın Turizm Nazirliyinin rəsmi səhifəsinin 420 min izləyicisi var. Səhifədə tanıtım çarxları və sosial layihələr reklam vasitəsilə təqdim olunur. 5 milyon baxış sayı olan videolar var. Bu rəqəm Azərbaycanda 2 mindən artıq deyil.

Ən az izləyicisi olan nazirliklər isə bunlardır:

Müdafiə Sənayesi Nazirliyi

Nazirliyin səhifəsinin 2 min izləyicisi var. Səhifədə məlumatlar müxtəlif aralıqlarla yerləşdirilir. Paylaşımlara isə ortalama 10 bəyənmə gəlir.

Fövqəladə Hallar Nazirliyi

Nazirlik səhifəsinin aktivliyi kafi olsa da, cəmi 1000 izləyicisi var. Səhifədə müntəzəm olaraq nazirlik tərəfindən keçirilən tədbirlələ bağlı informasiyalar yer alır.

Ədliyyə Nazirliyi

1100 nəfərin izlədiyi səhifədə ilk və son məlumat 2011-ci ildə paylaşılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri